Koronavirus testinin neqativ nəticə göstərməsinin 5 səbəbi - infeksionistdən iddialara cavab


“Ötən il karantin rejimi və açıq havada maska istifadə olunurdu, viruslar ona görə yayılmırdı”

Ölkəmizdə epidemioloji vəziyyət gərginləşməyə doğru gedir. Ötən həftələrə nisbətən koronavirusa yoluxma sayı xeyli artıb. Misal üçün, ötən həftənin bazar günü -yanvarın 10-da COVİD-19 infeksiyasına 329 yeni yoluxma faktı qeydə alınmışdısa, bu həftənin bazar günü - yəni yanvarın 16-da  808 yeni yoluxma olub. Göründüyü kimi, artım sürəti belə davam edərsə, yaxın vaxtlarda ölkədə təhlükəli vəziyyət yarana bilər.
Bu arada əhali arasında adı bilinməyən müxtəlif xəstəliklər də artıb, qızdırma, öskürək əlamətləri ilə viruslar tüğyan edir. Koronavirus testləri neqativ göstərir, amma insanlar COVİD-dən də ağır xəstələnir. Xəstəxanalar, apteklər insanlarla dolub-daşır. O da iddia olunur ki, belə ağır vəziyyətdə səhiyyə naziri və TƏBİB sədri postlarının boş olması daha pis nəticələrə gətirib çıxara bilər...
Ekspertlər isə sərt karantin rejiminin tətbiqini istisna etmirlər. Elə ötən gün Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı mediaya açıqlamasında bildirib ki, qayda və tövsiyələrə ciddi şəkildə əməl edilməsə, ölkəmizdə karantin qaydaları daha da sərtləşdirilə, hətta qapanmalara belə gedilə bilər: “Bununla bağlı gələcəkdə veriləcək qərarlar vətəndaşların birbaşa məsuliyyətindən asılıdır”. O əlavə edib ki, ölkəmizdə də aşkar edilən koronavirusun ”Omikron" ştamına dünyanın əksər ölkələrində yoluxanaların sayı gündən-günə artır: “Hazırkı vəziyyətdə vaxtında görülən qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə vəziyyət qənaətbəxşdir. Buna səbəb vətəndaşların vaxtında peyvənd olunmaları və pandemiya qaydalarına əməl etmələridir".

Deputat əlavə edib ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyona yaxınlaşır. Gücləndirici “buster” doza qəbul edənlərin sayı 1,7 milyonu keçir. Pandemiyanın başlamasından dərhal sonra Azərbaycanda görülən tədbirlər öz nəticəsini verir. Ölkəmizdə hazırda 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Aktiv daşıyıcılar olan xəstələr üçün ümumilikdə 10 min çarpayı ayrılıb və hazırda onlardan cəmi 10 faizi doludur. Bundan əlavə, reanimasiyalar ağır xəstələr üçün hər cür tibbi avadanlıqlarla təmin olunub. Bütün bunlara baxmayaraq COVİD-19-a yoluxma ilə bağlı açıqlanan rəsmi rəqəmlər onu deməyə əsas verir ki, hazırda bu virusa yoluxanların sayı sağalanların sayını üstələyir. Proses belə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz ola bilər".

