“Separatçıların Rusiyaya birləşmək çağırışı Moskvanın Bakıya təzyiqidir, amma...” – POLKOVNİK



İlham İsmayıl: “Paşinyan Qarabağ məsələsini bütövlükdə Rusiyanın öhdəsinə buraxıb”
Qarabağdakı erməni separatçıları və qondarma rejimin "rəhbərləri"ndən daimi Rusiyanın himayəsində olmaq, Rusiyaya birləşmək kimi absurd çağırışlar səsləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilən görüşündən əvvəl edilən belə axmaq çağırışlar davam etməkdədir. 
Aprelin 5-də Ermənistanın “Hraparak” qəzeti yazmışdı ki, Brüsseldə liderlər tərəfindən sənəd imzalansa, separatçılar "Artsax" adlandırılan qondarma qurumun Rusiyaya birləşdirilməsi üçün imza toplanmasına başlayacaqlar. Erməni nəşri mənbələrinə istinadən qeyd edib ki, Brüsseldə sənəd imzalanacağı təqdirdə, ilk saniyədən etibarən Qarabağda “respublika”nın Rusiyaya birləşməsi istiqamətində siyasi prosesə başlamaq qərara alınıb.
Bununla yanaşı, separatçı qurumun oyuncaq "parlamenti"nin üzvü David Qalstyan adlı terrorçu açıqlama verib ki, “Artsax" ilə Rusiya arasında birbaşa münasibətlərin qurulması prosesinə başlamaq lazımdır: "Təhlükəsizlik, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq mövzusunda Ermənistan-Artsax-Rusiya formatında regional məsləhətləşmələrə başlamaq lazımdır. Qarabağ məsələsinin həlli xalqların öz müqəddəratını təyinetmə hüququnu nəzərə alaraq gündəmə gətirilməlidir". 
Terrorçu "deputat" daha sonra belə deyir: "Təhlükəsizliyimizin təminatçısı Artsax Müdafiə Ordusu ilə birlikdə sülhməramlı missiyası ilə Rusiyadır”.
Analitiklər bildirirlər ki, Azərbaycan ərazisində hələ də separatçı ünsürlər qalıb və onlar təmizlənmədiyi müddətdə belə sərsəm açıqlamalar, çağırışlar edəcəklər. Bununla yanaşı, ekspertlər qeyd edirlər ki, terrorçular "Rusiyaya birləşmək" kimi axmaq bəyanatları, çağırışları Kremldən gələn tapşırıqla edirlər. Rusiya bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir. 
Ləğv edilmiş MTN-in polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl AYNA-ya müsahibəsində deyib ki, birləşmək çağırışı təkcə Xankəndidəki separatçı ünsürlərin rəyi deyil:

- Aydındır ki, bu, Azərbaycana təzyiq vasitəsidir. Həm də təkcə Ermənistan və Qarabağdakı separatçıların yox, eyni zamanda, Rusiya dövlətinin təzyiq vasitələrindən biridir. Zaman-zaman belə absurd və reallıqdan uzaq çağırışlar gündəmə gətirilir. Rusiya separatçılara göstəriş verir ki, belə sərsəm bəyanatlar versinlər. Kremldən bununla Azərbaycana mesaj verilir. Amma Rusiyanın bunu reallaşdırmaq planı yoxdur. Hələ o vaxt, İkinci Qarabağ müharibəsi bitəndən sonra Rusiyanın xarici işlər nazirinə bu barədə sual verilmişdi. XİN başçısı cavabında bildirmişdi ki, Moskvanın belə bir niyyəti yoxdur. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov da təkzib etmişdi. 
