Ermənistan Azərbaycanın təklifinə cavab verib

Ermənistan Azərbaycanın yeni təklifinə cavabında sülh danışıqları üçün beynəlxalq vasitəçilik istəyib. Bunu AzadlıqRadiosu-nun Ermənistan xidməti  martın 14-də açıqlayıb.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü ötən cümə deyirdi ki, rəsmi Yerevan Bakı ilə sülh danışıqlarının təşkili üçün ATƏT-in Minsk qrupuna müraciət etməyi nəzərdən keçirir.
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov isə həmin gün deyib ki, Bakı Yerevana münasibətlərin normallaşdırılmasından ötrü “beş bəndlik təklif” göndərib. Nazirin sözlərinə görə, “Ermənistan səmimi olaraq münasibətləri normallaşdırmaq istəyirsə, bu onlar üçün yaxşı fürsətdir”. Nazir sənəddəki bütün prinsiplərin beynəlxalq münasibətlərin prinsipləri olduğunu qeyd edirdi.
Ermənistan Xarici İşlər Nazirliyi martın 14-də yaydığı bəyanatda qeyd edir ki, Azərbaycanın təkliflərinə cavab verib və Ermənistanla Azərbaycan arasında BMT Xartiyasına, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktı əsasında sülh razılaşmasının imzalanmasından ötrü danışıqlar təşkil etmək üçün ATƏT-in Minsk Qrupu həmsədrliyinə müraciət edib.

Azərbaycanın baza prinsipləri bunlardır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın vurğulamasına görə, Azərbaycanın iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi bir neçə gün öncə vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. Orada iki dövlət arasında münasibətlərin normallaşması üçün aşağıdakı beş baza prinsipləri əks olunub:
– Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
– Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
– Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
– Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
– Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Azadlıq radiosu
Tarix: 15-03-2022, 08:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}