Telekanallar – Müasir hibrid savaşlarının ağır artilleriyaları

 

Müasir çağımızda adını tez-tez eşitdiyimiz hibrid savaşlarının tarixi əslində çox qədimdir. Tarixi sənədlər adı qoyulmamış hibrid savaşlarından biri eramızdan əvvəl V əsrdə qeydə alınıb. 
 
Peloponnes müharibəsi adlanan bu savaş iki fərqli siyasi dünyagörüş arasında çıxmışdı. Məlumata görə, müharibənin bir iştirakçısı Afina demokratiya ilə idarə olunur, Spartada isə aristokratik idarəetmə hakim idi. İki mərhələdən ibarət olan Peloponnes müharibələrinin hər ikisini Spartalılar qazanmışdı. Savaşın birinci mərhələsində Afinalılar hərbi cəhətdən özlərindən çox-çox üstün olan Spartalılara bağlı olan Helotları üsyana təşviq edərək qiyama qaldırmış və güclü düşməni sülh müqaviləsi bağlamaq məcburiyyətində buraxmışdı.
 
Spartalıların tam və qəti qələbəsi isə 6 il sonra başlayan İkinci Peloponnes savaşında reallaşmışdı. Egey dənizi və İoniyada yerləşmiş, Afinadan asılı olan dövlətlərə Spartalıların yardım göstərərək öz tərəfinə çəkmiş, beləcə regionda Afinanın qüdrətini tamamilə yox etmiş və dənizlərdəki ağalığına son vermişdir. Klassik müharibə metodlarından fərqli üsullara əl atılan hər iki Poleponnes müharibələri məhz bu özəlliklərinə görə də bir çox tarixçilər tərəfindən “ilk hibrid savaşı” kimi dəyərləndirilir.
 
Bu nümunədən də gördüyümüz kimi, hibrid savaşı ilk növbədə düşməni öz gücüylə məğlub etmək strategiyasına söykənir. Məhz bu prinsiplərə söykəndiyi üçün hibrid savaşının məqsədləri və alətləri də fərqlidir. Əsas məqsəd isə hədəf ölkələri iqtisadi cəhətdən çökdürmək, xalqı öz rejimlərinin üzərinə qaldırmaq, onu bu cür metodlarla boyunduruq altına almaqdır. Bu məqsədlər hibrid savaşlarının silahlarını da müəyyənləşdirir. Silahlardan biri iqtisadi sanksiyalar, digəri diplomatik basqılar, bir başqası isə hədəf ölkənin əhalisini hakimiyyətə qarşı qaldıran güclü informasiya kanallarıdır.


 
İkinci dünya müharibəsindən sonra daha çox üstünlük verilən hibrid savaşlarının xarakterinə nəzər salanda, demək olar ki, bütün ölkələrdə eyni metodlardan istifadə olunduğunu görürük. İlk növbədə, hədəf ölkədə yaşayan və öz haqqının tapdalandığını düşünən insanlar bir təşkilatda birləşdirilir. İnsanları təşkilatlanmağa təşviq etmək üçün hədəf hökumətlər haqqında tənqid kampaniyaları başlayır. Sözsüz ki, sözügedən tənqid kampaniyasında gerçək hadisələr əsas götürülür onlar şişirdilərək xalq təqdim olunur. Bu informasiya hücumları hədəf ölkədəki kiber müharibə elementləri vasitəsilə həyata keçirilir. Hədəf hökumətin gizli fəaliyyətləri, saxtakarlıqları, korrupsiyaya bulaşması və s. kimi cinayətləri sənəd-sübutlarla ifşa olunur. İri məmurların harınlamış övladlarının bəd xərclikləri və əxlaqsız əyləncələrə milyonlarla pul xərcləmələri, ölkənin sadə vətəndaşlarının isə acından köpük qusmaları hibrid müharibə təbliğatı texnologiyasının ən rəvacda olan mövzularındandır. Beləcə yarıgerçək, yarıyalan şişirdilmiş xəbərlərlə haqqı tapdalandığı üçün onsuz da narazı qalan xalq kütlələri meydanlara çıxmağa təşviq olunur. Hədəf ölkənin hüquq-mühafizə orqanları sərt üsullarla bu etirazların qarşısını alanda maraqlı güclərin informasiya kanalları hadisələri yenə şişirdə-şişirdə təqdim edirlər. Bu informasiyalar ümumxalq nifrətini bir az da artırır. Meydanlara çıxanların sayı və etirazların şiddəti böyüyür. Yerli hakimiyyətlərin qarşı tədbirləri də aqressivləşir və sonunda qan tökülür


