Kolbasa-sosiskalarda peyda olan viruslar - Firmalar hara baxır?

Kolbasa-sosiskalarda peyda olan viruslar -
Xəbər verdiyimiz kimi, Binə qəsəbəsində bir ailənin bütün üzvləri kolbasadan zəhərlənib. Bir çox məclis və süfrələrin ənənəvi təamı olan bu məhsuldan zəhərlənmə halları insanlar arasında narahatlıq doğurur.

Qida ekpertləri sözügedən mövzu ilə bağlı bir sıra məqamlara diqqət çəkirlər.

Qida məsələləri üzrə mütəxəssis ekspert Ağa Salamov Yenisabah.az-a bildirib ki, bir sıra ətlərdən hazırlanan kolbasa-sosiskalar təhlükəli hesab olunur:

“Qida zəhərlənmələrinə yol açan səbəblərə emal, istehsalat, saxlanma və daşınma prosesləri aiddir. Bunların hamısı qida üçün şərtdir. Çox vaxt qida zəncirinin əvvəlində mikroorqanizmaların ifraz etdiyi toksinlər nəticəsində qida çirklənir. İstehsalatda olan antisanitar vəziyyət, daşınma prosesində qaydalara əməl olunmaması və riskli qidaların daşınması, emal prosesində qidanın çarpaz çirklənməyə məruz qalması kimi amillər zəhərlənməyə səbəb olur.

Tərkibində mənşəyi bəlli olmayan, baytarlıq nəzarətindən keçməyən ətlərdən hazırlanan kolbasa-sosiskalar da təhlükəli hesab olunur. Çünki bu ətlər mikroorqanizmlərlə çirklənmiş olur. Həmin bakteriyalar isə həzm olunduqdan sonra daxildə toksinlər ifraz edir. Ağır nəticələnə bilən patogen bakteriyalara Salmonella, E- Coli , Listeria aiddir. Salmonella bakteriyasına daha çox toyuq əti tərkibli kolbasa və sosiskalarda rast gəlinir.

Nəticədə isə faciəvi son qaçınılmaz olur. Yəni, bu proses orqanizmdə zəhərlənməyə yol açır. Listeria bakteriyası isə sudan, torpaqdan, otdan heyvana yoluxur. Həmin heyvanın ətindən hazırlanan məhsullarda da bu bakteriya qalmış olur”.

Qida eksperti İsa Əliyev isə vurğulayıb ki, belə məhsullar istehsal edən firmaların keyfiyyətə nəzarət və keyfiyyət təminatı mexanizmləri olmalıdır:

“İlk növbədə ət və ət məhsulları, kolbasa-sosiska hazırlanan müəssisələrdə, istehsalat yerlərində sanitar-gigiyenik qaydalara riayət olunması çox önəmli məqamlardan biri sayılır. Çünki ətin tərkibində ən həssas olan Salmonella bakteriyasıdır. Əgər istehsal prosesində məhsulun içərisində məhv olmayıbsa, o zaman bu, birbaşa zəhərlənməyə səbəb olan amil hesab edilir. Ona görə də, sözügedən məhsullar hazırlanarkən mikrobiolojik cəhətdən siteril olmalıdır. İstehsal prosesi zamanı isə kolbasa-sosiska məhsulları təmiz qurğulardan keçməlidir. Kritik kontrol nöqtələri hər dəfə yoxlamadan keçməlidir. İstehsalçı firmada keyfiyyətə nəzarət və keyfiyyət təminatı mexanizmləri mövcud olmalıdır. Belə olduğu təqdirdə yaxşı məhsul ortaya çıxır və insan sağlamlığını təhlükəyə atmır”.

Aytac ŞAHİN
Tarix: 14-01-2024, 10:38
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}