AMERİKA AVTOMOBİLLƏR ÖLKƏSİ


Amerika Birləşmiş Ştatlarını avtomobillərsiz təsəvvür etmək mümkün deyildir. Avtomobil Amerikada təkcə nəqliyyat vasitəsi deyildir, avtomobil Amerikanın ayrılmaz həyat tərzidir.
ABŞ dünyanın ən uzun və geniş şaxəli yol şəbəkəsinə malikdir. Ölkənin yol şəbəkəsinin ümumi uzunluğu 6,6 milyon kilometrdən artıqdır. Onun təxminən 4,3 milyon kilometri asfaltlanmış yollardan, o cümlədən 76,5 min km sürətli avtobanlardan, və 2,2 milyon kilometri asfaltsız yollardan ibarətdir.
Nəqliyyatda roluna və əhəmiyyətinə görə ölkənin avtomobil yollarını dəmir yolları ilə müqayisə etmək istəsək, o zaman cəmi 160,141 mil (257,722 km) uzunluğu olan dəmir yolu şəbəkəsi çox zəif görünərdi.
Milli Nəqliyyat Statistikası Agentliyinin məlumatlarına görə 2022-ci ilə qədər ABŞ avtomobil təsərrüfatında 276 milyondan çox avtomobil qeydiyyatdan keçmişdi. Bu rəqəmə minik avtomobilləri, motosikletlər, yük maşınları, avtobuslar və digər nəqliyyat vasitələri daxildir.
Avtomobilin ölkənin iqtisadi mənzərəsindəki əhəmiyyəti kifayət qədər yüksəkdir. 2020-ci ildə ümumi daxili yük daşımalarının 77,4 faizini avtomobil yükdaşımaları təşkil etmişdi. İkinci yerdə dəmir yolu və daxili su yolu nəqliyyatı ilə yük daşımaları idi, onlar müvafiq olaraq 16,8 faiz və 5,8 faiz yer tuturdu.
ABŞ nəqliyyat və anbar sektorunda 6,1 milyon işçi çalışır. Bununla belə, 2022-ci ildə ölkənin nəqliyyat sənayesində 80 min nəfər yük maşınları sürücülərinə yenə də ehtiyac var idi.
Avtomobil nəqliyyatı şirkətlərə və sürücülərə kifayət qədər yüksək gəlirlər gətirən iqtisadiyyat sahəsidir. Belə ki, yükdaşımaları ilə məşqul olan sürücülərin illik gəlirləri 150 min – 300 min dollar arasında və daha çox olur, onların həyat səviyyəsinə (rifahına) post sovet ölkələrinin müəllimləri, alimləri, dövlət məmurları belə qibtə edə bilərdi. Biz tərəflərdə şoferlik edən soydaşlarımızın gəlirləri və həyat tərzi isə Amerikalı həmkarları ilə müqayisə oluna bilməyəcək dərəcədə kasatdır.
Amerikanın avtomobilləri və avtomobil yolları haqqında hələ Sovet İttifaqı dövründə tələbə ikən, 1970-ci illərin ikinci yarısında açıq və qadağan olunmuş mənbələrdən oxuyub həzz alardım. O zaman çox populyar qəzet olan “Komsomolskaya Pravda”da ABŞ müxbirləri Peskov və Strelnikovun “DOROQA” (yol) başlıqlı silsilə yazıları gedirdi. Müxbirlər Şərqdən Qərbə səyahət zamanı Amerika yolları haqqında təəssüratları ilə bölüşürdülər. O zaman qapalı bir dövlətdə belə maraqlı və bəzən də qeyri-adi görünən xəbərləri oxuyarkən mövcud sovet gerçəkliyinə ancaq heyifsilənmək qalırdı.
2000-2008-ci illərin iqtisadi və maliyyə böhranı ABŞ avtomobil sənayesindən və avtomobil yollarından yan keçmədi. Konservativ markalı nəhəng Amerikan avtomobilləri Yaponiya və Almaniya avtomobilləri ilə rəqabətə davam gətirmirdi. Yeni nəsl avtomobillərə və yolların yenidən qurulmasına, təmirinə, genişlənməsinə və yüksək texnologiyalar vasitəsi ilə idarə olunmasına böyük tələbat var idi.
Prezident Barak Obama ölkənin avtomobil sənayesinin xilaskarı oldu. Onun ABŞ və dünya avtomobil istehsalı nəhəngləri olan “General Motors” və “Chrysler” şirkətlərinə yeni nəsil avtomobillər istehsalı üçün 17.4 milyard dollarlıq yardım paketi ayırması ABŞ avtomobil sənayesini çökməkdən xilas etdi.
Vaxtı ilə dünyanın heyranedici yollarından olan Amerika yollarının yenidən öz keçmiş şöhrətini bərpa etməsi Co Baydenin prezidentliyinə qədər gözləməli oldu. 2021-ci ilin Noyabrında Prezident Bayden bipartizan (Demokratların və Respublikaçıların birgə qəbul etdiyi) qanunu imzalamaqla ölkənin yollarının və nəqliyyat infrastrukturunun bərpası və inkişafı üçün 1 trillion dollarlıq proqramı təsdiq etdi. İndi Amerikada əsil yol bumu yaşanır.
ABŞ yolları və avtomobilləri barədə yazmaqla bitməz. Amma, burada insana münasibətlə bağlı bir incə məqamı qeyd etmək Azərbaycanlı oxucum üçün maraqlı olardı. Amerikada həyatın təsirli bir hissəsi yollarda keçir. 350 milyon əhalisi olan ABŞ-da yollara nəzarət edən polislərin və çox müasir polis maşınlarının sayı Azərbaycandan müqayisə olunmayacaq dərəcədə çoxdur. Amma, Amerikada polis maşınlarının təzyiq edici şəkildə şəhər və ştatların yollarında dolaşması, polislərin xoşlarına gəlməyən maşını saxlayıb sürücünü səbəbsiz şübhəli (müəmmalı) sorğu-suala tutması mümükün və təsəvvür edilə bilən bir hal deyildir. Çünki, Amerika insanın azad nəfəs alması üçün qurulmuş bir ölkədir. Amerika polis ölkəsi deyildir.
Qısaca, bu qədər.
Qüdrət Qulu
Vashington. ABŞ.
Tarix: 5-12-2022, 10:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}