Depressiv köşə


Qətərdə futbol üzrə dünya çempionatı şıdırğı sürətlə getməkdədir və arada-bərədə stadion videolarına baxanda qəribə mənzərə görmək olur: yerlər boşdur. Bu necə dünya çempionatıdır ki, ora adam yığmaq çətindir?
Hərçənd maraqlananda qəribə nəticələr əldə edirsən. Məsələn, Qətərin əhalisi 2 milyon 800 min nəfərə yaxındır və bunun cəmi 800 mini qadındır. Təəccüblüdür, elə deyilmi? Bizim kimi UZİ soyqırımının populyar olduğu ərazilərdə qadınların, qız uşaqlarının sayı bu dərəcədə aşağı düşməyibdir. Ancaq bunun qəribə izahı var: Qətər əhalisinin 88 faizi miqrantlardan ibarətdir. Hindistanlılar, pakistanlılar, afrikalılar və sairə. Miqrantların böyük hissəsi kişi olduğu üçün elə mənzərə yaranmışdır.
Gəlib orada çalışırlar, evlərinə, ailələrinə bir tikə çörək pulu göndərməyə cəhd edirlər. Maaşları da əslində çox azdır. Dünya çempionatı üçün stadionlar tikən şirkətin zənci fəhləsinin müsahibəsinə qulaq asmışdım. Deyirdi 400 dollar maaş alır. Barakda, yüzlərlə fəhlə ilə birgə, ağır şəraitdə yaşayır. İstirahət demədən çalışır. Hətta internetdə tapdığı qızla görüşə getməyə icazə vermirlər. Vətənində isə elə zənn edirlər adam burada kef eləyir. Əslində eyni yanlış təəssürat bizdən Rusiyaya, Türkiyəyə, Avropaya gedən miqrant fəhlələr haqda da var, ancaq bu başqa temadır.
Oyunlar zamanı stadionlarda boş yerləri Qətərin şeyxləri inkar edir. Bir gün bunun gülməli nəticəsi ortaya çıxmışdı. Hansısa jurnalistin tənqidi yazısına şeyxlər təkzib vermiş, oyunu 47 min nəfərin izlədiyini açıqlamışdılar. Lakin sonradan o stadionda yerlərin sayının 41 mini keçmədiyi bilinmişdi. Elə bil Məzahir müəllimi - bizim MSK-nın şanlı müdirini Qətərdə bilet satışı üzrə görəvli təyin ediblər, o da “çötkə”sini işə salıb, tamaşaçı sayında qan eləyib.
Görəsən, bizim, bu müsəlman aləminin hamısı niyə bu kökdədir? Yalan danışmağa meylimiz haradandır? Hələ bu Qətər əslində tam müsəlman ərazisi də deyil, bir növ varlı Qərbin səhrada özü üçün yaratdığı maliyyə-qaz-media oazisidir. Qaz balonu üstündə oyuncaq dövlətdir.
Bugünlərdə Aran rayonlarımızdan birində 4 nəfərlik ailəni qanına qəltan ediblər. Kütləvi soyqırımın səbəbi o qədər qeyri-ciddidir ki, heç burada yazmağa əlim gəlmir. Filan ildə bunlar bizim torpağa kəc baxıb, behman ildə biz onları yabalamaq istədik, alınmadı və sairə.
Əhvalatı eşidəndə yadıma düşdü ki, haradasa 10 il qabaq o rayonda oxşar kütləvi qətliam olmuşdu. Qətli törədən müəllim idi, yaddaşım məni aldatmırsa, 6, ya da 8 nəfəri öldürmüşdü. Niyə belə olur, insanlar niyə vəhşiləşir? İdman salonuna bıçaq aparan uşaqları kim yetişdirir? Hüquq-mühafizə orqanlarında yeniyetmələrlə iş üzrə inspektorlar gündə neçə milçək tutur? İcra hakimlərinin eyni funksiyalı müavin, müşavir, məsləhətçi və məşvərətçi kimi bir sürü köməkçiləri hara baxırlar?
Ancaq çox sevdiyim “Son həddə” filmində (orijinal adı “The Edge”, 1997-ci il, rejissor Li Tamaxori, baş rollarda Entoni Hopkins və Alek Bolduin) deyilən kimi: “Meşədə azanlar əsasən qüssədən ölürlər”. O bölgədən vaxtaşırı yolum düşür və Azərbaycanın əksər bölgələri kimi oranı da depressiv durumda görürəm. Adamlarda gələcəyə heç bir ümid qalmayıb. Onlar nə üçün yaşadıqlarını, niyə yaşadıqlarını bilmirlər. O üzdən, xəbərlərdə rayonun adı bu cür keçir: “Qayçı ilə öldürdü”, “Daşla vurub qonşusunu öldürdü”, “Ata oğlunu, kürəkən arvadını və qayınatasını, şagird müəllimi, müəllim direktoru, icra nümayəndəsi kəndlini öldürdü” və sairə və ilaxır. Bircə o qalıb becərdikləri pambıqla baş kəssinlər.
Halbuki orada heç meşə də yoxdur. Bəs niyə insanlar azırlar?
Tarix: 6-12-2022, 10:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}