 
Beləcə şiddətlənə-şiddətlənə nəzarətdən çıxan hadisələr hədəf hökumətlərin xalq nəzdində nüfuzdan düşməsinə və prosesləri idarə edə bilməz hala gəlməsinə yol açır. Sonunda xalq etirazları ilə başlayan narazılıqlar vətəndaş müharibəsinə çevrilir. Hadisələr bu mərhələyə gəldikdən sonra maraqlı dövlətlər üsyana qalxan narazı kütlələri silahla təchiz edir, onlara mənəvi dəstək vermək üçün öz ordularını sərhədə yaxın bölgələrə yerləşdirir. Nəticədə hədəf ölkələrin hökumətləri xalq üzərində təsir gücünü büsbütün itirir və devrilir. Əksər hallarda ölkələr də bir neçə yerə parçalanır.
 
Biz bu prosesin bariz nümunəsini “ərəb baharları” zamanı müşahidə etdik. Qətərin “Əlcəzirə” telekanalı ərəb dünyasında daxili müharibələrin qızışdırılmasında, daha sonra isə hədəf ölkələrin bir neçə yerə parçalanmasında müstəsna rol oynadı. Sözsüz ki, bu planın arxasında dünyanın nəhəng gücləri dayanır, Qətərdən sadəcə “Seyid Əhməd əli” kimi istifadə edirdilər


 
Eyni metodlardan Rusiyanın da Ukraynaya, Gürcüstana, Moldovaya, hətta Azərbaycana qarşı istifadə etdiyini görürük. Bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Rusiyadan yayımlanan bütün telekanallara və internet mediasına senzura tətbiq etdi və ölkədə yayımlanmasının qarşısını aldı. Zelenski bu addımını Rusiyanın hibrid müharibəsi ilə mübarizənin bir yolu kimi təqdim etmişdi və haqsız da deyildi.
 
ABŞ və İngiltərənin də Rusiya ilə əlaqədar yürütdükləri siyasətdə hibrid müharibəsinin açıq işləri sezilir. Qərb bir tərəfdən Rusiyaya qarşı iqtisadi embarqolar tətbiq etməklə qalmır, həm də Navalni hərəkatı vasitəsilə insanları meydana axışmağa və Putin rejiminə qarşı aktiv mübarizə aparmağa həvəsləndirir. Bu işdə Qərbin məşhur telekanallarının və sosial media qurumlarının da xidməti az deyil. Həmin telekanallar Rusiya prezidenti Vladimir Putinin ətrafına yığdığı sinif və tələbə yoldaşları ilə bərabər ölkənin sərvətlərini necə mənimsədikləri barədə məlumatlar yayır və vətəndaş etirazlarının şiddətini artırmağa çalışırlar.
 
Bənzər ideoloji savaş bir sıra dövlətlər tərəfindən Azərbaycana qarşı da tətbiq olunur. Bəzi Avropa ölkələrindən hakimiyyət nümayəndələrinə qarşı aparılan sözüş kampaniyaları ilə yanaşı telekanallar vasitəsilə şişirdilmiş məlumatlar, açıq təhdidə varan xəbərdarlıqlar yayımlanaraq vətəndaş qarşıdurmalarına zəmin hazırlanır. Xüsusilə Rusiya telekanalları Azərbaycana qarşı ideoloji müharibənin başlıca silahlarına çevrilib. Dərd burasındadır ki, rəsmi Bakı nəinki heç olmasa Kiyev qədər bu ideoloji savaşın qarşısını almaq barədə düşünmür, əksinə kabel TV-lər vasitəsilə düşmən silahlarının evlərimizə qədər rahat daşınmasına şərait yaradır. Bununla da kifayətlənməyib, ölkəmizdə rusqafalı vətəndaşların artırılması, xüsusilə gənc nəsillərimizin bu ideoloji silahdan daha tez təsirlənməsi üçün rusdilli məktəblərın sayını çoxaldırlar.

