“Ermənistan istənilən halda uduzacaq” – Erməni yazarın xəyal qırıqlığı



ABŞ Ticarət Nazirliyi dünən 71 müəssisəyə qarşı ixrac məhdudiyyəti tətbiq etdi. Şirkətlərdən 69-u Rusiyaya, biri Qırğızıstana aiddir. Ermənistanın sənaye və laboratoriya kimyası məhsullarının idxalı ilə məşğul olan “Medisar” şirkəti də sanksiyaya məruz qalanlar siyahısındadır. 
 
44 günlük müharibədə və ondakı sonrakı proseslərdə Rusiyadan gözlədiyi dəstəyi ala bilməyən Ermənistanın bir də ABŞ-ın sanksiyalar siyahısına düşməsi İrəvanda böyük məyusluq yaradıb. “ArmenianReport”un müəllifi Razmik Hakobjanyan dünən qələmə aldığı məqaləsində bu məyusluğunu dilə gətirib.
 
Ovqat.com erməni müəllifin “Acı həqiqət: Ermənistan istənilən halda uduzur sərlövhəli məqaləsini olduğu kimi təqdim edir:
 
ABŞ Ticarət Nazirliyi cümə günü bildirib ki, Rusiya, Qırğızıstan və Ermənistandan olan 71 şirkətə qarşı yeni sanksiyalar və ixrac məhdudiyyətləri elan edib. Bu şirkətlər, ABŞ hökumətinin müəyyən etdiyi kimi, ABŞ-ın milli təhlükəsizlik və xarici siyasətinin maraqlarına zidd fəaliyyət göstərir. Siyahıda Ermənistandan yalnız bir şirkəti var, amma bunun fərqi yoxdur. Önəmli olan odur ki, “sanksiya” sözü ilə Ermənistanın adı ilə eyni sırada çəkilir.
 
Biz neçə illərdir ki, Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edirik. Lakın indiyədək heç bir tələbimiz yerinə yetirilmir. Hətta 44 günlük müharibədə Türkiyə-Azərbaycan tandemi Ermənistan və Qarabağa qarşı təcavüzə başlayandan, bu müharibə zamanı Pakistan və Yaxın Şərqdən olan yaraqlılardan istifadə etdikdən, Ermənistanın suveren ərazisini ələ keçirdikdən sonra da tələblərimizə əhəmiyyət verilmədi.
 
İndi də Azərbaycana qarşı heç bir sanksiya yoxdur. Daha artığını deyəcəyəm - onların sanksiya siyahısına salınması ümumiyyətlə gözlənilmir. Çünki bunu etiraf etmək bizim üçün nə qədər xoşagəlməz olsa da, Azərbaycan məharətlə manevr etməyi bacarır. Azərbaycan “Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan” dövlət statusundan fəal şəkildə faydalanır. 
 
Üstəlik, Azərbaycan Ukraynanı da dəstəkləyir. Rusiya ilə münaqişədə Ukraynanın ərazi bütövlüyü prinsipi çərçivəsində həllinin vacibliyini bəyan edərək, ora humanitar yüklər göndərir. Bu yardımlar az ola bilər, amma mövcuddur. Biz isə bunu edə bilmərik. Qərb də gördüyümüz kimi, bizim problemlərimizi, Rusiyadan asılılığımızı, bundan irəli gələn çağırışları anlamaq istəmir.
 
İndi isə gəlin hər şeyə öz baxışımızdan baxaq. Ukraynanın Müdafiə naziri Oleksiy Reznikov bildirib ki, ölkəsi NATO-nun Vilnüs sammitindən gələcək tərəfdaşlığa dair “real siqnal” gözləyir, çünki bu gün Ukrayna “Rusiya imperiyasının aqressiv qabiliyyətini məhv etməklə” NATO funksiyasını yerinə yetirir. Çox güman ki, onun NATO-ya qəbulu məsələsi artıq həll olunub. Eynilə Aİ-yə daxil olması məsələsi kimi
 
Bəs bizim axırımız nə ilə bitəcək? Axı Azərbaycan yaxın zamanlarda NATO və Aİ-yə üzv olacaq Ukraynanın strateji müttəfiqinə çevriləcək. Eyni şəkildə Azərbaycan NATO-nun üzvü olan və Macarıstan da daxil olmaqla “türk dünyasını” genişləndirən Türkiyənin strateji müttəfiqidir. Yeri gəlmişkən, Ukrayna da o ittifaqa göz dikib.
 
Bəs bizə nə qalır? Rusiyaya sanksiyalardan yan keçməkdə onun yardımçısı kimi tanınan dövlətin vətəndaşları statusu. Mən hələ KTMT və Aİİ üzvü olan dövlət statusunu demirəm. Onlardan, xüsusən də KTMT-dən bizə heç bir fayda yoxdur. Yalnız zərəri var.
 
Bəs başqasının dərdi kimin vecinədir? Müasir siyasi dünya dəhşətli dərəcədə aqressivləşib, ağa-qaraya, özününkü və özgələrə bölünüb.
 
Ona görə də Rusiya Azərbaycanı Aİİ-yə bu qədər fəal şəkildə cəlb etməyə çalışır. Azərbaycan isə bu təklifdən fəal şəkildə imtina edir. O, çoxdan öz iqtisadiyyatını Qərbə yönəldib. Azərbaycanın bütün enerji layihələri Aİ ilə bağlıdır. Bu da Azərbaycana qarşı sanksiyaların olmamasının və olmayacağının başqa səbəbidir. Eyni səbəbdən Azərbaycanın növbəti təxribatları qarşısında Qərbin susqunluğunu görmək riski ilə üzləşirik.
 
Tamamilə göz qabağındadır ki, Bakı buna hazırlaşır. Amma problem ondadır ki, ABŞ, Aİ və Rusiyada hamı bunu görür, amma hər kəs öz oyununu oynayır. Eyni səbəbdən ATƏT-in Minsk qrupu da dağıldı. Rəsmi Bakının maraqlarına uyğun olaraq. İndi Azərbaycan Qərblə Rusiya arasındakı münasibətlərdə davam edən, görünməmiş böhrandan məmnundur. Biz şeylərə ayıq nəzər salmalıyıq.
 
Və bugünkü Moskva görüşü də son dərəcə soyuqqanlılıqla qiymətləndirilməlidir. Bu, Rusiyaya hələ də regionun əsas nəzarətçisi olduğunu göstərmək üçün lazım idi. Rusiya bu rolu boğularkən samandan yapışan adam kimi oynayır. Amma bu, bizim işimizi asanlaşdırmır. Çünki əvvəlki və indiki hakimiyyət Ermənistanı istənilən halda uduzacaq həddə çatdırıb. Və onu görməmək sadəcə mümkün deyil.
 
Tərcümə Ovqat.com-a aiddir.



Tarix: 20-05-2023, 16:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}