Burkina Fasoya məhəbbətlə


Acımasız, ikiüzlü, çoxlu standartları olan dünyada yaşayırıq. Burada hansısa Avropa ölkəsində kral nəvələrini danlayanda xəbərə çevrilir. Lakin eşşək boyda Afrika ölkəsi Burkina-Faso-da neçə gündür dövlət çevrilişi olubdur, heç kimin vecinə deyildir.
Mənim yaxşı yadımdadır, biz uşaq olanda, haradasa 1980-ci illərin ilk yarısında Burkina Faso-nun adı Yuxarı Volta idi. Sonra yerli moore xalqının dilində “vicdanlı adamların ölkəsi” mənasını verən Burkina Faso sözlərini dövlətin adı qoymuşlar. Ölkənin paytaxtının da gözəl adı vardır: Uaqaduqu. Bunun mənası isə “İnsanların şərəf və şöhrətə çatdığı yer” deməkdir.
Ümumiyyətlə, Afrikada belə mənalı adları çox sevirlər. Məsələn, Konqo adı ilə iki dövlət var, biri Xalq Demokratik Respublikasıdır. Təbii ki, orada nə xalqdan əsər var, nə demokratiyadan əlamət. Elə həmin Konqonu uzun illər, haradasa 40 ilə yaxın fırladan diktator “Mobutu Sese Seko Kuku Nqbendu va za Banqa” vardı, bu adın açması belə idi: “Öz dözümü və əyilməzliyi ilə qalib gələn, xalqı qələbədən qələbəyə aparan, arxasında yalnız alovlu izlər buraxan qüdrətli döyüşçü”.
İndi, 30 sentyabrda Burkina Faso silahlı qüvvələrinin kapitanı İbrahim Traore hərbi çevriliş edib, dövlət başçısı Damibanı yıxmışdır. Lakin polkovnik Damiba da bu ilin yanvarın 22-də hərbi çevriliş yolu ilə hakimiyyətə gəlmişdi. 2021-ci ildə də, deyəsən, orada iki dəfə hərbi çevriliş olmuşdu.
Gördüyümüz kimi, əslində çox macəralı, maraqlı yerdir. Hər kvartalda bir hərbçi başına əsgərləri toplayır, gəlir prezident aparatını tutur. Adətən Burkina Fasoda hərbi çevrilişlər qansız-qadasız baş verir. Mən əsas da buna görə ora xüsusi azarkeşlik eləyirəm. Nahaq qan tökmək, xalqın balalarını (indiki halda moore xalqının balaları) qırğına vermək nəyə lazımdır? Bu gün sən kapitan prezident ol, sabah mən mayor, o biri gün gizir filankəs...
Düzdür, bu minvalla dövlətin hörməti bir az aşağı düşür, itin-qurdun qəzetində, Avropada-zadda sənə “banan dövləti” deyirlər, ancaq cəhənnəmə desinlər. Lap yaxşı. Banan bitən yerə ayrı nə ad qoymaq olar? Həm də reklamdır. Ən pisi o olar ki, sənin respublikana “badımcan respublikası” deyələr, bostanda isə Allahın quru noxudu da bitməyə. Kənd təsərrüfatı vacibdir. Biz bunu Ukrayna davasında gördük. Neçə ay limanlar bağlı qaldı deyə bütün dünya “əppək” deyə ağlaşdı, makaronu çörəklə yeyən biz azərbaycanlılar belə məcbur olduq qara kürü ilə antrikota keçək, çörəyi azaldaq.
Hərbi çevrilişlərin iqtisadiyyata başqa xeyirləri də var. Məsələn, mənasız yerə prezident, parlament, bələdiyyə seçkiləri qayırmırlar. Divara şəkil vur, televizorda çıxış elə, debat belə getdi, səbət dalından gilas töküldü, nə bilim, barmağına ultrabənövşəyi mürəkkəb yax, seçki qamissiyasının sədri Bənövşə məllimənin döşünə protokol buketi tax... Çox məzmunsuz, primitiv addımlardır. Xalqı parçalayır, vəhdətə mane olur, bir də baxırsan vicdansız adamların ölkəsinə dönmüsən, paytaxtda isə nəinki şərəfə-şöhrətə, heç avtobusa çatmaq olmur, dalınca qaçsan belə.
Maraqlıdır ki, Burkina Fasoda indiki çevrilişi edən İbrahim müəllimin Rusiyanın adamı olmağı deyilir, devirdiyi polkovnik isə Fransanın adamı imiş. Bir az bu cür müdaxilələr dövlət müstəqilliyinə xələl gətirən şeylərdir. Gərək xarici dövlətlər Burkina Fasonun suverenliyinə qarışmasın. Seçkiləri... üzr istəyirəm, çevrilişləri xalq özü, müstəqil şəkildə eləsin. 
Tarix: 7-10-2022, 10:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}