Medianı Dövlət Neft Fondu ilə səhv salanlar…

Medianı Dövlət Neft Fondu ilə səhv salanlar… Yaxud 500 tirajlıq qəzetə 100 minlik iddia…

Çağdaş Azərbaycan mediasında müşahidə olunan əsas problemlərindən biri də media orqanlarına qarşı qaldırılan məhkəmələr və bu məhkəmələrdə irəli sürülən fantastik məbləğlərdir. Belə ki, bəzən həftədə bir və ya iki dəfə 500-1000 tirajla çıxan, satış gəliri redaksiya heyətinin əmək haqqısını ödəməyə çatmayan qəzetlərə qarşı 50-100 min manatlıq məhkəmə iddiaları irəli sürülür ki, bu da həmin media orqanlarının fəaliyyətini sual altında qoyur. Reklam bazarından demək olar ki, məhrum olan, dövlət tərəfindən ayrılan maliyyədən əsaslı dərəcədə asılı olan media orqanlarına qarşı bu cür iddiaların irəli sürülməsi və əksər hallarda məhkəmələrin aşağı-yuxarı bu iddiaları təmin etməsi media orqanlarını çox ağır vəziyyətə salır. Bir media orqanının büdcəsini dəfələrlə aşan bu cür cərimələrin tətbiqi faktiki olaraq onları bağlanmaq, yaxud öz fəaliyyətlərinə ara vermək məcburiyyəti qarşısında qoyur ki, bu da yolverilməzdir. Mediaya varlanmaq mənbəyi kimi baxan, onu Dövlət Neft Fondu ilə səhv salan bəzi şəxslər mətbuatdan mətbuatın özü üçün də əlçatmaz olan vəsait tələb edirlər ki, bunun absurd olduğu göz önündədir.
Bundan başqa, məhkəmələrdə bəzən fərd olaraq jurnalistlərə qarşı da onların aylıq əmək haqqısının 100-200 və ya daha çox mislində cərimələr tətbiq olunur ki, bu da faktiki olaraq həmin şəxsin müflis edilməsi, onun əsgəri büdcədən, minimal dolanışıq imkanından da məhrum edilməsi deməkdir. Bu səbəbdən də qanunvericilikdə həm fərd olaraq jurnalistlərə, həm də media orqanlarına qarşı tətbiq edilən cərimələrin maksimum həddinin müəyyənləşdirilməsinə ehtiyac var. Bu məbləğ medianın mövcud reallığına uyğun olaraq elə səviyyədə müəyyən ediməlidir ki, onu ödəmək jurnalist və redaksiyaların imkanı daxilində olsun, habelə cərimələrin çoxluğu onların fəaliyyətinə maneçilik törətməsin.
Onu da qeyd edək ki, bu gün məhz jurnalistlərə və media orqanlarına qarşı məhkəmələr tərəfindən qəbul ediln fantastik məbləğlərin çoxluğu bir çox media əməkdaşlarının daha ciddi və cəsarətli yazılar yazmasını əngəlləməkdə, onlar üçün potensial qorxu mənbəyi olaraq qalmaqdadır. Bu isə media azadlığı, onun inkişafı baxımından yolverilməzdir.

Seymur Əliyev
Tarix: 18-03-2017, 08:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}