Ümumiyyətlə, "Qarabağın Rusiyaya birləşdirilməsi" kimi təhlükəli yanaşma heç Rusiyanın da maraqlarına uyğun deyil. Düzdür, yenə deyirəm ki, bundan təzyiq vasitəsi kimi istifadə edir, amma sonda belə qərar vermək niyyəti yoxdur. Bu, erməni separatçılarının ayaqda qalması üçün yürüdülən siyasi xətdir. Baxın, bir müddət əvvəl Qarabağdakı ermənilərə Rusiya pasportlarının verilməsi ilə bağlı da terrorçular müraciət etmişdilər. Amma Rusiya buna getmədi. Çünki Rusiya Azərbaycanı itirmək istəmir. Sadəcə maraqları baxımından gündəmə belə mənfi söz-söhbətlər gətirilir, Bakıya mesaj verilir. 
Cənubi Osetiya separatçıları da Rusiyaya birləşmək haqqında Moskvaya müraciət ünvanlayıblar. Dəqiq deyə bilmərəm ki, Rusiya bu müraciəti geri çevirəcək, ya yox. Amma Krımın ilhaqından sonra Gürcüstan ərazisi ilə bağlı belə qərar vermək Rusiyanın imicini daha da yerlə bir edəcək. Rusiya işğalçı kimi rəsmən tanınacaq. Düzdür, Rusiya onsuz da işğalçıdır, dünya bunu belə qəbul edir. Bu gün Ukraynada baş verənlər də bu dövlətin mahiyyətini ortaya qoyur. Amma hələlik Kremlin işğalçılığı rəsmiləşməyib. 
- Ermənistan rəsmiləri tərəfindən də, ictimaiyyətindən də separatçıların bu müraciətinə o qədər də isti yanaşılmadı... 
- Məsələ belədir ki, rəsmi İrəvan Qarabağ məsələsini bütövlükdə Rusiyanın öhdəsinə buraxıb. Ermənistan hakimiyyəti belə fikirləşir ki, Qarabağ problemini Rusiya ilə Azərbaycan həll etsin. Demək olar ki, Paşinyan Qarabağ yükünü çiyinlərindən atıb. Birdəfəlik İrəvan üçün bu məsələ bağlanmır, çünki Paşinyana da təzyiq var. Erməni müxalifəti və cəmiyyətin müəyyən kəsimi Qarabağ “kart”ından istifadə edərək hakimiyyət uğrunda mübarizə aparır. Paşinyana bu “kart”dan istifadə edərək təzyiqlər göstərilir. Son mitinqlərə baxanda da bunu müşahidə etmək olar. Paşinyan məcburdur ki, Qarabağ ermənilərinin "pozulan hüququndan", "müqəddəratından" danışsın. Amma ümumilikdə, Nikol Qarabağ ermənilərindən qurtulmaq istəyir. Ermənistanın özünün vəziyyəti ağırdır, sosial problemlər boğazdan yuxarıdır. Paşinyan hakimiyyəti iqtisadi böhrandan çıxmaq üçün addımlar atmaq niyyətindədir. Nikol bilir ki, Qarabağ məsələsində dərinə gedilsə, Ermənistan daha da dibə batacaq. 
Qarabağ məsələsinin Rusiya-Azərbaycan məsələsinə çevrilməsi Kremlin də marağındadır. Yanvarın 14-də Lavrov bəyan etdi ki, "Ermənistanla Azərbaycan sərhəd məsələləri və mübahisələrini necə istəyirlər həll etsinlər, bunun Qarabağ məsələsinə aidiyyəti yoxdur". Qarabağda əsas rolu Rusiya öz üzərinə götürüb, amma burada da zaman-zaman uğursuzluqları var. Liderlərin Brüssel görüşü və əldə olunan razılaşma Rusiyanın buradakı dominantlığının əlindən alınması məqsədi daşıyır. Rusiya problemin qalmasında maraqlıdır. Bu ölkənin olduğu yerdə sülhün əldə olunması mümkün deyil. Münaqişə ocağı qalır ki, bu, bölgəni inkişafdan saxlayır. Bunu İrəvan da anlamağa başlayıb. 
