Ehtimal ki, "Delta" ştammı Azərbaycanda da mövcuddur... - İnfeksionist



Ehtimal ki, "Delta" ştammı Azərbaycanda da mövcuddur. Dörd qonşu ölkəmizdə - İran, Türkiyə, Rusiya və Gürcüstanda varsa, bizim ölkəmizdə də var. Bu ölkələrlə əlaqələrimiz var, təyyarə nəqliyyatı vasitəsilə də gediş-gəliş mövcuddur. Yay aylarıdır, insanlar səyahət üçün bu ölkələrə səfər edirlər. Mümkün deyil ki, bizdə aşkar olunmasın. Burada da aşkar olunacaq. COVID-19-da hansı tədbirlər tətbiq olunurdusa, bunda da eynilə o tədbirlər həyata keçiriləcək.

Bu sözləri Publika.az-a müsahibəsində tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.

Müsahibəni təqdim edirik:

Doktor, “Delta” ştammı deyildiyi qədər təhlükəlidirmi? Bu barədə fikirlərinizi öyrənmək istərdik.

- "Delta" ştammı koronavirusun mutasiya olunmuş Hindistan variantının mutantıdır. Koronavirus mutasiya uğradı və Hindistan ştammı əmələ gəldi, Hindistan ştammı da yenidən mutasiya uğrayaraq “Delta” ştammı əmələ gəldi. Yəni bu, koronavirusun ikili mutasiyasıdır. Bu mutasiya olunmaqla “Delta Plus” əmələ gətirib. Bu isə iki dəfə mutasiya olunmaqla daha çox yoluxuculuq xüsusiyyəti qazanıb. Nəticədə daha çox insanın xəstələnməsinə səbəb olur. “Delta”ya yoluxan yaşlı şəxslərin koronavirusa nisbətən xəstəxanaya düşmə ehtimalı təqribən 1,8 dəfə çoxdur. COVID-19 infeksiyasına nisbətdə bir qədər çoxdur, burada dəfələrlə demək doğru deyil. Mutasiya olunmuş formalar nə qədər güclü olsalar da öz mutasiya olunduğu formadan, yəni COVID-19-dan daha güclü və daha çox yoluxuculuq qabiliyyətinə malik ola bilməzlər.

- Bu ştamm qonşu ölkələrdə də yayılıb. Azərbaycanda da olma ehtimalı varmı?

- Təbii ki, var. Yəni ehtimal ki, burada da mövcuddur. Dörd qonşu ölkəmizdə - İran, Türkiyə, Rusiya və Gürcüstanda varsa, ehtimal var ki, bizim ölkəmizdə də var. Bu ölkələrlə əlaqələrimiz var, təyyarə nəqliyyatı vasitəsilə də gediş-gəliş mövcuddur. Yay aylarıdır, insanlar səyahət üçün bu ölkələrə səfər edirlər. Mümkün deyil ki, bizdə aşkar olunmasın. Bizdə də aşkar olunacaq. Hazırda buna qarşı tədbirlər görülür, dövlət qurumları da kifayət qədər hazırlıqlıdırlar ki, aşkarlanarsa, nələrsə edilsin. “Delta” ştammı yayılarsa, görüləcək xüsusi bir tədbir yoxdur. COVID-19-da hansı tədbirlər tətbiq olunurdusa, bunda da eynilə o tədbirlər həyata keçiriləcək.

- İranda “Delta”ya görə məhdudiyyətlər tətbiq olunur, qaydalar sərtləşdirilir. Rusiyada da vəziyyət belədir. Bəs, Azərbaycanda koronovirusun bu variantı aşkarlanarsa, hansı sərt tədbirlər görülə bilər?

- “Delta” Azərbaycanda aşkarlanarsa, əlavə sərt tədbirlər yoxdur ki, onu tətbiq edək. Bu da hava-damcı infeksiyalarıdır, bu növ infeksiyalarda görülən tədbirlər eynidir. Bu günə qədər COVID-19 infeksiyasında hansı sərt tədbirlər tətbiq edilibsə, o tədbirlər də görüləcək. Xüsusi başqa bir tədbir yoxdur.

