Dünya atom təhdidində: nüvə atəşi qərarı necə icra olunur? - detallar


 
Nüvə silahından istifadə təkcə Putinin qərarı ilə həll olunmur, bu, 10-dan çox instansiyanın razılığından sonra tətbiq edilir, bir nəfər belə razılıq verməsə, atəş açılması mümkün deyil; ekspertlərin fikrincə, prezident özü qərar qəbul edib nüvə düyməsini basmır, birgə qərar qəbul olunur
Rusiya Müdafiə Nazirliyinin 12-ci Baş İdarəsinə bağlı konvoyun həftəsonu ölkənin mərkəzindən Ukraynanın cəbhə xəttinə getdiyi görüntüləndikdən sonra Qərb dairələri Putinin nüvə təhdidinin ciddiləşməsinə dair həyəcanlı bəyanatlar verməyə başlayıblar.
“Yeni Müsavat”ın xəbərinə görə, bəzi hərbi mənbələr iddia edir ki, 12-ci Baş İdarəsinə bağlı konvoyu Ukrayna istiqamətinə məhz nüvə silah-sursatı daşıyıb. Ukraynalı müdafiə eksperti Konrad Muzik də buna dair açıqlama verib. Konvoyun bağlı olduğu 12-ci Baş İdarənin nüvə silahları ilə birbaşa əlaqəli olduğunu qeyd edən Muzik bildirib: “Bu hərbi karvan Rusiya Müdafiə Nazirliyinin 12-ci Baş İdarəsinə məxsusdur. Sözügedən idarə nüvə sursatları, onların saxlanması, daşınması və bölmələrə çatdırılmasına cavabdehdir”. Muzik iddia edib ki, Rusiya Prezidenti Vladimir Putin son vaxtlar etdiyi təhdiddən sonra nüvə silahları proqramı üçün avadanlıq daşıyan karvanı işə salaraq Qərbə siqnal göndərməyə çalışır.
Düzdür, ukraynalı ekspert görüntülərdə “atom bombası atılmasına hazırlıq” əlamətinin sezilmədiyini vurğulayıb, amma bunun ardınca NATO üzv ölkələrə Rusiyanın Ukrayna ilə sərhəddə nüvə sınağı keçirə biləcəyi barədə xəbərdarlıq edib. Bu, kifayət qədər ciddi narahatlıq doğurur. “The Times” nəşri isə məlumat yayıb ki, Rusiya hakimiyyəti kütləvi qırğın silahlarından istifadə etməyə hazır olduğunu nümayiş etdirmək istəyir. Nəşr müdafiə sahəsində yüksək vəzifəli mənbəyə istinad edib. Həmin mənbənin sözlərinə görə, NATO sınaqların Qara dənizdə keçirilə biləcəyini ehtimal edir. “Taktiki nüvə silahlarının birbaşa Ukraynada istifadəsi Rusiyanın özü üçün risklərlə doludur, çünki Rusiya şəhərləri bundan əziyyət çəkə bilər”, - yazıda qeyd olunur.
NATO Rusiyanı nüvə silahından istifadə edəcəyi təqdirdə ciddi nəticələrlə hədələyib. Alyansda xüsusən də Rusiyanın xüsusi təyinatlı nüvə sualtı qayığı “Belqorod”un hərəkətindən narahatdırlar. Putinin generalları nüvə silahından kritik anda istifadə edə biləcəklərini bir neçə dəfə bəyan ediblər. Bütün hallarda hazırda dünyada belə bir təhlükə, təlaş, gözlənti yaşanır. Bəşəriyyətə faciələr vəd edən bu prosesin qarşısını almaq üçün isə konkret mexanizmlər də mövcud deyil. Bununla belə, hərbi ekspertlər deyir ki, nüvə silahından istifadə təkcə Putinin qərarı ilə həll olunmur, bu, 10-dan çox instansiyanın razılığından sonra tətbiq oluna bilər. Bir nəfər belə razılıq verməsə, nüvə silahından atəş açılması mümkün olmur. Bu iddia da var ki, Qərbin Rusiyada nüvə silahına razılıq verməli olan şəxslər sırasında  sonadək imtina qərarının üzərində dura biləcəyinə söz verən gizli tərəfdaşı, “verbovka” etdiyi adamı var. O zaman nüvə silahından istifadəyə konkret kimlər qərar, razılıq verməlidir?
Yeri gəlmişkən, ABŞ-ın “nüvə çantası” ilə Rusiyanın “nüvə çamadanı”nın işləmə prinsipi təxminən eyni olsa da, arada müəyyən fərqlər var. Məsələn, “Nuclear Football”ın içərisində xüsusi qıfılla bağlanmış titan yeşik gizlədilib. Həmin yeşik bundan ötrü nəzərdə tutulmuş səlahiyyətverici plastik kartla açılır. Onu başqa üsulla açmaq mümkün deyil. Bundan başqa, Amerika “nüvə çantası”nda qurğulardan istifadə qaydasını nəzərdə tutan 30 səhifəlik təlimat yerləşir. Deyilənlərə görə, ABŞ-da törədilən 11 sentyabr terroru zamanı o vaxtkı prezident Corc Buş “nüvə çantası”nı açıb ilk dəfə oradakı təlimatla tanış olub...

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın sözlərinə görə, nəzəriyyədə çanta prezidentdə olur, özündə saxlayır, şifrəni də dövlət başçısı bilir: “Bu baxımdan, nüvə hücumu başlamaq qərarının prezidentdə olduğunu söyləmək olar. Amma heç də özbaşına qərar vermir. Prezidentə vəziyyət məruzə olunur, həyəcan siqnalı verilir, ondan sonra qərar qəbul olunur”.