 

Müasir hibrid savaşının ən təsirli silahı kimi nəzərdə tutularaq açılan beynəlxalq TV-lərdən bəzilərini belə sıralaya bilərik:
 
 BBC (British Broadcasting Corporation): İngiltərədə krallıq beratı altında və dövlətin pul dəstəyi ilə işləyən yayım quruluşudur. Müxtəlif dillərdə fəaliyyət göstərir.
 
Al Jazeera (Əlcəzirə): Ərəbcədə "ada" mənasını verən, mərkəzi Qətərdə olan TV kanalıdır. “Ərəb baharı”nda oynadığı rolla televizya kanallarının hibrid savaşında ən bariz nümunəsini ortaya qoymuş və iş işdən keçəndən sonra bir çox ölkələrdə yayımı qadağan olunmuşdur.  
 
RT (“Russia Today”) Rusiyanın 2005-ci ildə yaranmış ən güclü xəbərlər telekanalıdır.
 
NHK World: Peyk və kabel üzərindən beynəlxalq xəbər proqramları hazırlayan Yaponiya telekanalıdır. İngiliscə yayımlanır.
 
 Press TV : 2007-ci ildə yaranan İran beynəlxalq xəbərlər telekanalıdır.
 
DW-TV: Almaniya telekanalıdır.
 
TRT World: TRT tərəfindən qurulan xəbər kanalıdır. 18 may 2015-ci il tarixində yayıma başlamışdır.
 
Bəzi kanallar isə sırf müəyyən dövlətlər üçün nəzərdə tutulub. Məsələn, konkret İrana qarşı fəaliyyət göstərən bir sıra telekanallar mövcuddur:
 
BBC Persian
 
Iran International (Səudiyyə)
 
MANOTO (İngiltərə)
 
MBC Persia (Səudiyyə)
 
VOA Persian - Amerikanın səsi farsca (ABŞ)
 
İranın da sırf bizim üçün yaratdığı telekanallar var. Bunlardan ən ünlüsü “Səhər” TV-dir.
 
Qeyd olunan tele-kanallar texniki və kadr baxımından professionaldırlar. İşlərini necə yürütməyi, insanları inandırmağı yaxşı bacarırlar. Bu tipli telekanalların ən mühüm özəlliyi və təsir gücü də inandırıcılığındadır.


 
Azərbaycanda da bu tipli kanallar açılıb. Amma bu sahədə də gördüyümüz işlər kosmosdakı uğurlarımıza bənzəyir: peykimiz var, peykanımız (ox ucu) yox. Məsələn, “SBC Azerbaijan” kanalı. Bəs gəlin görək, “SBC Azerbaijan” adlı “düşmən gözü çıxaran” tele-kanalımızın mövcudluğundan nə qədərimizin xəbəri var? Yəqin ki, çox az hissəmizin. Biz belə bixəbəriksə, deməli, həmin tele-kanal öz funksiyaları yerinə yetirə bilmir. Yarıtmazlığının nəticəsində yayımladığı xəbərlər nəinki Biləcəridən o tərəfdə, hətta paytaxtımızın ən sadəlövh şərhlərinin müəllifi kimi tanıdığımız Siyavuş Novruzovda belə, gülüş hissi doğura bilərElə bu səbəbdən də bizim hibrid savaşlarına qarşı müdafiə və əks-hücum gücümüz yox səviyyəsindədir. Digər telekanallarımız da düşük müğənnilərin 200 manatlıq rüşvətli reklamı ilə məşğul olduğundan, sıradan tamaşaçılarımızı belə özlərinə cəlb edə bilmir. Nəticədə ictimai rəyimiz xarici bombardımanlara açıq hala gətirilir.
 
Heydər Oğuz,
Ovqat.com



Tarix: 4-05-2021, 17:26
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}