- İlk vaxtlar məlumat yayıldı ki, vaksin bu ştamm üçün effektiv deyil. Siz necə düşünürsünüz, hansı vaksin “Delta”ştammı üçün effektlidir?

İstər “Pfizer”, istərsə də “Sputnik V” və ya “AstraZeneca” olsun, kimlərsə bu vaksinlərlə vaksinasiyadan keçiblərsə, 6 aydan sonra onlar yenidən vaksin olunmalıdırlar. Çünki vaksinlərin davamlılığı 3-6 ay müddətindədir. İlk 3 ay daha güclü olur, 6 aya qədər isə getdikcə effektivliyi azalır. Şəxs hansı peyvəndi vurdurmasından asılı olmayaraq, o, “Delta”ya yoluxacaq. İngiltərənin elmi araşdırmalarından birində göstərilir ki, ilkin mərhələdə vaksinasiyasının hər iki dozasını alan insanlarda “Delta” ştammına qarşı 80 faiz qoruyuculuq yaranır. Ancaq bu qoruyuculuq 6 ay keçdikdən sonra zəifləyir və aşağı düşür. 6 aydan sonra təkrar vaksinasiyaya ehtiyac var.

- İsrail məlumat yayıb ki, “Pfizer” vaksini “Delta” üçün 70 faiz effektlidir.

- Düzdür, İsrail bu məlumatı yayıb, ancaq orada göstərmir ki, iki dəfə vaksin olunan şəxslər neçə aydan sonra “Delta” ştammına yoluxur. Çünki vaksinlərin hamısının “Delta”ya qarşı effektivliyi var. Deyə bilməzlər ki, 6 aydan sonra 70 faiz effektivliyi qalıb. Düzdür, vaksin olunan şəxslər ilk bir-iki ayda “Delta” ştammına qarşı 70-80 faiz təsirli ola bilər. Ancaq 5-6 ay sonra biz bu nəticəni müşahidə edə bilmərik. Çünki vaksinlər 6 aydan sonra tamamilə təsir gücünü itirir.

- TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, üçüncü doza vaksin ehtiyacı bu gün bütün dünyada gündəmdədir. O qeyd edib ki, bu qayda Azərbaycanda da tətbiq oluna bilər. Sizcə, hazırda üçüncü dozaya ehtiyac varmı?

- Azərbaycanda üçüncü doza vurulacaq, bu ehtimal var. Çünki bu, epidemik göstərişdir. Hələ pandemiya davam edir, bütün dünyada “Delta” ştammı çox sürətlə yayılır. Bizim ölkəmizdə də rast gəlmə ehtimalı var. Digər tərəfdən, Azərbaycanda yanvar ayının 18-dən vaksinasiya prosesinə başlanılıb, avqustun 18-də isə 6 ay tamam olur. Dünya ölkələrində yenidən qapanmalar az da olsa müşahidə olunur. Buna görə də vaksinin üçüncü dozasının vurulması zərurəti yaranacaq. Hesab edirəm ki, vurulacaq da.

- Bəs üçüncü doza vaksinasiya zərurəti yaranarsa, iki doza peyvənd olunanlar yenidən eyni növ vaksin vurdurmalıdırmı?

- Bu, mümkündür. Əks göstərişi yoxdur. Əgər iki doza “SinoVac” vurdurmusunuzsa, onun qanda yaratdığı antitellər 6 ay müddətinə qalır, bu vaxtdan sonra isə itir. Yenidən vaksin olunmaqla qanda antitel əmələ gətirmək lazımdır ki, xəstəlikdən qorusun. Bu zaman isə hər hansısa bir başqa vaskinin 6 aydan sonra istifadə olunması mümkündür.

- Məsələn, birinci doza “Pfizer” vurduran, ikincisini “SinoVac” etdirə bilər?

