Şəkidə gimnaziyanın karantinə bağlanması niyə GİZLİ SAXLANILIR? – ARAŞDIRMA/FOTO


Baş verən bu hadisənin təfərrüatlarının müvafiq təşkilatlar tərəfindən “gizli saxlanması”, yerli sakinlərə xüsusən ərazidə yaşayan insanlara məlumat verilməməsi eləcə də mətbuatdan yayındırmaq cəhdi əslində məsuliyyətsizlikdən irəli gəlir. 

Axı daha böyük fəsadlar ola bilərdi. 

Şəki şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada şagirdlər arasında qızılca xəstəliyinin kütləvi yayılması və bu səbəbdən təhsil ocağında karantin elan olunması barədə məlumatlar yerli sakinlər arasında dolaşsa da rəsmi mənbələr nədənsə susurdu.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Gimnaziya Şəkinin tarixi mərkəzində - “Yuxarı Baş”- da yerləşir. Tədris ocağında dərslərin dayandırılması ilə bağlı daha dəqiq məlumat almaq üçün məktəb rəhbərliyi ilə əlaqə saxladıq.  

Üzə çıxmayan direktor

Telefonda özünü təqdim etməyən gimnaziya direktoru karantin olduğunu etiraf edib: 

“Bəli, məktəbdə qızılca xəstəliyi olub və ona görə də sanitarnı tərəfindən məktəb 21 gün müddətinə karantinə bağlanıb. Giriş-çıxış qadağan olunub”.  

Reallıq isə belədir...

Gimnaziyada tədrisin dayandırılmasına ilkin qərar verən, orada dezinfeksiya işləri aparan Şəki Gigiyena və Epidemologiya mərkəzinin əməkdaşları olub. Mərkəzin həkimi Sevil Məmmədova bildirib ki, mövsümü xəstəliklərlə bağlı bütün təhsil ocaqlarında maarifləndirmə işi aparılır. Bu hal isə onun fəaliyyəti dövründə ilk hadisədir. 

Sevil Məmmədova qeyd edib ki, Gigiyena və Epidemologiya mərkəzinin əməkdaşları bu hadisə ilə bağlı gimnaziyada olub və orada epidemoloji müayinə aparıb.

Epidemoloji müayinələr və ilkin araşdırmalar nəticəsində məlum olub ki, burada xəstəliyin baş verməsi və yoluxmaya səbəb internat məktəbinə kənar rayonlardan gələn uşaqlar olub:

“Bizim müəssisə tərəfindən orada müayinələr aparılıb, uşaqlar arasında izolyasiya tədbirləri həyata keçirilib. Hazırda məktəbdə 21 günlük karantin tətbiq olunub. Hələlik yoluxma faktı qeydə alınmayıb. Uşaqlar arasında sağalma müşahidə olunur. Təhlükə yaradacaq heç bir hal yoxdur”.

Bəs şagirdlərin müayinə və müalicəsi necə aparılır?  

Hazırda şagirdlərin Şəki Rayon Mərkəzi Xəstəxanasında müalicə olunduğunu nəzərə alıb üz tuturuq həmin müalicə müəssisəsinə. TƏBİB-ə rəsmi sorğu göndərərək məqsədimizi bildiririk. Lakin nə sorğumuza, nə də telefon zənglərimizə cavab verən tapılmır. 

Elm və Təhsil Nazirliyindən isə məsələ ilə bağlı bildirilib ki, sözügedən gimnaziyada qızılca virusuna yoluxma halı qeydə alınıb və həmin şagird xəstəxanaya yerləşdirilib:

“Eyni hal növbəti günlərdə digər şagirdlərdə də müşahidə olunub və şagirdlər həkim müayinəsindən sonra xəstəxanaya yerləşdiriliblər. Şəki Rayon Mərkəzi Xəstəxanasında onlara zəruri tibbi xidmət göstərilib, hər biri sağalaraq, kafi vəziyyətdə evə buraxılıb. 

Şəki rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri tərəfindən təhsil müəssisəsində yaranmış mövcud vəziyyət qiymətləndirilərək, akt tərtib edilib. Aktda “son xəstəlik hadisəsindən 21 gün müddətinə gimnaziyaya uşaq qəbulunun dayandırılması” qeyd olunub.

Bu səbəbdən şagirdlərin yoluxmasının qarşısının alınması məqsədilə gimnaziyada dərslərin distant tədrisinə qərar verilib. Gimnaziyada zəruri dezinfeksiya işləri aparılıb. 

Şəki rayon Gigiyena və Epidemiologiya Mərkəzinin tövsiyəsinə əsasən 27 oktyabr 2023-cü il tarixindən gimnaziyanın fəaliyyətinin ənənəvi şəkildə davam etdirilməsi nəzərdə tutulur”.   







Tarix: 25-10-2023, 18:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}