Xankəndiyə niyə girmədik, necə alacağıq: Əliyevin cavabları, Kremlin niyyəti - Pərdəarxası təhlil



 
 
...Ötən ilin sonunda Hadrutda yaradılan “Komandos” briqadalarını “canavarlar korpusu” da adlandırmaq olar. Təkcə bu peşəkar döyüşçülərin iki günlük antiterror əməliyyatları kifayət edər ki, Xankəndində üçrəngli bayrağımız dalğalansın. 
Və nəinki Xankəndi, Xocavəndin nəzarətimizdə olmayan 40 faizi, Əsgəran, Ağdərə və Xocalıda da bayrağımız ucaldıla, suverenlik tam təmin edilə bilər. Anaxeber.info yazır ki, Azərbaycanın beynəlxalq konvensiyaya zidd addım atmadan bu əməliyyatları həyata keçirmək ixtiyarı var və BMT hər hansı veto tətbiq edə bilməz. Çünki həmin ərazilərdə dünyanın, eləcə də Ermənistanın müstəqilliyini tanımadığı qondarma respublika qurulub və separatçılıq hökm sürür. Lakin...
Müharibədən sonra Zərdüşt Əlizadə və digər analitiklər ictimai rəyi inandırmağa çalışırdılar ki, Ordunun Xankəndidə qalmamasının və ümumən keçmiş Dağlıq Qarabağdan çıxmasının səbəbi Azərbaycanın etnik təmizləmə ittihamı ilə üzləşməməsi məqsədi güdüb. Əgər bütün ərazilər azad olunsaydı, Azərbaycan əsgərinin mülki erməni əhalisini qırması haqda saxta qətnamələr çıxarılacaq imiş, ABŞ, Fransa və Rusiya BMT-yə layihə təqdim edərək “ikinci erməni soyqırımı”nı dünyaya car çəkəcəkmiş...
Hərçənd, Şuşada və Hadrutda da mülki erməni əhalisi olub, küçə döyüşləri gedib, o halda belə ittihamlar çoxdan səslənməliydi. Odur ki, səliqəli əməliyyat aparmaqla, bir mülki erməninin burnu qanamadan işğala tam son qoymaq mümkün idi. Hətta o da sual doğurur ki, BMT-də etnik təmizləmə ittihamı olacaqdımı, olsaydı, bizi hansı təzyiqlər gözləyə bilərdi?! 
Əslində, müharibədən sonra sülhməramlıların vasitəsi ilə erməni əhalisinin Xankəndi və ətraf ərazilərə qaytarılması göstərdi ki, azad edilməyən həmin bölgələrdə 44 günlük döyüşlər zamanı mülki insan qalmayıb. Lakin o da acı həqiqətdir ki, Rusiya üçün erməniləri yaşadıqları yerə tələm-tələsik qaytarmaq hava-su kimi əhəmiyyətli imiş. 
Prezident İlham Əliyevin son müsahibəsində sülhməramlıların Xankəndiyə daxil olan 91 faiz insanı yoxlamadığını, çıxanlardan cəmi 46 faizinin sorğu-suala tutulduğunu deməsi təsdiqləyir ki, Rusiya ermənilərin bölgədə qalmasının, artmasının tərəfdarıdır. Bu, onun hərbi mövcudluğunu zəruri edir. 
Odur ki, Xankəndi və ətraf ərazilərin azad edilməsi hərbi qüdrətimiz cəhətdən nə qədər asan və mümkün görünsə də, siyasi reallıqdan uzaq imiş. Hətta istisna deyil ki, bütün bu nəticələr hələ 27 sentyabrdan əvvəl razılaşdırılıb. Yəni, Ordumuz hara qədər gedə bilər, harada dayanmalıdır...
Eyni zamanda, Ermənistanın lideri Nikol Paşinyanın “artsax”ın statusu haqda son məlum açıqlaması da dolayısı ilə mesaj idi ki, keçmiş Dağlıq Qarabağ ərazisinin taleyi İrəvandan asılı deyil, bunu Moskva ilə həll etmək lazımdır. Bu, Paşinyanın Bakıya da ismarış idi ki, Xankəndidə yuva salmış separatçılar və onların başçısı Araik Aryuntunyan artıq Ermənistanın məsələsi deyil, gedin Rusiya ilə həll edin!
