“Niyə Rusiya Qarabağda hərbi uğur qazanmağa imkan verən yüksəklikləri götürməyə çalışır?.."

“Niyə Rusiya Qarabağda hərbi uğur qazanmağa imkan verən yüksəklikləri götürməyə çalışır?..
“Rusiya hərbi kontingentinin Azərbaycanın suverenliyini təhdid edən davranışları təsadüfi deyil və birbaşa Kreml- Putin tərəfindən idarə olunur…”
 
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası ərazisinin bir hissəsində müvəqqəti(!) olaraq yerləşdirilmiş və rəsmən sülhməramlı sayılan Rusiya hərbi kontingenti  iki gündür ki, inzibati ərazi bölgüsü baxımından  Laçın və Şuşa rayonlar  ərazisilərinin kəsişməsində yerləşən Sarıbaba(2295 metr) yüksəkliyinə patrul xidməti təşkil edir. Bu, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının “Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti” bölməsində 15-16 fevral tarixlərində təqdim edilmiş sözügedən kontingentin məsuliyyət zonasını əks etdirən xəritələrdən bəlli olur(bax://moderator.az/az/arasdirma/412919/rusiya-herbcilerinin-lacinin-saribaba-dainda-patrul-xidmeti-kecirmesi-duzgundurmu-arasdirma/)...  

Görəsən, 10 noyabr razılaşmasına əsasən  Sarıbaba yüksəkliyi Azərbaycan Silahlı Qüvvələrinin, yoxsa Rusiya hərbi kontingentinin  nəzarətində qalmalıdır? Fevralın 16-da səhər saatlarından mövzu ilə əlaqədar müraciət etdiyimiz  Müdafiə Nazirliyinin mətbuat xidmətindən bizə  məsələ araşdırıldıqdan sonra məlumat veriləcəyi vəd edilsə də, bu günədək heç bir cavab yoxdur.
 
Mövzu ilə bağlı Moderator.az-ın suallarını cavablandıran tanınmış Qarabağ qazisi keçmiş Laçın alayının komandiri, ehtiyatda olan polkovnik Arif Paşayev bunları söyləyib.
 
“Bildiyiniz kimi, Sarıbaba kəndi Şuşa rayonuna məxsusdur. Sarıbaba dağının da xeyli hissəsi Şuşa rayonu ərazisi hesab olunur. Eyniadlı yüksəkilik də adətən Şuşaya aid edilib. Amma bunun o qədər əhəmiyyəti yoxdur. Sarıbaba yüksəkliyi Laçın dəhlizi ərazisinə də daxil edilə bilməz. Çünki uzaq məsafədədir. Açığı, mənim də həmin yüksəkliyin Azərbaycan ordusunun nəzarətində olmaması haqda dəqiq məlumatım yoxdur. Amma bütün  hallarda çox vacib  suallar meydana çıxır: Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingenti strateji Sarıbaba yüksəkliyində nəyə görə patrul xidməti həyata keçirməlidir?  Və ümumiyyətlə, nə üçün bu “sülhməramlı” adlanan  birlik Laçında da, Şuşada da, Kəlbəcərdə də, Tərtərdə də hərbi cəhətdən strateji sayılan və uğur qazanmağa imkan verən yüksəklik və məntəqələri ələ keçirməyə çalışır. Əgər onlar sülhməramlıdırsa.. Hərbi cəhətdən strateji yüksəkliklər hücum edən, yaxud müdafiə olunan tərəf üçün əlverişli mövqelərdir. Sülhməramlı nə hücum etmək,  nə də müdafiə olunmaq missiyasını yerinə yetirməli deyil. Deməli, belə çıxır ki, bunlar ya separatçı və terrorçu  ermənilərlə birgə Azərbaycan ordusuna hücum etmək, ya da erməniləri müdafiə etmək məqsədi güdürlər”. 
 
Polkovnik hesab edir ki, Rusiya hərbi kontingentinin Azərbaycanın suverenliyini təhdid edən davranışları təsadüfi deyil və birbaşa Kreml- Putin tərəfindən idarə olunur.
 
“Konkret deyilən məsələyə gəldikdə, burada siz qeyd etdiyiniz kimi,  Sarıbaba yüksəkliyinin Laçın “dəhlizi”nə alternativ yolun keçdiyi ərazilər üçün strateji məntəqələrdən biri olduğundan Rusiya hərbçilərinin gələcək üçün orada möhkəmlənməyə çalışması da mümkündür.
Bilirsiz, 10 Noyabr razılaşmasından bəri keçən dövrdə Qarabağdakı və Laçın ərazisindəki Rusiya hərbi birləşmələrinin funksiyalarına uyğun olmayan qeyri-adekvat davranışları, xəritələrində yol verdikləri “xətalar”, Xankəndini “Stepanakert” adlandırmaları, Suqovuşanı “Madagiz” kimi xəritələrinə daxil etmələri və s. hansısa komandirin səhvi və ya əməkdaşın “texniki xətası” deyil, hər şey birbaşa Putinin cızdığı plan üzrə gedir”- deyə keçmiş alay komandiri vurğulayıb.
 
Sultan Laçın

Tarix: 18-02-2022, 22:14
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}