ABŞ-dən müharibə anonsu: Zəngəzurdan başlayır – Üzü Naxçıvana tərəf...

ABŞ-dən müharibə anonsu: Zəngəzurdan başlayır
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Bir neçə gündür Ermənistanın aktiv şəkildə şərti sərhəddə canlı qüvvə və texnika toplaması, hücum istehkamları qurması haqda məlumat yayılır. Azərbaycan Müdafiə Nazirliyi də bunu təsdiqləyib. Nə baş verir, Ermənistanı nə və ya kimlər təxribata çəkir?

- Bəli, son zamanlarda Ermənistan siyasi rəhbərliyinin ritorikası sərtləşib. Əvvəlki “sülh çağırışları” davakar mesajlarla əvəzlənməyə başlayıb. Bu o zaman başladı ki, Fransa Ermənistanla hərbi-siyasi əlaqələrini daha da gücləndirdi, Avropa Birliyi vədlər verdi, Vaşinqton da bu dəstəyə qoşulur. Aprelin 5-də Brüsseldə Ermənistana yardımla bağlı Avropa Birliyi və ABŞ ilə konfrans keçiriləcək.

Toplantıda beynəlxalq hüquqa uyğun olmayan, Azərbaycanı təhdid edə biləcək duruma imza atmaq istəyirlər. Bu, sözün əsl mənasında beynəlxalq hüququ ayaq altına atıb tapdalamaq deməkdir.

Azərbaycan bu təhdidlərdən qorxmur. Azərbaycan sülh müqaviləsinə əngəl ola biləcək bu görüşü pisləyir. Azərbaycanın məqsədi sülh müqaviləsinin tez bir zamanda imzalamaqdır. İndi Ermənistan bunu istəmirsə, Azərbaycan hər vəziyyətə hazırdır. Təhdidlər bizi haqlı yolumuzdan döndərə bilməz.

- ABŞ şərti sərhəddə eskalasiya riski barədə xəbərdarlıq edib. Hadisələrin belə bir məcraya yönələcəyi ehtimalı nə qədərdir?



- Ermənilər sərhəddə təxribata yol açan ciddi işlər görürlər, istehkamlar tikirlər, texnika daşıyırlar. Bir sözlə, ərazini hərbiləşdirirlər. Canlı qüvvənin əsas hissəsi Zəngəzur istiqamətində toplanır, üzü də Naxçıvana tərəf...

Əlbəttə, indiki məqamda müharibənin olacağı ehtimalını qəbul etmirəm. İrimiqyaslı yox, hətta lokal toqquşma belə bölgədəki kövrək vəziyyəti nəzarətdən çıxara bilər. Belə bir gəlişmə sülh prosesini ləngidəcək. Nəticədə bölgə yenidən müharibələr və toqquşmalar dönəminə qədəm qoya bilər.

- Aprelin 5-də ABŞ və Avropa Birliyinin Ermənistana təhlükəsizlik təminatı verəcəyi, hərbi pakt formalaşdırılacağı ilə bağlı iddia da var. Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun davam etdiyini nəzərə alsaq, bu mexanizm nə qədər işlək olacaq?

- Bəli, hərbi-siyasi pakt yaratmaq istəyirlər. Bunu açıq şəkildə demirlər, rəsmi açıqlamada Ermənistana “iqtisadi və humanitar yardım”dan bəhs olunur. Əslində, onların məqsədi bölgəyə gəlmək, Rusiyanı sıxışdırıb çıxarmaq və Ermənistanın Azərbaycana qarşı müqavimət gücünü artırmaqdır.

Zənnimcə, hərbi-siyasi paktın formalaşdırılması ümumi işə xeyir gətirməyəcək, əksinə, sülh danışıqlarını tamamilə dayandıra, vəziyyəti xeyli kəskinləşdirə bilər.

- Bölgədə artan gərginlik fonunda İrandan Azərbaycana yönəlik təhdidlərin gəldiyini də görürük. Tehrandan bir hədyan da İsrail İranın Suriyadakı konsulluğunu vurduqdan sonra gəldi. İranlı deputat birbaşa İsrailin ölkəmizdəki səfirliyinin vurulmasına çağırış etdi. Maraqlıdır ki, İran konsulluğunu vuran İsraildir, Tehran niyə Azərbaycanı hədəf göstərir?

- Mollalar Azərbaycanı “kiçik dövlət” hesab edirlər. Mollaların işi dolaşığa düşən kimi Azərbaycanı “günahkar” görürlər. Sən İraq və Suriyanı qarışdırırsan, bölgədə həmişə gərginlik yaratmağa çalışırsan. SEPAH-ın Suriyada nə işi var? SEPAH-ın təlim keçən generallarının orada nə edirlər?

Düzdür, konsulluğun vurulmasını qəbahət hesab etmək olar, amma bu, İranla İsrail arasında olan məsələdir. İsrail də açıq şəkildə bildirir ki, HƏMAS-ı silahlandıran və onun üstünə göndərən İrandır. Buna görə də yavaş-yavaş İrandan intiqamlarını almağa başlayıblar.

Bizi təhdid edən İran ciddi şəkildə peşman olacaq. Zatən, İrana qarşı ABŞ və İsrailin birgə hərbi əməliyyatı hazırlanır. İran bu əməliyyatların reallaşmasına rəvac verəcək ehtiyatsız hərəkət etsə, vəziyyət qarışacaq. İran başında böyük qələt edir.

- ABŞ-nin İran üzrə xüsusi komissarı Abram Peylinin Azərbaycana səfərinə hansı kontekstdə baxmalıyıq? Peyli Bakı ilə yanaşı, Tiflis və İrəvanda da oldu, hər üç paytaxtda İran məsələsini müzakirə etdi.

- Amerikalı diplomat Bakıda ABŞ-Azərbaycan münasibətlərini müzakirə elədi. Bu kontekstdə İranla bağlı məsələləri önə çəkdi. Amerika yaxşı bilir ki, İran hər addımda Azərbaycanı təhdid edir. Üstəgəl, İranda – Güney Azərbaycanda 40 milyona yaxın azərbaycanlı yaşayır. ABŞ dəfələrlə İranda azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulmasını beynəlxalq təşkilatlar, BMT və dünya mediasının gündəminə çıxarıb.

Amerika indi də orada yaşayan azərbaycanlılar və digər etnik azlıqların hüquqlarını qorumaq üçün lazımi tədbirlər görməyə hazır olduğunu bildirir.

Zənnimcə, ABŞ diplomatının Azərbaycana səfəri genişspektrli məsələlərin müzakirəsi ilə bağlıdır. Deyərdəm ki, bunlar Azərbaycan üçün xeyirli müzakirələrdir.
Tarix: 3-04-2024, 11:24
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}