İranın Zəngəzur ağrısı


 
İran Ermənistanın Qafan şəhərində baş konsulluq açıb.
İnformasiya kanalları yayıb ki, İran İslam Respublikasının Ermənistandakı səfirliyi məlumatı təsdiqləyib və bu barədə əlavə informasiyanın daha sonra veriləcəyini bildirib.
Abedin Vəramin İranın Qafan şəhərində baş konsulu təyin olunub.
FotoJet - 2022-08-12T092356.571.jpg (60 KB)
İnformasiya avqustun 11-i gecə saatlarında yayılıb və hələlik İran mediasında və Xarici İşlər Nazirliyinin rəsmi saytında bu barədə məlumat verilməyib.
Qafana konsul təyinatı İranın Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarıyla eyni dövrə təsadüf edir. İran ali dini liderinin iyulda Türkiyə prezidenti ilə görüşdən sonra rəsmi sosial şəbəkə hesabından İran-Ermənistan sərhədinin bağlanmasına qarşı olduqlarını, iki ölkə sərhədinin neçə min illik əlaqə yolu olmasını vurğulamasının ardınca bu həftə Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı İran prezidenti İbrahim Rəisi ölkəsinin Qafqaz regionunda heç bir geosiyasi dəyişikliyi qəbul etməyəcəyini bildirib.
1660203955401.jpg (125 KB)
İslam Respublikası rəhbərliyinin Ermənistanla sərhədlərinə bu qədər həssas yanaşması və hər dəfə beynəlxalq hüquqa istinad etməsi gülünc görünür. Çünki rəsmi Tehran 30 il ərzində işğal altında qalan Azərbaycan torpaqları ilə bağlı Ermənistan rəhbərliyinə hər hansı iradını bildirməyib, Azərbaycanla sərhədlərinin regionda geosiyasi dəyişiklik olmasını vurğulamayıb. Lakin istər 44 günlük müharibə dövründə, istərsə də ondan sonrakı mərhələdə İran rəhbərliyi Ermənistan mövzusunda, xüsusən də sərhədlərin toxunulmazlığı ilə bağlı dəfələrlə ən yüksək səviyyədə bəyanatlar verib, hətta Azərbaycanı təhdid edib.
Doğrudanmı Ermənistanla sərhəd İran üçün bu qədər mühüm əhəmiyyət kəsb edir? Dini liderin ifadə etdiyi “min illik əlaqə yolu” İslam Respublikası üçün bu qədər vacib və vazkeçilməzdir? 2 milyonluq əhalisi olan, dənizlərə çıxışı olmayan Ermənistanla 46 kilometrlik sərhədin əlbəttə ki, İslam Respublikası üçün xüsusi iqtisadi əhəmiyyəti yoxdur. Üstəlik, İran rəsmiləri özləri də dəfələrlə etiraf edib ki, Azərbaycanla daha geniş və əlverişli ticari-iqtisadi əlaqələr var.
Məsələ beynəlxalq hüquq və tanınan sərhədlərin toxunulmazlığı prinsipi də deyil. Elə olsaydı, 30 illik işğal dövründə İran rəhbərliyi bu şərti Ermənistan rəhbərliyi qarşısında qaldırardı.
Görünən odur ki, hazırda Ermənistan İranın Cənubi Qafqazda yeganə müttəfiqinə çevrilib. Gürcüstanın İranla birbaşa sərhədi yoxdur, üstəlik Tiflis artıq Qərb blokunda yer alıb. Azərbaycan isə Türkiyə ilə hərbi-siyasi müttəfiqdir və regional siyasətdə birgə hərəkət edir. Ortada qalan yeganə ölkə Ermənistandır ki, İranı özü üçün nəfəslik hesab edir. 44 günlük müharibədə hətta Gürcüstanın öz ərazisindən Ermənistana silahların daşınmasına icazə verməməsi buna sübut idi. Bu mənada hazırda Cənubi Qafqazda İranın yeganə tərəfdaşı Ermənistandır.
Digər tərəfdən, Cənubi Qafqazı Rusiyanın təsir zonası kimi qəbul edən və bununla barışan İran regiona yeni oyunçunun – Türkiyənin daxil olmasını həzm edə bilmir. 44 günlük müharibə və ardınca imzalanan Şuşa Bəyannaməsi Ankaranın Cənubi Qafqazda mövqelərini möhkəmləndirdi. Tehran isə yeni reallıqla barışmaq istəmir. Bu səbəbdən də əlində qalan yeganə vasitə olan Ermənistanı buraxmaq istəmir, hər vəchlə İrəvanın yanında dayanır, onu hər addımda dəstəklədiyini göstərir.
Aliyev_and_Erdogan_signed_Shusha_Declaration_on_allied_relations_3.jpg (2.01 MB)
Əlbəttə, məğlub, qonşuları ilə sərhədləri qapalı olan Ermənistan İran üçün strateji baxımdan hər hansı bir perspektiv vəd etmir. İrəvan İranın embarqolarının yarılmasında heç bir rola malik deyil, həmçinin Ermənistan üzərindən İran hər hansı iqtisadi, enerji və nəqliyyat dəhlizi yarada bilməz. Həmçinin hərbi-siyasi baxımdan da Ermənistanın indi Qafqazda hər hansı ciddi rolundan danışmaq mümkün deyil. Bunu Tehranda da gözəl bilirlər, amma Tehran Qafqazdakı yeni siyasi reallığı qəbullana bilmir. Bu səbəbdən də sonuncu ümidi olan Ermənistandan bərk yapışıb, İrəvan vasitəsilə Qafqazda siyasi proseslərə təsir etmək istəyir. Yoxsa ki, 30 ildən sonra 30 min kv.km ərazisi olan Ermənistanda ikinci diplomatik təmsilçiliyi Zəngəzurda – Qafanda yaratmaq fikrinə düşməzdi.
İndiki situasiyada İranın bu addımlarının Qafqazda baş verən böyük siyasi proseslərə hər hansı ciddi təsirinin olacağı inandırıcı deyil. Necə deyərlər, qatar artıq gedib. İran Qafqazdakı yeni reallıqla barışmaq zorundadır. Bu addımlar, Ermənistana sözlü dəstək indi vaxtda İran üçün heç nə qazandırmır. Əksinə, onun qalib tərəf olan Azərbaycan və Türkiyə ilə münasibətlərini zədələyir.
O da aydındır ki, İran Ermənistan üçün strateji seçim istiqaməti deyil. Ermənistan artıq çox illər əvvəl ixtiyarını Rusiyaya verib, Paşinyan hakimiyyəti isə qərbyönümlü kurs götürüb və buna görə də vaxtaşırı Rusiya tərəfindən “cəzalandırılır”. Aydın məsələdir ki, həlledici məqamda Ermənistan Moskvadan gələn direktivə və ya Qərbin iradəsinə uyğun addımlar atacaq. 2018-ci ilin payızında ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun İrəvana səfəri göstərdi ki, Ermənistan İrana heç də “sadiq” qonşu deyil.
5bd0c9d79c18c_bolto-1540407004.jpg (63 KB)
Bütün bunları nəzərə alanda İranın erməni “təəssübkeşliyinin” daha çox Azərbaycana təzyiq mahiyyətində olduğu anlaşılır. Lakin yuxarıda da qeyd olunduğu kimi, bu cür “at gedişlərinin” indiki zamanda Qafqazdakı siyasi situasiyaya təsir edəcəyi real deyil. Abedin Vəraminə isə Zəngəzur dəhlizindən keçən maşınları saymaqdan başqa bir iş qalmayacaq.Musavat.com 
Tarix: 12-08-2022, 21:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}