Dərman qiymətlərini diktə edən "AVROMED" - "İnsanların çarəsizliyindən istifadə edib, var-dövlət yığmaq imandan deyil"

Dərmanlarla bağlı ölkədə xeyli problemlərin olduğu məlum məsələdir. Vətəndaşlar bəzi dərmanların tapılmamağından, apteklərdə qiymətlərin fərqli olmağından, qonşu ölkələrlə müqayisədə eyni dərmanın 3-4 dəfə baha olmağından narazılıq edirlər. Bu problemin yaranmasında əsas səbəblərdən biri uzun müddətdir  davam edən dərman monopoliyasıdır. Dərman təchizatında əsas monopolist şirkət olaraq isə “Avromed”in  adı hallanır. Araşdırmalar onu deməyə əsas verir ki, “Avromed” dərman bazarında qiymətlərə ciddi təsir edir. Məhz "Avromed"in bazarı inhisara alması səbəbindən bu gün Azərbaycanda dərmanların qiyməti nəinki Avropa ölkələri, eləcə də qonşu ölkələrlə müqayisədə xeyli bahadır. Şəbəkələşmiş dərman satışı ilə məşğul olan şirkətlərin heç biri "Avromed"lə rəqabət apara biləcək gücdə deyil. 

Qeyd edək ki, “Avromed” 2002-ci ilin aprelindən fəaliyyət göstərir. Ölkənin dərman bazarında ən böyük paya sahib olduğu şirkətin öz saytında da qeyd edilib: “Avromed Company” QSC dünyanın aparıcı əczaçılıq istehsalçılarının Azərbaycanda ən böyük idxalçısıdır. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir”.

Milli Məclisin deputatı Tahir Rzayev Demokrat.az-a açıqlamasında deyib ki, dərman bazarında qiymətlərin günbəgün artması hər kəsi narahat edir:

“Qiymətlər az miqdarda artsa, insanlar bir o qədər narahat olmaz. Amma bu gün 5 manata olan dərman sabah iki dəfə bahalaşır. Çoxları fikirləşir ki, bazar iqtisadiyyatıdır, sahibkarlıqdır, istənilən mala istənilən qiyməti qoymaq olar. Bazar iqtisadiyyatının olması həqiqətdir, ancaq bununla bərabər vətəndaşlıq qayəsi olmalıdır. İnsanları düşünmək, vəziyyəti nəzərə almaq, reallığı qiymətləndirmək lazımdır. Yoxsa ki, insanların müəyyən bir dərman vasitəsinə ehtiyacı olduğu halda onun qiymətini bir neçə dəfə artırmaq insafdan deyil. Axı çoxu bu dərmanları ala bilmir, imkanları yoxdur. Lap imkan var, niyə 5 manata alınan dərman 5-10 qat baha qiymətə satılmalıdır?!”

Deputat təəssüflə qeyd edib ki, bu gün dərman bazarında məsuliyyətsizlik, insafsızlıq hökm sürür: 

“Burada bir monopoliya var. Bəzi işbazlar əhalinin vəziyyətindən istifadə edib, qiymətləri süni şəkildə artırırlar. Düzdür, bu sahədə dövlətin tələbləri var, müəyyən qaydalar qoyulub. Ancaq yenə deyirəm, ciddi tədbirlər görülməlidir. İnsanlar bu qədər əziyyət çəkməməlidirlər. Onların çarəsizliyindən istifadə edib, var-dövlət yığmaq imandan deyil. Qiymət artımına son qoyulmalıdır”.

Törə Zeynallı
Demokrat.az
Tarix: 4-10-2023, 18:15
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}