Əlbəttə, Azərbaycanın beynəlxalq axtarışa verdiyi Araiki tutub Bakıya gətirib mühakimə etmək ordumuz üçün “iki vur iki” qədər sadə aksiomadır. İnterpolun onu axtarmasına zərurət də yoxdur, Araik və dəstəsi Şuşadan 5-10 kilometr aralıda yerləşən Xankəndində isti kabinetində əyləşib, iclaslar keçirir, “sərəncam”lar verir, tikintilər aparılır və s. Bir gecədə onun başına torba keçirib gətirmək olar. Bəs, bizə nə mane olur?
Ordunun gücü çatırsa, Ermənistan əlini çəkibsə, separatizmə qarşı antiterror əməliyyatı aparmaq beynəlxalq hüquqla yanımızdadırsa, bəs, kimdir böyük əngəl? - Təbii ki, Rusiya.
Açıq demək lazımdır ki, Kreml separatçıları himayə edir və sülhməramlılardan qalxan kimi istifadə edən separatçılar bölgədə əl-qolunu sallayıb azad gəzirlər. Ona görə “artsax”a dəstək, qanunsuz səfərlərə rəvac verilir, erməni icmasına yardımlar olunur, onları arxayın salmaq üçün evlər tikilir, yol çəkilir, üzüm bağları salınır, hətta Xocalıda provaslav kilsəsi inşa olunur, rus xadimlərinin abidələru ucaldılır, rus icması yaradılır ki, Azərbaycanın nəzarətinə keçməyəcəklərinə əmin olsunlar. 
Rəsmi Bakının hələ ki bölgə ilə bağlı hər hansı resepti yoxdur. Azərbaycan bu vəziyyətdə antiterror əməliyyatlarını istisna edir, amma gündəliyində də saxlayır. Bakı Qarabağa qayıdışla, azərbaycanlı əhalinin yerləşməsi ilə ümid edir ki, ermənilərin inteqrasiya problemini həll edə bilər. Yəni, sayca cəmi 27 min olan erməni əhalisi 800 min azərbaycanlının bölgədə qayıdışını görəndə iki seçim arasında qalacaq: ya inteqrasiya, ya da Ermənistana qayıdış... Beləliklə, hakimiyyət Xankəndi probleminin həlli üçün heç bir proqram irəli sürmür, gələcək haqda təsəvvürləri dumanlıdır, əsas yükü azad edilən ərazilərin qurulmasına yönəldir və məsələnin humanitar, siyasi-diplomatik yolla həllinə ümid bəsləyir. Bura həm də Rusiya ilə gələcəkdə dil tapmaq, erməni silahlı dəstələrinin evakuasiya edilərək, yalnız rus hərbi kontingentinin qalmasını razılaşdırmaq daxildir.
Yeri gəlmişkən, 10 noyabr sənədinin 4-cü bəndi də bunu ehtiva edirdi: rus əsgərlərinin girdiyi ərazilərdən erməni silahlıları çıxır. Bakı buna razılıq vermişdi, daha separatçıların qalmasına yox, amma həm Rusiya anlaşmanı pozur, “artsax özünümüdafiə dəstələri” saxlanılır, həm də Ermənistan öhdəliyi yerinə yetirmir.
Və nəhayət, ictimaiyyətin 1 ildən çoxdur ki, müzakirə etdiyi bu mövzu - Xankəndi, Xocalı və Xocavənd əraziləri ilə bağlı Prezident İlham Əliyevin 2020, 6 noyabrda, hələ Şuşanın tam azad edilməsinə iki gün qalmış “BBC”-yə müsahibəsində aydın ifadələr var.
BBC: Bu ərazilər bizim beynəlxalq auditoriya üçün tanış olmadığına görə dəqiqləşdirmək istəyirəm. Siz deyirsiniz ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağdan kənardakı əraziləri boşaltmağa razılaşsa, siz dayanarsınız və döyüşməzsiniz?
