"Ermənilər orada mövqe tutsaydı, bütün Ağdamı..." - Ekspert danışır


“Əslində, hazırkı vəziyyətə görə Qarabağın müvəqqəti nəzarətində olan hissəsində silahlı qüvvələrimizlə sülhməramlı qüvvələrin arasında bir təmas zolağı mövcuddur”. Dia.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev deyib.

O, son günlər Fərrux kəndi ətrafında yerləşən Daşbaşı (Qarağlux) yüksəkliyində Azərbaycan Silahlı Qüvvələrinin (SQ) dislokasiyası, habelə qanunsuz erməni silahlı birləşmələrinin kəndi boşaltması hadisələri barədə rəyini bölüşüb:

“Təmas zolağında Rusiya sülhməramlılarının mövqeləri ilə yanaşı, bizim mövqelər, yəni perimetr üzrə postlar mövcuddur. Həmin perimetr üzrə Azərbaycan SQ-nin mövqeləri hər zaman dəqiqləşdirilir, yaxud dislokasiyası təyin olunur.

Fərrux kəndi ətrafında da vəziyyət belə idi. Daşbaşı yüksəkliyində əvvəllər nə ermənilərin, nə də sülhməramlıların postları mövcud idi. Ona görə də, silahlı qüvvələrimiz öz postlarının yerini dəyişdir və dislokasiyasını Daşbaşı yüksəkliyinə əsasən apardı".

Ekspertin sözlərinə görə, ümumən ərazidə mövqelərin müəyyən olunması Azərbaycan SQ-nin legitim hüququdur. İstənilən birlik və birləşmə komandirinin səlahiyyətidir:

“Bu yüksəkliyə nəzarət çox böyük ərazilərə müşahidə qabiliyyəti yaradır, həm də döyüş qabiliyyətini artırmış olur. Daşbaşı yüksəkliyində yerləşən mövqedən Xankəndinə qədər olan ərazi nəzarət altına keçir. Əgər erməni silahlı birləşmələri orada mövqe tutsaydılar, bütün Ağdam ərazisini atəş altında saxlayacaqdılar. Yəni bu, gələcəkdə Ağdamda baş verə biləcək məskunlaşmanı təhlükə altında qoya bilərdi.

Fərrux kəndi isə Daşbaşı yüksəkliyinin altında yerləşir və hazırda kənd nəzarətimizdədir. Əgər yüksəklikdə mövqemiz mövcuddursa, deməli, ermənilərin bu kənddə yaşaması artıq onlar üçün təhlükəlidir, ona görə də, kəndi boşaldıblar”.

Hərbi ekspert əlavə edib:

“Bu proses davamlı baş verəcək. Bilirik ki, rus sülhməramlı kontingenti üçtərəfli bəyanatın 4-cü müddəasına uyğun olaraq oraya yerləşəndə ərazidəki qeyri-qanuni erməni hərbi biləşmələrini çıxarmalıydılar. Bunu etmədikləri üçün problem hələ də öz mövcudluğunu qoruyur. Ona görə də, Azərbaycan SQ yox, Rusiya sülhməramlıları öz məsuliyyətləri daxilində olan məsələləri həll etməlidir. Bunun hansı formada olması əhəmiyyətli deyil. Əgər bu, baş verməyəcəksə, bölmələrimiz antiterror əməliyyatı keçirilməlidir".
Tarix: 28-03-2022, 12:11
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}