Yerevan Bakıya şərt yox, təklif irəli sürdüyünü deyir

Ceyhun Bayramov Yerevanın delimitasiyanın başlanması üçün irəli sürdüyü ön şərtlərin Bakı üçün qeyri-məqbul olduğunu bildirib
Ermənistan bildirib ki, Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası üzrə diplomatik vasitələrlə işi davam etdirəcək.
Bundan əvvəl Yerevan delimitasiya və demarkasiya üzrə birgə komissiyanın yaradılması üçün Azərbaycana yeni təkliflər verdiyini bildirmişdi.
Yanvarın 20-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun “əgər birdən Bakı bu təklifləri qəbul etməzsə” sualına cavab verərkən deyib ki, Yerevan bu istiqamətdə diplomatik səylərini davam etdirəcək.
Qriqoryan əlavə edib ki, Yerevan təkliflərini “yazılı şəkildə” təqdim edib və hazırda Bakının cavabını gözləyir:
“Məsələnin diplomatik və siyasi vasitələrlə həllinin tapılması üçün cəhdləri davam etdirmək lazımdır”.
Bakı bu təklifə şərt kimi baxır
Bundan az əvvəl yayılan məlumatlarda deyilirdi ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yerevanın delimitasiyanın başlanması üçün irəli sürdüyü ön şərtlərin Bakı üçün qeyri-məqbul olduğunu bildirib.
Bayramov yanvarın 19-da Vyanada ATƏT-in sədri Helqa Şmitlə söhbəti zamanı qeyd etmişdi ki, Azərbaycan və Ermənistan sərhədinin delimitasiya və demarkasiyası iki ölkə arasında münasibətlərin normallaşdırılmasının mühüm elementidir.
O əlavə etmişdi ki, Bakı bu prosesin heç bir qeyd-şərtsiz dərhal işə salınmasına tərəfdardır.
Amma erməni tərəfinin bəyanatlarından məlum olurdu ki, Yerevan delimitasiya və demarkasiya prosesinin başlanması üçün qoşunların sərhəddən simmetrik olaraq geri çəkilməsini istəyir.
Yerevan Brüsseldə razılaşma olduğunu iddia edir
Yanvarın 20-də Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Armenpress agentliyinə bu məsələ ilə bağlı şərh verib.
Vaan Unanyanın sözlərinə görə Ermənistanın təkliflərində söhbət razılaşmaların yerinə yetirilməsindən gedir:
“Qoşunların geri çəkilməsi barədə razılaşma dekabrın 14-də Brüsseldə Avropa Şurası sədrinin, habelə Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli danışıqlarında qəbul olunub. Bundan çıxış edəndə Ermənistan tərəfinin təkliflərində söhbət ön şərtlərdən yox, əldə olunmuş razılaşmaların icrasından gedir. Ermənistan tərəfi hesab edir ki, sözü gedən razılaşmalar əsasında delimitasiya prosesinə tez bir zamanda başlamaq lazımdır”.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə Milli Məclisinin iclasında Yerevanın Bakıya təkliflərinin bəzi təfərrüatlarını açmışdı.
O bildirmişdi ki, Yerevan delimitasiya prosesinə başlanması üçün hər iki ölkənin silahlı qüvvələrinin sovet dövrü sərhədlərindən simmetrik geri çəkilməsini istəyir.
Lavrov demişdi “mürəkkəb” olacaq
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yanvarın 20-də bildirib ki, qoşunların simmetrik çəkilməsi delimitasiya və demarkasiya prosesinə başlanması üçün əlverişli şərait yaradardı.
Erməni tərəfinin yeni təkliflərinin olduğunu və onların Bakıya çatdırılacağını ilk dəfə Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 14-də keçirdiyi mətbuat konfransında demişdi.
O bildirmişdi ki, Ermənistan sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycan üçün yeni təkliflər verib və Moskva bu təklifləri Bakıya təqdim edəcək.
Lavrov elə həmin mətbuat konfransında xırdalığına varmadan “prosesin mürəkkəb olacağını” da demişdi.
Azadlıq radiosu
Tarix: 21-01-2022, 09:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}