- Yox, əgər 28 gün ərzində iki doza vaksin vurulacaqsa, hər ikisi eyni vaksin növü olmalıdır. Əgər birinci “SinoVac” olub, 6 aydan sonra başqa vaksin etdirmək istəyirlərsə, bu, mümkündür.

- “Delta” və “Delta Plus” ştammları uşaqlar arasında da yayılıb. Məlumata görə, COVID-19-dan fərqli olaraq onun uşaqların sağlamlığında buraxdığı izlər daha böyükdür. Uşaqların vaksinasiyası gözlənilirmi? Mövcud peyvəndlər onların sağlamlığı üçün nə qədər təhlükəlidir?

- İlkin araşdırmalara və statistik məlumatlara görə “Delta” ştammı dünyada 12-21 yaş arası uşaqlarda daha çox yayıldığı bəllidir. Ancaq 12 yaşdan aşağı uşaqlarda da müşahidə olunur. O ki, qaldı uşaqların vaksinasiyası məsələsinə, qeyd etməliyəm ki, hazırda bütün dünyada tətbiq olunan vaksinlərin uşaqlara tətbiq olunması elmi sınaqlardan keçirilməyib. İlkin nəticələr öyrənilməyib, heç bir vaksin üzərində də belə bir elmi araşdırma aparılmayıb. Bu səbəbdən də uşaqlar arasında tətbiq olunması məsləhət görülmür. Digər tərəfdən də dünyada belə bir epidemik göstəriş də yoxdur ki, bu vaksinlər uşaqlar arasında da tətbiq olunsun. “Delta” ştammı dünyada uşaqlar arasında kütləvi ölümə səbəb olsaydı, bu zərurət yaranardı. Hazırda isə belə bir zərurət yoxdur. Digər tərəfdən də koronavirus infeksiyasını 7 yaşa qədər uşaqlar çox adi və yüngül keçirir. Ölüm halları 1 faizdən də aşağıdır. “Delta” ştammı uşaqlar arasında rast gəlinsə də, ölüm hallarında ciddi artım müşahidə edilmir. Ona görə də vaksinlərinin uşaqlara tətbiqi ilə bağlı epidemik göstəriş yoxdur.

- DoKtor, mütəxəssislər dördüncü dalğa proqnozu verirlər. Sizin bu barədə hansısa proqnozunuz varmı?

- Təbabət elmində infeksiyaların yayılmasında dalğa söhbəti yoxdur, Birinci, ikinci, üçüncü dalğa deyə bir anlayış mövcud deyil. İnfeksiyanın mənbəyi var və orada epidemik alovlaşmadan söhbət gedə bilər. Bu epidemik alovlaşma dalğaya bərabər tutulur. Epidemik alovlaşmalar da dəfələrlə olub, artıb çoxala bilər. Epidemik cəhətdən əgər bu mövzunu şərh etsək, deyə bilərik ki, epidemik alovlaşma infeksiyanın mənbəyindən başlayır. İnfeksiya mənbəyi isə insandır, bu da ya virus daşıyıcıları, ya da xəstələrdir. Deməli Azərbaycanda da virus ocağı var, buna görə də hazırda gündəlik 90-100 nəfər yoluxma müşahidə olunur. Bu ocaqda hər zaman, hər an epidemik alovlaşma, yəni dalğa başlaya bilər. Növbəti epidemik artımlar hər zaman müşahidə edilə bilər. Buna görə də dövlət, aidiyyəti qurumlar tərəfindən əks-epidemik tədbirlə aparılır. Hazırda da tətbiq edilir. Nəzərə almaq lazımdır ki, biz pandemiya dövründəyik. Buna görə də artıb çoxalma ehtimalı var. Necə ki, Rusiyada növbəti dəfə epidemik alovlaşmalar baş verir, gündəlik ölüm sayı təqribən 500-600 nəfərdir. Bizdə də arta bilər. Buna görə də hər zaman ehtiyatlı olmalıyıq.
Siam.az
Tarix: 6-07-2021, 14:28
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}