- Brüssel görüşü demişkən, liderlər iki məsələdə razılaşdılar: sərhədlərin delimitasiyasının həyata keçirilməsi üçün Birgə Kommisiyanın aprelin sonunadək yaradılması qərarlaşdırıldı və sülh sazişinin hazırlanması üçün XİN başçılarına tapşırıq verildi. Erməni müxalifəti və Qarabağ separatçılarının Rusiyanın himayəsi və göstərişi ilə  təxribatlar törədərək bu prosesi pozma ehtimalları nə qədərdir?
- Əlbəttə, mümkündür. Bilirsiniz, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Rusiyada, Soçidəki görüşdə razılıq əldə olunmuşdu. Amma həmin razılaşmada konkret vaxt göstərilməmişdi deyə, məsələnin icrası uzanırdı. Brüssel razılaşmasında isə konkret vaxt qoyulub - aprelin sonunadək Birgə Komissiya yaradılmalı və delimitasiyaya başlanılmalıdır. Biz hər zaman demişik ki, qarşı tərəfdən konkret vaxt tələb edilməlidir. Vaxt deyilməyəndə məsələ illərlə uzanır. İndi konkret vaxt göstərilib, yəqin ki, may ayından delimitasiya həyata keçiriləcək. Delimitasiya bir günə də həll oluna biləcək məsələdir, vaxt aparan demarkasiyadır. Çünki demarkasiyada sərhəd xətləri dəqiqliklə çəkilməlidir ki, bu, illərlə çəkə bilər.
Eyni zamanda, sülh sazişinin hazırlanması da xeyli vaxt istəyir. Detalları hazırlamaq, bunları müzakirə etmək zaman alacaq. Bu müddətdə də, əlbəttə, hakimiyyətə gəlmək istəyən Ermənistan müxalifəti də, separatçılar da, separatçıların əli ilə Rusiya da təxribatlara əl atacaq. Məsələn, Qarabağda sülhməramlı adı ilə yerləşdirilmiş Rusiya hərbi kontingenti son günlər müşahidə məntəqələrini artırmaqla məşğuldurlar. Sual olunur : nə baş verib ki, müşahidə məntəqələri artırılır? Bu, Azərbaycana təzyiq vasitəsidir. 
- Separatçıların Rusiyaya birləşməklə bağlı müraciətini Azərbaycan əsas gətirərək Qarabağda antiterror əməliyyatı keçirə, yaxud da Fərrux yüksəkliyinin azad edilməsi presedentindən istifadə edə bilərmi?
- Bilirsiniz, separatçılar ağıllarına düşəndə ağıla gəlməyən bəyanatlar verirlər. "Müstəqillik" deyirlər, "Rusiya pasportu" deyirlər, "Rusiyaya birləşmək" deyirlər və s. Azərbaycan antiterror əməliyyatları üçün belə şeyləri əsas gətirməməlidir. Onsuz da bizim əlimizdə kifayət qədər əsas var ki, ondan istifadə edilməlidir. Ərazilərimizdən qanunsuz erməni silahlılarının çıxarılması ilə bağlı qarşı tərəfə konkret vaxt qoyulmalıdır. Necə ki, delimitasiya ilə bağlı Birgə Komissiyanın yaradılması barədə konkret vaxt təyin edildi. Terrorçuların çıxarılması ilə bağlı Azərbaycan konkret vaxt qoyulduğunu elan etməli və qeyd etməlidir ki, əks halda, ərazisində antiterror əməliyyatının keçirilməsi Azərbaycanın beynəlxalq konvensiyalar əsasənda hüququdur. Vaxt qoyulması əldə əsas deməkdir. Lakin separatçıların bəyanatına görə antiterror əməliyyatına başlamaq Rusiya ilə münasibətlərdə fəsadlara gətirib çıxaracaq. Bu addımı atmaq bizə lazım deyil. Azərbaycanın əlindəki ən güclü əsas, dediyim kimi, silahlı terrorçuların ərazilərimizdən çıxarılması ilə bağlı konkret vaxtın qoyulması, çıxmayacağı təqdirdə addımlar atmasıdır.
Tarix: 11-04-2022, 10:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}