Sosioloq Azərbaycandakı böhranı necə görərdi? - təhlil

Sosioloq Azərbaycandakı böhranı necə görərdi? - təhlil Bəzi ölkələr geriliklərinin səbəblərini dini və mental müstəvidə deyil, başqa qatlarda – özlərinin sosial-siyasi sistemlərinin qüsurlarında, eləcə də cəmiyyəti və dövləti elmi cəhətdən əsaslandırılmammış metodlarla idarə etməməklərində axtarsaydılar, bəlkə də çoxdan düzgün inkişaf və dayanıqlı tərəqqi platformasına çıxardılar...

Amma onlar nəinki belə etmirlər, hətta öz maraqları ucbatından edə bilmədiklərini və yaxud da etmək istəmədiklərini cəmiyyətin boynuna qoyurlar. Guya ki, bütün qabaqcıl cəmiyyətlərin istifadə etdikləri metod və üsullar, siyasi-sosial fəlsəfə və ya ideologiyalar onların cəmiyyətləri üçün yaramır və ona görə də hansısa “xüsusi milli inkişaf” yolları axtarır, düz yolları qoyub, az qala, dağa - daşa düşürlər...
Əslnidə isə bir daha deyirəm ki, səbəblər tamamilə başqadır – geri ölkələr ona geridədir ki, onlara geri sosial-siyasi sistemlər sırınıb, onları despotik rejimlər iradə edir, bu cür ölkələrin cəmiyyətlərinə azad və sərbəst seçim imkanı, öz hökumətlərinə nəzarət etmək haqqı vermirlər.


Ona görə də elə bu konteksdəcə bir məsələyə toxunmaq istərdim. Bütün böhranların sosial tərəfləri də olur. Sosial tərəfləri isə bir qayda olaraq sosiologiya adlanan elm öyrənir.

Amma bu gün Azərbaycanda hər hansı bir abstrakt elm, tutaq ki, astronomiya cəmiyyəti və ya dövləti idarə etmək üçün nə qədər aktual hesab edilirsə, sosiologiya da elə bir o qədər önəmli sayılır...

Heç vaxt yadımdan çıxmaz, bir neçə illər bundan əvvəl ali məktəblərin birində ümumi sosiologiyadan dərs deyirdim. Elə ilk dərslərdə tələbələr belə bir sual verdilər ki, bəs bir sosioloq kimi biz harada çalışacağıq? Söz yox ki, ümumi fikirlər deyə bildim – dedim ki, dövlət qulluğunda, ictimai strukturlarda çalışa bilərsiniz...

Amma onlar bunu sosioloq olmadan da edə bilərdilər. Bir sosioloq kimi onlardan necə istifadə ediləcəyilə bağlı isə mənim hər hansı bir cavabım yox idi...

Bu gün də heç həmin cavabı bilmirəm. Ona görə ki, bu, hələ hamısı deyildi və bundan əvvəl də başqa olaylar da olmuşdu. Bir vaxtlar dövlət qurumlarından birində sosioloji tədqiqatlar mərkəzi vardı. Mən də bu mərkəzlə əməkdaşlıq edirdim. Amma tez bir zamandaca həmin mərkəzi “gərəksiz struktur” kimi bağladılar...

Yox, demirəm ki, orada çox vacib tədqiqatlar aparılırdı. Amma bunu etmək və mərkəzin işini gücləndirmək mümkün idi. Bütün hallarda onu bağlamaqda heç bir məntiq-filan yox idi. Axı mollalar pisdi deyə, məscidi bağlamaz adam...

Nə isə... Keçim əsas məsələyə. Bu vaxta qədər dediklərimi belə yekunlaşdırmaq olardı ki, bütün geri ölkələr həm də ona görə geridir ki, cəmiyyəti öyrənmir, sosiologiya və yaxud politologiya kimi vacib elmlərə önəm vermirlər. Amma çox nahaq yerə. Ona görə ki, cəmi dünya ölkələrinin təcrübəsi göstərir ki, cəmiyyət onu öyrənmək istəməyənlərə qarşı sözün əsl mənasında bumeranqa çevilir – bu, gec və yaxud tez baş verir. Üstəlik, gecikəndə zərbəsi bir az da sərt olur...

LAP DON KİXOT KİMİ...

Böhranlara gəldikdə, onlar müəyyən mənada labüddür. Səbəbi də budur ki, nəinki əbədi siyasi – iqtisadi, hətta etik-mənəvi sxemlər olmur. Bütün siyasi və iqtisadi ideologiyalar müəyyən inkişafa qədər aparıb çıxarır, bundan sonra durğunluq və onun ardınca isə böhran başlayır...

Elə ona görə də olduqca vacibdir ki, hər böhran zamanı cəmiyyətə düzgün və əsaslandırılmış siyasi – iqtisadi impulslar verəsən. İndi mən Azərbaycanda iki ildir davam edən böhrana baxıram. Dəfələrlə yazmışam ki, hökumətlə təkcə bir məsələdə razılaşıram ki, vəziyyətdən yalnız sərt və qəfil qərarlarla çıxmaq mümkün olacaq. Amma bu, kifayətdirmir? Təkcə bununla, heç olmasa, yaxın bir dövrdə stabil inkişaf zolağına çıxmaq olarmı?..

Güman etmirəm... Ona görə ki, düz iki ildir ki, hökumət problem ətrafında “gəzişmək”lə məşğuldur. O, problemin üstünə getmir, çünki problemin və ya onun əsl təzahürlərinin üstünə getmək öz maraqlarına qarşı getmək deməkdir.