Hərbi ekspert Ramil Məmmədli isə qeyd etdi ki, dövlətlərin təhlükəsizliyinin təmin olunması ilə bağlı meydana çıxan problemlərin həlli təkcə prezidentlərin səlahiyyətində deyil. Onun fikrincə, güc strukturlarının rəhbər şəxsləri də bəzən qərar vermək ixtiyarına malikdirlər: “Misal üçün deyirlər ki, nüvə silahının düyməsi prezidentlərdə olur, amma elə fors-major vəziyyət yarana bilər, müdafiə naziri, təhlükəsizlik şurasının katibi burada tərəfə çevrilər. Bundan başqa, əgər ölkə başçısı yoxdursa, onu əvəz edən şəxs fors-major vəziyyətdə qərar verə biləcək şəxsdir. Bu da ya müdafiə naziri, ya da təhlükəsizlik  şurasının katibi ola bilər. Yəni söhbət ondan gedir ki, bəzən bu səviyyədə də qərarların verilməsi mümkündür. Ancaq prezident özü qərar qəbul edib nüvə düyməsini basmır, birgə qərar qəbul olunur, daha sonra addım atılır”.

Deputat Asim Mollazadə isə bildirdi ki, nüvə silahları varsa, deməli, belə bir risk hər zaman mövcuddur. A.Mollazadənin sözlərinə görə, dünyada belə təhlükələr dəfələrlə olub. “İstisna etmirəm ki, bu təhlükə indi də var. Lakin bunun qarşısı alınmalıdır. Hesab edirəm ki, ən gözəl yol nüvə silahından istifadə qadağası qoyulması olardı. Bu, nüvə silahına malik olan bütün ölkələrə şamil edilməlidir. Bütün ölkələr razılığa gəlməlidirlər, çünki nüvə bombası bəşəriyyət üçün təhdiddir. Ona görə də istər Ukrayna cəbhəsinə konvoyun getməsi, istər "Belqorad" nüvə sualtı qayığı kimi faktlar göstərir ki, bu təhlükələrin qarşısı alınmalıdır", - deyə deputat fikirlərini bölüşdü.
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ başda olmaqla, bir sıra Qərb ölkələri vətəndaşlarına təcili Rusiyanı tərk etməyi məsləhət görüb: “Bunu belə izah ediblər ki, ikili vətəndaşlığı olan şəxsləri də müharibəyə göndərə bilərlər. Ancaq məncə, başqa səbəb də var - Kreml Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edə biləcəyini bəyan edib. Bu, ağlasığmaz olsa da, Kreml istənilən təxribata baş vura bilər. Kreml Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edərsə, bu cavabsız qalmayacaq. Ona görə də Qərb ölkələri vətəndaşlarını təcili Rusiyanı tərk etməyə çağırırlar. Rusiyanı tərk edən gənclər bunu səfərbərlikdən yayınmaqla əlaqələndirsələr də, onların beyinlərdə nüvə müharibəsi qorxusu da var”.
E.Şahinoğlu hesab edir ki, Britaniyanın “MI-6" kəşfiyyat xidmətinin məlumatına görə, Rusiya Ukrayna ərazisini taktiki nüvə silahı ilə vuracaq məkanları müəyyənləşdirib: "Plan hazırdır. Ukrayna Prezidenti Volodimir Zelenskinin Kremlin bu planı haqqında məlumatı var. ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hodces bildirib ki, əgər Rusiya taktiki nüvə silahı işlətsə, ABŞ Qara dəniz donanmasını tamamilə məhv edəcək. Bu isə nüvə müharibəsinə yol açacaq".

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin fikrincə, artıq heç bir məsələdə “qırmızı xətlər” qalmayıb, hətta “soyuq müharibə” zamanı belə kritik enerji infrastrukturları, kommunikasiya xətləri toxunulmaz idi: “Rusiyanın Ukraynaya təcavüzü və apardığı işğalçı müharibə zamanı belə hər iki tərəf Ukraynadan keçən kommunikasiya xətlərinə ziyan vuracaq addımlardan çəkinirdilər. Amma Rusiya Zaporojye AES-i işğal edib atom təhdidi yaradan gündən bu "qırmızı xətlər" silinməyə başladı. Baltik dənizində "Şimal Axını-1" və "Şimal Axını-2" boru kəmərlərinin partladılması dünyada yeni, çox təhlükəli, heç bir tabu tanımaz şərait yaradır. Partlayışın kimlər, hansı ölkə tərəfindən törədilməsindən asılı olmayaraq bu çox təhlükəli presedentdir. Əgər dünyada indi həm də “infrastruktur müharibələri” başlasa, xaotik durumda olan vəziyyət daha da mürəkkəbləşəcək, “kovidlə” mübarizənin axmaqcasına aparılmasından başlayan iqtisadi böhran daha da dərinləşəcək". N.Cəfərliyə görə, hər bir ölkə başının çarəsinə özü qalmalıdır: “Azərbaycan öz həyati əhəmiyyətli infrastruktur və kommunikasiya xətlərinin daha da ciddi qorunması məsələsini həll etməli, bunun üçün Türkiyə, Britaniya və İsraillə hava məkanımızın tamamilə xarici müdaxilələrə bağlanması, yerüstü təhlükəsizlik tədbirlərinin artırılması ilə bağlı qərarlar alınmalıdır”.
Emil SALAMOĞLU
Tarix: 6-10-2022, 10:06
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}