Qarabağda ildırımsürətli əməliyyat - cəmi 6 aya...


Bakı böyük oyunçuların əlindəki “erməni kartı”nı artıq vurub; İrəvan bir də müharibəni seçərsə...

Ermənistan rəhbəri Nikol Paşinyanın iki il öncə elan elədiyi “sülh gündəliyi”nin əslində real sülhə heç bir dəxli olmadığı artıq şübhə doğurmur. Rəsmi İrəvanın Bakı ilə böyük sülh anlaşması imzalamaq istəmədiyi, yalnız oyun oynamaqla vaxt udmağa çalışdığı bir daha təsdiqlənir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bir neçə gün öncə İrəvanda uydurma “dqr”in yeni “xarici işlər naziri” Arsen Qazaryanı qəbul edərək, onu bu “vəzifəyə” təyin olunması münasibətilə təbrik eləməsinə başqa hansı ad tapmaq olar ki?
Erməni mediası yazıb ki, Mirzoyan “qarabağlı həmkarı ilə Laçın dəhlizindəki vəziyyəti” müzakirə edib, ona öz “fəaliyyəti”ndə uğurlar arzulayıb. Görəsən, o hansı “fəaliyyətdir” elə? Əlbəttə ki, Azərbaycan dövləti əleyhinə fəaliyyət! Separatçı fəaliyyət. Çünki xarici işlər naziri postu yalnız müstəqil, suveren dövlətlərdə olur. Yəni Mirzoyan Qazaryana digər separatçılarla birgə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə meydan oxumaqda, Azərbaycan Konstitusiyasına qarşı cinayətkar əməlləri davam eləməkdə uğurlar arzu edib.
Sonra da Nikol Paşinyan başda olmaqla, bir ağızdan bayatı oxuyurlar ki, “Qarabağ Ermənistan üçün ərazi məsələsi deyil, hüquq məsələsidir, biz Azərbaycanın ərazi bütövlüyünü tanımışıq”. Bu harasıdır, üstəlik, utanmazcasına beynəlxalq hüquqdan dəm vurur, Azərbaycanın Ermənistanın ərazisinə girdiyini iddia edirlər.

Göründüyü kimi, Ermənistan rəhbərliyi açıq-aşkar beynəlxalq hüquqa saymazlığını, BMT Nizamnaməsinə riyakar münasibətini, sülhün deyil, məhz müharibənin tərəfdarı olduğunu nümayiş etdirir. O zaman müharibəni də alacaq. Azərbaycan sözsüz ki, müharibə istəmir, ancaq müharibəyə də hazırdır. O zaman qarşı tərəf bunun ağır bədəlinə hazır olsun. 
Bəs yaranmış durumda nə etməli?
Əlbəttə ki, Qarabağın yerdə qalan hissəsində də Azərbaycanın suverenliyinin bərqərar edilməsi yönündə daha qətiyyətli, daha prinsipial və daha ardıcıl olmaq! Eyni zamanda “qamçı və kökə” siyasətini səliqəli şəkildə davam etdirmək. Yəni qanunsuz silahlı dəstələrə qarşı amansız olmaq, onların dərsini verməklə yanaşı, Qarabağdakı dinc erməni əhali ilə işləri, təmasları gücləndirməli, onların cəmiyyətimizə inteqrasiyası üçün stimullaşdırıcı tədbirləri intensivləşdirməli, ümumən bunun üçün bitkin bir “yol xəritəsi” ortaya qoymalı və ayrı bir çıxış yolunun qalmadığına Qarabağ ermənilərini israrla, səbir və təmkinlə inandırmalıyıq...
*****
“Son vaxtlar gedən proseslər onu göstərir ki, Qarabağın dağlıq hissəsində ermənilərin yaşadığı ərazilər yaxın 6 ayda Azərbaycanın yurisdiksiyasına keçəcək”.
Bunu politoloq Qabil Hüseynli Musavat TV-nin efirində deyib.

“Azərbaycan Ordusunun kəşfiyyat qüvvələri həm yerdən, həm də peyk, həm də dronlardan istifadə etməklə qanunsuz erməni silahlılarının yerləşdiyi ərazilərin hamısını nəzarətdə saxlayır. Yəni Azərbaycan Ordusunun əlində bununla bağlı dəqiq kəşfiyyat məlumatları var. Əgər bu qanunsuz silahlılar ərazimizdən sonuncu nəfərinə qədər çıxmasa, Azərbaycan Ordusu bütün detallarına qədər işləyib hazırladığı məhdud miqyaslı antiterror əməliyyatını tətbiq edəcək. Bu əməliyyatda dağ qoşun hissələri, xüsusi təyinatlılar, komandolar - ordumuzun elitası iştirak edəcək, döyüş texnikalarımız, xüsusilə PUA-lar tam hazır vəziyyətdədir. Bu, bizim Qarabağda keçirdiyimiz antiterror əməliyyatı olacaq. Əməliyyatın müddəti 3-5 gün çəkəcək - ildırımsürətli əməliyyat olacaq”.
Niyə də olmasın? İrəvan rəsmilərinin separatçı ünsürlərə açıq-aşkar və hər cür dəstək verməsi, qondarma “xin” başçısını rəsmi şəxs kimi qəbul eləməsi, həmçinin oyuncaq rejimə maliyyə yardımlarını getdikcə artırması əslində bunu qaçılmaza çevirib.  
Öz növbəsində Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Hasan Oktay hesab edir ki, hazırda çox təhlükəli bir vəziyyət yaranıb: “Çünki Rusiya Abxaziya, Cənubi Osetiya, Donbas və Krım modelini Qarabağda da tətbiq etmək istəyir. Ancaq müharibə səbəbindən Rusiyanın bu istəyi ürəyində qalıb. Rusiya bir tərəfdən bölgəni nəzarətdə saxlamaq istəyir, digər tərəfdən də məsələyə Ermənistanla Azərbaycan arasında problem kimi baxdığını bildirir”.
Analitikin sözlərinə görə, mövcud vəziyyət Ermənistana sərf etmir: “Ona görə ki, Qarabağ indiki Ermənistan hakimiyyəti üçün ciddi iqtisadi yükdür. Azərbaycan üçün də 44 günlük müharibədən sonra Qarabağ probleminin yenidən başlaması təhlükəlidir”.
Politoloqun fikrincə, əslində Rusiya regionda kiçik problemləri qabartmaqla, buna diqqət çəkməklə Ruben Vardanyan üzərindən vaxt qazanmağa çalışır: “Əgər Moskva Vardanyanı Qarabağa göndərməklə əldə etmək istədiyi nəticəni qazanıbsa, onu başqasının əvəz etməsinə göz yuma bilər. Əks halda, məsələni böyüdərək bölgədə mövcudluğunu davam etdirməyə çalışacaq. İstənilən halda Rusiya sülhməramlı qüvvələrinin Qarabağda qalma müddətini uzatmaq üçün mövcud böhranları daim tətikləyəcək”.
*****
Rusiyanın əl ata biləcəyi mümkün ssenarilər, “kartlar” isə təxminən bəlli. Azərbaycan da, Türkiyə də çoxdan bunun fərqindədir. Nə yaxşı ki, Bakı Kremlin, eləcə də digər qlobal güclərin əlindəki “erməni kartı”nı faktiki vurub. Üstəlik, Rusiya indi heç vaxt olmadığı qədər və kifayət qədər uzun müddətə Azərbaycan-Türkiyə tandemindən asılı duruma düşüb. Hansı tandemi ki, həm də Şuşa Bəyannaməsi birləşdirir...
Siyasət şöbəsi
Tarix: 17-01-2023, 10:52
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}