Paşinyana və revanşistlərə savaş xəbərdarlığı: “Azərbaycanın hərbi zərbəsinə səbəb verməyin”


Erməni siyasətçi əmindir ki, revanşist müxalifətin nifrət şüarları və sülh prosesini pozmaq cəhdləri Azərbaycanın Ermənistan ərazisinə xəbərdarlıq zərbələri üçün haqlı səbəbə çevrilə bilər... Erməni general isə rəsmi Bakının reaksiyasından qorxan Paşinyan hakimiyyətinin “Qarabağ mövzu”nu tamamilə qapatmaq məcburiyyətində qaldığını vurğulayıb...

Ermənistanda hakimiyyət çevrilişi baş tutmadı. Artıq bu ölkədə cərəyan edən siyasi-ictimai proseslərin intensivliyinə diqqət etməklə, belə bir qənaətə gəlmək mümkündür. Çünki, revanşıst erməni müxalifətinin təşkil etdiyi etiraz aksiyalarında kütləviliyin səviyyəsi aşağı düşməyə başlayıb. Belə davam edərsə, revanşist Qarabağ klanı meydanda Paşinyan hakimiyyəti bilə təkbaşına qala bilər.
Belə görünür ki, Kremlin Ermənistanda “sürüşkən siyasət”lə Rusiyanın geopolitik maraqlarına problem yaradan Paşinyan hakimiyyətini devirmək planları iflasa uğramaq üzrədir. Hər halda, ABŞ-ın Paşinyan hakimiyyətinə açıq dəstəyi, eləcə də, Ermənistan cəmiyyəti və revanşist müxalifət arasında “siyasi-ictimai uçurum” Rusiyanın çevriliş planlarına qətiyyən şans buraxmır. Əksinə, Ermənistan cəmiyyətinin uzun illər ölkəni idarə etmiş Qarabağ klanına kəskin etirazı Paşinyan hakimiyyətinə öz mövqelərini qorumaq imkanları açır.
Bundan sonra Ermənistanda daha çox Paşinyan hakimiyyətinin revanşist erməni müxalifətinə qarşı repressiv addımları müşahidə oluna bilər. Böyük ehtimalla baş nazir Nikol Paşinyan öz hakimiyyətini daha da möhkəmləndirmək üçün Qarabağ klanı ilə birdəfəlik haqq-hesab çəkməkdə maraqlı olacaq. Və Ermənistan cəmiyyətində revanşistlərin təblig etdiyi yeni müharibə ehtimalının əleyhdarları daha çox olduğundan bu, o qədər də böyük çətinlik törətməyəcək.

Maraqlıdır ki, bəzi erməni siyasətçilər revanşist müxalifətin öz şüarları və davranışları ilə Ermənistanı böyük təhlükələrə doğru sürükləməyə çalışdığını açıq mətnlə söyləməyə başlayıblar. “Respublika naminə” Partiyasının lideri, keçmiş deputat Arman Babadjanyan Qarabağ klanının arxasında durduğu siyasi-ictimai proseslərin Ermənistan üçün “fəlakət ssenarisi” olduğunu iddia edir: “Ermənistanda çox təhlükəli proseslər cərəyan edir. Bu prosesin arxasında duranların və təşkilatçılarının bir neçə məqsədi var. Həmin məqsədlərin sırasında ən təhlükəli olanı isə Azərbaycan və Türkiyəni Ermənistana qarşı hərbi əməliyyatlara başlamağa vadar edəcək birbaşa təxribatların törədilməsinə yönəlik cəhdlərdir”.
Arman Babadjanyan hesab edir ki, revanşist müxalifət düşərgəsinin dözümsüzlük, barışmazlıq və nifrəti təbliğ edən ritorikası hazırda məhz Ermənistanın gələcək taleyi üçün real təhlükədir: “Çünki, bu ritorika Azərbaycana Ermənistan ərazisinə xəbərdarlıq zərbəsi endirmək üçün əsaslandırılmış səbəb rolunu da oynaya bilər. Belə bir xəbərdarlıq zərbəsi ilə bütün dünyaya bəyan oluna bilər ki, Ermənistanda süıh prosesini pozmaq niyyətində olan revanşistlər yenidən hakimiyyətə gəlməyə cəhd göstərirlər. Və təxirəsalınmaz addımlar atılmazsa, revanşistlər hakimiyyətə gələrsə, Cənubi Qafqazda yeni müharibə təhlükəsi reallığa çevrilə bilər”.
Göründüyü kimi, Ermənistanın “Respublika naminə” partiyasının sədri Arman Babadjanyan bu ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyanın mövqeyini dəstəkləyir. Belə ki, bir müddət öncə L.Ter-Petrosyan da revanşist müxalifəti Ermənistanı Azərbaycanla yeni müharibəyə sürükləmək cəhdində ittiham etmişdi. Və bu düşərgənin öz davranışları ilə Ermənistan dövlətçiliyini ciddi təhlükə qarşısında qoyduğunu vurğulamışdı.
Belə anlaşılır ki, Paşinyan hakimiyyəti çevriliş etmək istəyən revanşist müxalifətdən siyasi revanş almaq şansı qazanmaq üzrədir. Buna nail olacağı təqdirdə, rəsmi İrəvan Rusiyanın qıcıqla yanaşdığı Brüssel anlaşmalarının icrası prosesinə yenidən geri dönmək imkanı qazana bilər. Çünki hazırda Paşinyan hakimiyyətinin Ermənistanı gələcək hərbi-siyasi fəlakətlərdən xilas etmək baxımından, başqa alternativi demək olar ki, mövcud deyil.