Hökumət mövcud iqtisadi sxemləri və yaxud da ki, qaydaları fundamental şəkildə dəyişmək istəmir, özünün siyasi və iqtisadi mövqe və imtiyazlarını qorumağa çalışır. Bu isə, haradasa, Don Kixotun yel dəyirmanı ilə döyüşünə bənzəyir...

SUSURLARSA, DEMƏLİ RAZIDIRLAR...

Bir az əvvəldə bir daha dedim ki, vəziyyətdən yalnız sərt və qəfil qərarlarla çıxmaq mümkün olacaq. Amma sərt qərarların da mandatını almaq lazımdır. Başqa ölkələrdə böhranlar vaxtı növbədənkənar parlament seçkiləri keçirilir və etimad hökuməti qurulur. Hətta elə olur ki, çox kəskin qərarlar ərəfəsində referendumlara da müraciət edilir...

Düzdür, belə hüquqi reseptlərə daha çox parlament respublikalarında təsadüf olunur. Azərbaycan isə prezident respublikasıdır. Amma bu, heç də o demək deyildir ki, burada hökumət istənilən qərarı qəbul etməkdə sərbəstdir.

Bəli, ölkənin indiki idarəçilik fəlsəfəsi və yaxud da ki, repressiv rejimi buna imkan verir. Amma onların daim keçərli olacağına əminlik varmı?..

Prinsipcə, cəmiyyətin mandatının göstəricisi kimi, məsələn, seçkilərin nəticələrini də əsas götürmək olardı. Amma bunu Azərbaycanda etməyin niyə mümkün olmadığı hamıya çox yaxşı aydındır – təəssüf ki, son iyirmi ildə keçirilən seçkilər və referendumlar heç bir ciddi sosioloji və politoloji nəticələr üçün əsas ola bilmir...

Daha doğrusu, əsas ola bilmir deyəndə ki, prinsipcə, bunların da bazasında müəyyən nəticələr çıxarmaq olardı, amma inanmırıq ki, bu nəticələr hökumətə sərf etmiş olsun...

Burada yadıma daha bir detal da düşür. Bir rusiyalı politoloq məndən Azərbaycandakı seçkiləri təhlil edən yazı xahiş etmişdi. Mən onu heç cür başa sala bilmirdim ki, fikriniz başqa ölkələrə getməsin, burada təhlil və yaxud da araşdırma üçün elə bir predmet yoxdur, çünki bütün seçkilərdə, eləcə də bütün yerlərdə insanlar yalnız bir partiyaya – hakim partiyaya “səs verirlər”...

Bəli, prinsipcə, seçki qanunvericiliyinin, digər hüquqi və siyasi proseslərin dinamikasını izləmək olardı. Amma burada əsl “elektoral coğrafiya”ya və yaxud da başqa ölkələrdə deyildiyi kimi, “qırmızı” və ya digər “rəngli zolaq”lara təsadüf edilmir – ölkənin elektoral coğrafiyası bircə rəngdədir!..

Ona görə də sosiologiya baxımından heç nə demək olmur. Məsələn, böhran iki il davam etsə də, hələ indiyə qədər hər hansı ciddi sosioloji sorğu keçirilməyib. Məlum deyil ki, nə qədər əhali hökumətin siyasətini qənaətbəxş hesab edir, nə qədər insan ona dəstək verir, nə qədər adam vəziyyətin tezliklə və yaxud da yaxın perspektivdə düzələcəyinə inanır...

Hakimiyyəti arxayın edən yeganə amil cəmiyyətin sükutudur. Məntiq çox sadədir: susurlarsa, deməli razıdırlar... Təəssüf ki, cəmiyyət də heç bir halda anlamaq istəmir ki, bəzən biz öz sükutumuzla da seçim edirik...

QARA KVADRAT...

Elə bu səbəbdən də bir sosioloq və yaxud da politoloq kimi qətiyyən konkret bir söz demək olmur. Hökumət sanki “qara qutu”ya və yaxud da ki, lap K.Maleviçin “qara kvadrat”ına dönüb...

Amma bundan son nəticədə kim udacaq və yaxud da uduzacaq?.. İndi K.Popperin ardınca cəmiyyətin obyektiv inkişaf qanunlarının olmadığını iddia etmək dəbdədir.

Bunun nə qədər düzgün olub-olmadığını deyə bilmərəm... Bir şeyi bilirəm ki, təcrübə deyilən bir anlayış da var. Düzdür, filosofların buna da baxışı çox fərqlidir. İ.Kant “apriori biliy”in–“təcrübəyə qədərki biliy”in mövcudluğunu iddia edirdi. Amma hələ ona qədər F.Bekon ərz edirdi ki, həqiqətin meyarı yalnız təcrübədir...

İ.Kanta böyük sayğımızla bahəm, qeyd etmək zorundayıq ki, elmin son bir neçə yüz ildəki inkişafı F.Bekonun dediklərinə şübhə etməyə nəinki əsas vermir, hətta onu təsdiq edir də...

Ona görə də bir daha bəşəri təcrübəyə istinad etmək məcburiyyətindəyik. Onlar isə bir şey deyir – zahirən avtoritar rejimlər və ya qapalı hökumətlər biri-birindən fərqlənsələr də, tale və ya da final baxımından onlar demək olar ki, biri-birinin eynidir...

Bu eynilik və ya oxşarlıq o qədər qabarıqdır ki, adam bir sual verməkdən özünü heç cür saxlaya bilmir: Siz bunu görmürsünüzmü, cənablar?..

Hüseynbala Səlimov,
Tarix: 7-01-2017, 09:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}