Ermənilər Xankəndində özlərinə qəbir qazırlar - "yaz hücumu" blefi...


Ermənilərin fəallaşmasının Rusiya Dövlət Dumasının qondarma “DXR”  və “LXR”in tanınması ilə bağlı Putinə müraciət etdiyi vaxta təsadüf etməsi diqqət çəkir

Məlum olduğu kimi, Xankəndindəki separatçı-terrorçu rejimin “parlamenti” “işğal olunmuş ərazilər haqqında” qondarma “qanun layihəsi”ni birinci oxunuşda qəbul edib. Qondarma “qanun”a Şuşa, Xocavənd, Ağdərə, Hadrut, Əsgəran, Laçın, eləcə də Goranboy və keçmiş Xanlar rayonu daxildir.
Terrorçu rejimin bu “qanunu” praktiki olaraq əhəmiyyətsizdir. Özləri də praktikada necə tətbiq edəcəklərini bilmədiklərini deyir. Lakin qondarma “qanun”dan Qarabağın “statusu” məsələsində istifadə etmək istədikləri bəllidir.
Bunun fonunda separatçılar hərbi müstəvidə də fəaliyyətini genişləndirir. 
Azərbaycan Müdafiə Nazirliyinin son açıqlaması təsdiq edir ki, erməni terrorçular kənd təsərrüfatı işləri adı ilə səngər qazmağa çalışıblar. Bu cəhdin qarşısı alınıb, lakin rus sülhməramlılarının dayandığı mövqelərdən başqa, erməni terrorçuların postlarının olduğu da məlum məsələdir və bu postlarda mühəndis-istehkam işləri həyata keçirilir.
Separatçı rejim Qarabağda mülki ermənilərin də silahlandırılması istiqamətində işləyir. Qondarma “təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyanın təşəbbüsü ilə mülki ermənilər hərbi təlimlərə cəlb olunacaq. Fevral-may ayları olmaqla 3 ay davam edəcək təlimlərdə atəş hazırlığı üzrə dərslər keçiriləcək. Təlimlərin önümüzdəki 3 ay müddətində nəzərdə tutulması isə separatçıların cari dövrə hazırlaşdığından da xəbər verir: mümkündür ki, terrorçu rejim Azərbaycanın hərbi müstəvidə ata biləcəyi addımların qorxusu ilə silahlı dəstələrini gücləndirir.
Politoloq Asif Nərimanlı hesab edir ki, mülki ermənilərin də silahlandırılmasının iki mümkün səbəbi var:
- separatçıların silahlı dəstələrində canlı qüvvə çatışmazlığını bu yolla aradan qaldırmaq istəyirlər;
- mülki ermənilərin gələcəkdə Azərbaycan vətəndaşlığının qəbul etməsi perspektivinin qarşısı alınır.
“Lakin qondarma ”qanunun" qəbulu və azad olunan ərazilərin yenidən işğal edilməsi planı separatçı-terrorçu rejimin təlimlər zamanı, xüsusilə yaz-yay aylarında Azərbaycan Ordusunun hazırda dayandığı mövqelərə təxribat hücumları həyata keçirə biləcəyini də istisna etmir. Erməni əhalinin silahlanması və mümkün təxribatlara qoşulması “əhali öz müqəddəratını təyin etmək istəyir” məsələsinin aktullaşmasına şərait yarada bilər və bu, rusların da “təhlükəsizliyi qorumaq” adı ilə bölgədə qalması imkanlarını artırır", -deyə politoloq bildirib.