Mövzu ilə bağlı “Yeni Müsavat”a tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə belə şərh verib: “Hazırda yayılan qrip viruslarıdır. Əhalinin qrup şəklində və ya ailədaxili yoluxmalara səbəb virus infeksiyasıdır. Bu virus istər məktəbəqədər təhsil müəssisəsində, istərsə də orta məktəb şagirdləri arasında təsadüf olunmaqdadır. Keçən il sərt karantin dövründə evdə olmağımız, açıq havada maska taxmağımız kəskin respirator infeksiyalarının qış aylarında rast gəlinməməsinə səbəb oldu. Bu il təbii ki, karantin tədbirlərinin yumşaldılması, açıq havada maska tələbinin aradan qaldırılması kəskin respirator virus infeksiyasının geniş yayılmasına səbəb oldu. Bu infeksiyanın yayılmasında da qeyri-adi nə isə yoxdur. Həmişəki kimi, mövsümi xəstəliklərdir. Qış-yay aylarında bu virus infeksiyasının yayıldığını müşahidə edirik. Bu il də o illərdəki kimi yayılmaqdadır. Düzdür, bu infeksiyaya tutulanların koronavirus testi neqativ çıxır. Çünki ayrı-ayrı viruslardır. Baxmayaraq ki, hamısı kəskin respirator virus infeksiyalar qrupuna aiddir. Bunların PCR müayinəsində hərəsinin öz diaqnostika prinsipləri var. Bunun neqativ alınması da təbii ki, qanunauyğunluqdur. Demək istədiyim odur ki, hazırda uşaqlar və orta yaş qrupu arasında daha çox yayılan kəskin respirator infeksiyalar qrupuna aid olan qrip infeksiyasıdır. Bu da insanlarda boğaz ağrısı, burun axması, baş ağrısı əlamətləri ilə müşahidə edilir. Digər tərəfdən də rəsmi məlumatlara görə, ölkəmizdə ”Omikron" ştamı yayılmaqdadır. Bəzi hallarda biz görürük ki, belə əlamətləri olan şəxslərdə test verəndə koronavirus testi pozitiv çıxır. Ola bilsin ki, “Omikron” variantı da ola bilir. Çünki  gündəlik statistikada da açıqlanmır ki, bunun neçəsi “COVİD”-dir, neçəsi “Omikron” variantıdır, neçəsi “Delta”dır. Ümumi statistika verilir. “Omikron” variantında da konkret kliniki əlamət yoxdur. Burada da olan əlamətlər ümumi, qrip infeksiyasında olan əlamətlərdir. Amma bütün dünyada da əsasən  “Omikron” ştamının beş əsas əlamətini götürürlər. Bunlar baş ağrısı, boğaz ağrısı, burun axması, temperaturun olması, ümumi zəiflik, halsızlıq əlamətləridir. Bunlar da görürsünüz ki, qripdə olan əlamətlərlə eynidir. Hər hansı bir fərqləndirici əlaməti yoxdur. Ola bilsin, bizdə də müəyyən insanlar arasında  “Omikron” ştamının əlamətləri ola bilər. Amma bunu PCR testi daha düzgün cavabını göstərə bilir".
İnfeksionist son günlər testlərin neqativ göstərməsi ilə bildirilən narazılıqlara da fikir bildirib: “Əgər həqiqətən COVİD-dirsə, testlər niyə neqativ alınır? Burada əsas amil xəstəliyin neçənci günündə testin götürülməsidir. İlk dəfə, yoluxmanın beşinci - yeddinci günündə test götürülərsə, düzgün nəticə alına bilər. Amma ola bilsin ki, virus inkubasiya dövrünü keçib, kliniki əlamətlər dövründədir. Artıq inkubasiya dövrünü keçirdiyinə görə nəticə neqativ çıxacaq. İkinci amil isə testlərin götürülməsi, daşınması və laboratoriyada saxlanılması qaydalarına düzgün riayət olunmasıdır ki, burada test nəticələrinin neqativ alınmasına səbəb ola bilər. Hər zaman demişik, test götürəndə burun-udlaq nahiyəsindən götürülməlidir. Təəssüf ki, bəzən burun keçəcəyindən yoxlayırlar. Bu da düzgün nəticə göstərmir. Testlər daşınarkən mütləq portativ olaraq buzla əhatə olunmuş qutuda daşınmalıdır. Bəzən adi qaydada daşıyırlar. Onda da viruslar məhv olur. Laboratoriyaya çatdırıldısa, testlərin sayı çox olanda o, sabahı günə saxlanılır. Sabahı günə saxlanması üçün mütləq mənfi 15-20 dərəcə soyuducularda olmalıdır. Əgər o, adi qaydada saxlanılsa, o virusun nəticəsi mənfi olacaq. Digər tərəfdən də PCR müayinə üsulunda qeyri-dəqiqliklərin olmasının bir səbəbi də bu testlərin 100 faiz nəticə verməməsi ilə bağlıdır. Onun spesifikliyi 70-75 faizdir. Yəni bu amillərin hamısı testin mənfi nəticə göstərməsinə səbəb olur. Bəzən görürsən ki, insanda testin nəticəsi neqativ çıxıb, amma kompüter tomoqrafiyası edib, ciyərində buzlu şüşə çıxıb. Buzlu şüşənin aşkar olunmasına qədər olan dövrdə yoxlansaydı, nəticə pozitiv çıxardı”.
Tarix: 18-01-2022, 08:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}