İmperiyanı gömən 3 kişidən biri – qıtlıq zamanı Kravçuk ölkəmizə 50 min ton buğda göndərmişdi


 
Nə qəribədir, SSRİ adlanan rus imperiyasının tabutuna mismar çalan 3 adamdan ikisi bir həftənin içində vəfat etdi – Belarusun sabiq prezidenti Stanislav Şuşkeviç mayın 3-də, Ukraynanın ilk prezidenti Leonid Kravçuk mayın 10-da.
İkisi də uzun yaşadı. İkisi də 88 il. Biri 88-, o biri 88+. Kravçuk 1934-cü ilin yanvar ayında doğulmuşdu, Şuşkeviç eyni ilin dekabrında. Amma ikisi də mayda getdi.
Daha bir detal. Onların hər ikisi müstəqil etdikləri ölkələrinin başında cəmi 4 il olmuşdular. Hakimiyytdən dördəlli yapışmamışdılar və varidat toplamamışdılar. Sonra onları siyasi xələfləri əvəz etdi. Kuçma dövlət başında 10 il qaldı, Lukaşenko hələ də qalır.
444.jpg (47 KB)
Əvəzində bu tarixi şəxsiyyətlər Kremlin şaquli idarəçiliyindən xilas etdikləri dövlətlərinin 30 il ərzində müstəqil yaşadığını gördülər. Eyni zamanda çağdaşları və tale yoldaşları olan Yeltsinin siyasi xələfi Putinin o bədnam imperiyanı bu və ya digər ad altında bərpa etməyə çalışdığına şahidlik etdilər.
Dünyanın ərazicə ən böyük, hərbi qüdrətinə görə ikinci böyük dövlətini sarmış xaos dövründə, o təlatümlü illərdə Ukraynaya rəhbərlik edən Kravçuk ən yüksək vəzifəyə - Ukrayna parlamentinin sədri postuna xalqın iradəsi ilə gəlmişdi.
Atası Makar II dünya müharibəsində həlak olanda onun 12 yaşı olub. Atalıq yanında böyüyən Leonid əvvəlcə tecnikum, sonra universitet bitirib, əmək fəaliyyətinə başlayıb, kompartiya xətti ilə pillə-pillə irəliləyib, bir partiya funksioneri zirvəyə doğru hansı postlarda ola bilərsə, Kravçuk o postların hamısında çalışıb.
777.JPG (32 KB)
1980-ci ildə deputat mandatı qazanan Leonid Makaroviç 1990-cı ildə parlament sədri seçilib, 1991-ci ildə baş verən “avqust qiyamı”ndan sonra Sov.İKP-nin hakimiyyətini itirməsi nəticəsində o, ölkəsinin 1-ci rəsmi şəxsinə çevrilib. 1991-ci ilin dekabrında isə Kravçuk Yeltsin və Şuşkeviçlə birlikdə Belovej meşəsindəki iqamətgahda əsrin ən mühüm sənədlərindən birini - SSRİ-nin süqutu haqqında razılaşmanı imzalayıb.
8 il öncə biz bir qrup jurnalist Ukraynaya sırf “Dnepr”-“Qarabağ” matçını seyr etmək üçün yollananda bu ölkədə yaşayan soydaşlarımız Leonid Kravçukla görüşmək istəyib-istəmədiyimizi soruşdular. Razı olduğumuzu dedik. Görüşü yerli diaspor təşkilatlarından birinin sədri Ramiz Tağıyev və onun ağsaqqalı Furudin Mamedov təşkil etdilər. Onların ofisi Kravçukun ofisinin yaxınlığındaydı, bizim qaldığımız otel də o həndəvərdəydi. Firudin müəllim bizi Kravçukun ofisinə apardı. Heç demə, onlar 40 ilin dostuymuşlar, hələ sovet vaxtından isti münasibətləri varmış.
Без названия.jpg (7 KB)
Keçmiş prezident bizi çox xoş qarşıladı, sanki 100 ilin tanışlarıydıq. Bütün bu iltifat Firudin müəllimə görəydi. Müsahibə əsnasında məlum oldu ki, Kravçuk xalqımıza dərin hörmət bəsləyən adamdır və bunun tarixi lap köhnələrə gedir. O, hələ 1991-ci ildə bütün SSRİ-də taxıl qıtlığı olanda dostu Firudinin (o, Fedya deyirdi) xahişi ilə Azərbaycana 50 min ton buğda göndərdiyini, əlindən gələn köməklikləri etdiyini qürur duya-duya dilə gətirdi. Qarabağ münaqişəsində haqlı tərəfin Azərbaycan olduğunu “amma”sız, birmənalı şəkildə bildirdi.
Biz SSRİ-nin süqutuna dair imzalanan məşhur sənəddən də danışdıq. Rəhmətlik lakonik şəkildə izah etdi ki, o zaman başqa yol yox idi, ittifaq idarəolunmaz hala gəlmişdi, kompartiya nüfuzunu tam itirmişdi, müttəfiq respublikaların ən azı yarısında mərkəzdənqaçma prosesi güclənmişdi, müstəqillik tələb edən xalqları zorla, qan tökə-tökə bir arada saxlamağın mənası yox idi. “Ona görə də biz optimal yolu seçdik və SSRİ-ni tarixin arxivinə gömdük”, - dedi Leonid Kravçuk.
O, bu hərəkətinə görə qətiyyən peşman deyildi.
999.jpg (27 KB)
Ən ümdəsi odur ki, ölkəsində bu tarixi hərəkətinə görə onu qınayanlar yox idi. Əlbəttə, ruspərəstlər, Kremlə qahmar çıxanlar onun dalınca nəsə alıb-verə bilərdilər, amma Ukrayna xalqı Kravçuka dərin hörmət bəsləyirdi. Hətta ondan sonra dövlət başına gələn Kuçma da, Yuşşenko da, Poroşenko da, Zelenski də L.Kravçukun hörmətini saxlayır, onun məsləhətlərini dinləyir, əlamətdar günlərdə onunla görüşür, xətrini əziz tuturdular.
Biz görüşən zaman 80 yaşı olan Kravçuk çox gümrah və qıvraq görünürdü, hətta Firudin müəllim zarafatla dedi ki, Lyonya bu yaxınlarda ata olub.
1234.jpg (33 KB)
Kravçukun ölkəmizlə əlaqəsi davam edirdi. O, bizə bir neçə aydan sonra Azərbaycan dövlətinin rəhbərliyinin dəvəti ilə Bakıda keçirilən forumda iştirak etmək üçün ölkəmizə gələcəyini dedi və doğrudan da gəldi.
Xalqımızın böyük dostuna Allah rəhmət eləsin.
Bu gün nə Yeltsin, nə Şuşkeviç, nə də Kravçuk həyatda yoxdur. Amma onların 31 il öncə atdıqları tarixi addım azadlıqsevər xalqların yaddaşından silinməyəcək.
Без названия (2).jpg (6 KB)
Tarix: 12-05-2022, 09:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}