Kəlbəcərin kəndindəki separatçı “bayrağı”nın yanında xaç daşı da quruldu...-FOTOLAR

Kəlbəcərin kəndindəki  separatçı “bayrağı”nın yanında xaç daşı da quruldu...-FOTOLAR
Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Rusiyanın “sülhməramlı” sayılan hərbi kontingentinin nəzarətində olmaqla separatçı-terrorçu erməni rejiminin idarə etdiyi Həsənriz kəndində ötən il ucaldılmış “əski parçası”nın yanında xaçkar – xaç daşı da qoyulub.

Moderator.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.
 
Xəbərdə bildirilir ki,  xaçkar separatçı-terrorçu Qarabağ hərəkatının 34 illiyi və Həsənrizin Ermənistan tərəfindən işğal olunmasının 29 illiyi münasibətilə qurulub. Bunun təşəbbüskarı atası I Qarabağ müharibəsində gəbərmiş erməni sakinlərdən biri olub. 
 
Açılış tədbirində çıxış edən erməni keşiş bildirib ki, 1992-ci il iyunun 5-də Həsənriz Azərbaycan ordusu tərəfindən tutulub, lakin 1993-cü il fevralın 20-də kənd yenidən erməni terrorçuları tərəfindən işğal edilib.
 
Xatırladaq ki, “Aterk” adlandırılmış bu Azərbaycan kəndində hələ 2021-ci il sentyabrın 29-da Rusiya hərbçilərinin gözü qarşısında separatçıların “ən böyük” əski parçası ucaldılıb. Azərbaycan mediası və ictimaiyyətinin tələblərinə rəğmən həmin üzdəniraq “bayraq” hələ də yığışdırılmayıb... Üstəlik qondarma  "inzibati bina"nın üzərinə də əski parçası sancılıb...

Zəruri arayış:
 
Həsənriz - Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Tərtər çayının sol tərəfində, Həsənriz çökəkliyindədir. Keçmış adı Aterk(Haterk qalası) olmuşdur. Tədqiqatçıların ehtimalına görə, “aterk” - türk dillərindəki “atrak” (çayın mənsəbə töküldüyü yer) sözünun fonetik variantıdır. XIII əsrdən sonra Xaçın knyazı Həsən Cəlalın adı ilə  kənd Həsənriz adlanmışdır. 1992-ci ildə kəndin adı Azərbaycan dövləti tərəfindən Həsənriz kimi rəsmiləşdirilib.
 
Həsənriz kəndi əvvəllər  keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibindəki keçmiş Ağdərə rayonu inzibati ərazisinə aid olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Həsənriz kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.
 
Qarabağ müharibəsinin başlanğıcında erməni quldur dəstələri rus ordusunun köməyi ilə kənddə nəzarəti ələ keçiriblər. Lakin 1992-ci ilin yayında Azərbaycan ordusunun hücumu nəticəsində həmin ilin 4 iyulunda kənd Azərbaycanın nəzarətinə keçib. Təəssüf ki, 1993-cü ilin fevralında erməni işğalçıları hücuma keçərək kəndi yenidən işğal ediblər. Hazırda Həsənriz kəndi ermənilərlə təmas xəttindən bir neçə kilometr aralıda yerləşir. Məlumatlara görə, kənddə  hazırda erməni ordusunun batalyonu saxlanılır.
 
10 noyabr üçtərəfli razılaşmasından sonra  Rusiya "sülhməramlı"ları ərazi bölgüsünü keçmiş Azərbaycan SSR-in  inzibati bölgüsü əsasında apardıqlarından  Həsənriz kəndi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin “Mardakert” rayonu tərkibindəki kimi saxlanılaraq Kəlbəcər rayonuna qaytarılmayıb.  Təbii ki, bu, qanunsuz bölgüdür..

Zəruri sual:
 
Məlumdur ki, Rusiya hərbi kontingenti Laçın rayonun ermənilər üçün “dəhliz” edilmiş hissəsindən, o cümlədən Laçın şəhəri və Ağanus, Zabux, Qarıkaha kəndlərindən keçməli olan Azərbaycan hərbi və mülki avtomobil karvanları üzərindəki Azərbaycan dövlət(!) bayraqlarını  endirməyi tələb edirlər...  Bəs elə isə həmin Rusiya kontingentinin məsuliyyət zonası olan digər ərazilərdə, Xankəndində, Xocalıda, Əsgəranda, Xocavənd rayon mərkəzi və rayonun bir sıra kəndlərində, Tərtər, Ağdam rayonunun onlarla yaşayış məntəqəsində, eləcə də Kəlbəcər rayonunun adı çəkilən Həsənriz və digər kəndlərində heç bir dünya dövləti və  beynəlxalq rəsmi qurum tərəfindən tanınmamış qondarma separatçı-terrorçu rejimin əski parçalarının asılmasına nədən göz yumur və icazə verirlər?..
 
Sultan Laçın

Tarix: 22-02-2022, 09:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}