Ermənilərin Rusiya Dövlət Dumasının qondarma “DXR”  və “LXR”in tanınması ilə bağlı fəallaşdığı və Putinə müraciət etdiyi vaxta təsadüf etməsi diqqət çəkir. Ermənilər gizlətmirlər ki, onların “diplomatik fəaliyyəti” beynəlxalq miqyasda “tanınmaq” işinə həsr olunub. İndi həm  siyasi oyunların, həm də səngər qazmaq kimi axmaq niyyətlər onu göstərir ki, separatçılar yenə baş qaldırmaq istəyir, ən azı buna cəhd edirlər. Bunların Rusiya sülhməramlı kontingentinin gözü qarşısında baş verməsi də sualları artırır. Rusiyanın bu planlara dəstək verdiyi təəssüratını yaradır.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəylinin bu istiqamətdəki fikirləri xüsusi diqqət çəkir: “Qəti şəkildə prosesi lokal hesab etmirəm, üstəgəl, Rusiya-Azərbaycan-Türkiyə və Qərb oyunları gedən müstəvidə lokal miqyaslı, hansısa öıkədaxili bir ərazi vahidində dövlət yaratmağa cəhdi regional səviyyəli münasibətlərlə qarışdırılmasının əleyhinəyəm. Rusiya Azərbaycan və Türkiyəyə qarşı yox, Rusiya- Türkiyə iqtisadi ittifaqına doğru gedir və bu, hazırda tənəzzül dövrünü yaşayan Qərb sisteminə rəğmən daha da cazibədar görünür. Üstəgəl, heç kəsə sirr deyil ki, Ermənistanın nəinki güllələri, hətta barıtları belə bitib. Azərbaycanla sülh müqaviləsinə doğru gedir. Düşünün ki, Türkiyə ilə Şuşa Bəyannaməsini imzalayan bir ölkənin daxilində çıxışı olmayan anklavda 27 min nəfərlik erməni icması üçün dövlət qurulacaqmış...
Bu absurddur və Rusiya bu gülünc iddiaların heç bir tərəfində  mövcud deyil. Bu gün dünyada yeni bir nizam formalaşır, Ukrayna da bu nizamın ortasında kompas rolunu oynayır".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hesab edir ki, məsələnin kökünə baxmaq lazımdır: “Ermənilər heç vaxt müstəqil addım atmayıblar. Bu dəfə də elədir. Onları bu işlərə şirnikləndirənlər var. Ona görə də məsələnin kökünə baxmalıyıq. Qarabağdakı ermənilər Ermənistan və Rusiyadan idarə olunur. Desək ki, onların özləri müstəqil qərar qəbul edir, özləri hansısa məqsəd güdürlər, yanlış olar. Ermənistan Qarabağ ermənilərindən həmin ərazidə siyasi mövcudluğunu qoruyub saxlamaq, Rusiya isə onlardan istifadə etməklə regiona təsir imkanlarını itirməmək üçün yararlanmağa çalışır. Onların ”qanunvericilik" oyunları, o cümlədən “işğal olunmuş ərazilər”ə dair “qanun”ları, hərbi təlim keçmək iddiaları, əhalini silahlandırmaq cəhdləri kənardan idarə olunur. Ona görə də biz bu qondarma “rejim”ə yox, onların arxasında dayananlara üzümüzü tutub iradlarımızı bildirməliyik. Ermənistan bir tərəfdən guya bizimlə sülh müqaviləsi bağlamağa tərəfdar olduğunu deyir, o tərəfdən də Araiklərin əli ilə iş görməyə çalışır. Biz Ermənistan rəhbərliyindən bu oyunlara son qoymasını tələb etməli, əməl etməsələr, danışıqları dayandırmalıyıq. Rusiya sülhməramlıları regiona qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün yerləşdirilib. Onların gözü qarşısında qanunsuz rejim qanunsuz silahlı dəstələrin təlimlərini keçirir, əhaliyə silah paylayır. Bunun qarşısının alınması Rusiya sülhməramlılarının birbaşa işidir. Azərbaycan onların çıxmasını tələb etməlidir. Azərbaycan Ermənistan və  Rusiya ilə bu mövqedən danışmalı, öz ərazilərində qayda-qanunu bərpa etməli, ermənilərin oyunlarına son qoymalıdır".
Tarix: 18-02-2022, 14:34
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}