Hətta Ermənistan cəmiyyətində nüfuzu olan əksər erməni ziyalıları da artıq anlayırlar ki, yeni müharibəyə yol vermək olmaz. Bir müddət öncə 70 erməni ziyalı açıq müraciət edərək, baş nazir N.Paşinyandan Azərbaycanla sülh danışıqları prosesindən imtina olunmamasını xahiş etmişdilər. Onlar öz müraciətlərində hətta rəsmi Bakı ilə sülh gündəliyinin aktual saxlanması üçün ərazi problemlərinin müzakirəsindən yan keçilməsinin vacibliyini də vurğulamışdılar.
Bütün bunlar onu göstərir ki, Ermənistan cəmiyyətində savaş təbliğatı iflasa uğrayır və sülh prosesinin uğur qazanmasına daha çox dəstək verilir. Yəqin ki, erməni toplumu 44 günlük savaşda qalib gələn Azərbaycanın öz istədiklərinə onsuz da nail olacağı qənaətinə gəlib. Rəsmi Bakının öz hədəflərinə çatmaq üçün hətta növbəti dəfə hərbi yola müraciət etməkdən çəkinməyəcəyini də anlayırlar. Və rəsmi Bakı üçün bir çox problemlərin taleyi artıq tam şəkildə aydın olduğundan, erməni toplumunun güclü Azərbaycanla yeni müharibədən yayınmağa çalışması da tamamilə başadüşüləndir.
Məsələ ondadır ki, rəsmi Bakı “Dağlıq Qarabağ problemi”nin artıq həll olunduğunu və “status” mövzusunun müzakirəsinə də bundan sonra heç vaxt geri dönməyəcəyini birmənalı şəkildə vurğulayıb. Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgə ilə bağlı bütün məsələlər birmənalı şəkildə Azərbaycan dövlətinin daxili işidir. Və rəsmi Bakı Azərbaycanın daxili işlərinə kimlərinsə qarışmasına imkan vermək niyyətində deyil.
Ermənistanın keçmiş baş qərargah rəisi, general-polkovnik Movses Akopyan da “Qarabağ” mövzusunun müzakirə gündəliyində artıq yer almadığını vurğulayıb: “Azərbaycan “Qarabağ problemi” ilə bağlı artıq danışıqlar aparmır. Ermənistan tərəfi də bu məsələ ilə bağlı rəsmi Bakıdan heç bir şey soruşmur. Yəni, rəsmi Bakının mövqeyi Ermənistan tərəfini bu mövzunu tamamilə qapatmaq məcburiyyətində buraxıb”.

Onu da qeyd etmək lazımdır ki, ikinci Brüssel görüşündən sonra Ermənistan baş naziri Nikol Paşinyan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulamışdı. O, bildirmişdi ki, “Qarabağ məsələsi” rəsmi İrəvan üçün ərazi deyil, orada yaşayan ermənilərin hüquqları ilə bağlı problemdir. Yəni, Paşinyan hakimiyyəti Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması üçün rəsmi Bakının beş prinsipial şərtini qəbul edir.
Təbii ki, revanşist erməni müxalifətinin kütləvi etiraz aksiyaları Cənubi Qafqazda sülh prosesini bir qədər ləngitsə də, artıq birbaşa təmasların yenidən intensivləşməsi üçün münbit şərait yaranmağa başlayıb. Qarabağ klanı Paşinyan hakimiyyəti ilə mübarizədə həlledici məğlubiyyətə uğramaq üzrədir. Ukrayna savaşında məğlub durumda olan Rusiya isə ciddi şəkildə zəifləməkdədir. Yəqin ki, müəyyən dövrdən sonra Kreml regionda gərginlik yaratmaq imkanlarını böyük ölçüdə itirmiş olacaq.
Ona görə də hesab etmək olar ki, Azərbaycan və Ermənistan arasında Brüssel prosesi üzrə sülh danışıqları yenidən intensivləşəcək. Böyük ehtimalla ABŞ və Qərbin də tövsiyyə etdiyi kimi, tezliklə sülh sazişinin imzalanması reallığa çevriləcək. Hər halda, Paşinyan hakimiyyətinin bundan yayınmasının mümkünlüyü artıq o qədər də inandırıcı təsir bağışlamır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” 
Tarix: 12-05-2022, 22:15
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}