İlham Əliyev: Elədir ki, var. Bu, mənim dəfələrlə vurğuladığım mövqedir. Eyni zamanda, bu, danışıqlar masasında olan bütün məsələlər deyil. Əlbəttə ki, bundan sonra biz azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa qayıtmaları üzərində işləyəcəyik. Çünki müharibədən əvvəl, 1990-cı illərdə Dağlıq Qarabağda 40 min azərbaycanlı yaşayırdı və bu da oradakı əhalinin 25 faizi idi. Onlar onların hamısını qovdular, etnik təmizləmə törətdilər və sonra "müstəqillik" elan etdilər.
BBC: Lakin siz Dağlıq Qarabağ üzərində nəzarəti güc yolu ilə ələ keçirsəniz, sizin də eynilə eyni şeyi törədəcəyinizlə bağlı qorxular var. Ermənistan öz insanlarının etnik təmizləməyə məruz qalacağından çox ciddi qorxduğunu ifadə etməkdədir.
İlham Əliyev: Bu, əsassız ittihamdır. Birincisi, əgər bu məsələ Ermənistanı həqiqətən də narahat edirsə, nəyə görə onlar əsas prinsiplərlə razılaşmırlar? Çünki əsas prinsiplər təsdiqlənsə və Ermənistan mənim onlardan dəfələrlə tələb etdiyim öhdəliyi üzərinə götürsə, onda hər şey dayanacaq.
BBC: Siz onlardan Dağlıq Qarabağı boşaltmalarını xahiş etmirsiniz? Siz onlardan yalnız ətraf rayonları xahiş edirsiniz?
İlham Əliyev: Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələrinin icra olunmasını xahiş və tələb edirik. Bu qətnamələrdə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Dağlıq Qarabağın erməni əhalisinə gəlincə, onlar orada yaşamağa davam edəcək. Onlar bizim vətəndaşlarımızdır və mən dəfələrlə bu mövqeyi ifadə etmişəm.
BBC: Prezident Əliyev, ermənilərin orada Sizin vətəndaşlarınız kimi yaşayacaqlarını deyirsiniz. Siz bu yaxınlarda demisiniz və mən burada sizdən sitat gətirirəm: "onlar çıxmasalar, biz onları iti qovan kimi qovacağıq". Bu bəyanatla insanlar çətin ki, özlərini təhlükəsiz hiss etsinlər.
İlham Əliyev: Xeyr, xeyr, xeyr, xahiş edirəm, mənim bəyanatlarıma dəqiqliklə yanaşın. Mən bunu dedikdə bizim əraziləri işğal etməyə davam edənləri nəzərdə tuturdum. Mən Ermənistanın hərbi-siyasi rəhbərliyini nəzərdə tuturdum. Mən Dağlıq Qarabağın dırnaqarası "hökumətini", bu cinayətkar xuntanı nəzərdə tuturdum, hansı ki, yeri gəlmişkən, artıq qaçıb gedib. Mənə məlumat verilib ki, Dağlıq Qarabağın dırnaqarası "rəhbəri" artıq Yerevandadır. Mən erməni xalqını yox, onları nəzərdə tuturdum.
BBC: Yəni siz deyirsiniz ki, Dağlıq Qarabağda erməni vətəndaşlara qarşı heç bir etnik təmizləmənin aparılmayacağına dair mütləq zəmanət verəcəksiniz?
İlham Əliyev: Bəli. Biz ermənilər deyilik. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Onlar Dağlıq Qarabağdan və ətraf yeddi rayondan bütün azərbaycanlıları qovublar. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bizim bir milyon qaçqın və məcburi köçkünümüz var. Lakin biz eyni qaydada davranmayacağıq. Biz qisas almayacağıq. Mən dəfələrlə demişəm, hətta onlar Gəncəni bombalayanda, hətta onlar Bərdəni bombalayanda, onlar başqa şəhərləri bombalayanda və 92 insanı, mülki şəxsi öldürdükdə mən dedim ki, biz qisasımızı döyüş meydanında alacağıq. Buna görə bu rəsmi mövqeyi, Azərbaycanda yaşayan minlərlə ermənini və heç kimin onları etnik təmizləmədiyini nəzərə alaraq, biz bunu orada nə üçün etməliyik ki? 
Tarix: 24-01-2022, 10:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}