Putin dünyanın ağası rolunda

Putin dünyanın ağası rolunda Kreml rəhbərini güclü edən səbəblər; ekspert: “O, kəşfiyyatdan siyasətə gəlib və insanları ələ almağın yollarını yaxşı bilir”

Rusiya prezidenti Vladimir Putin hakimiyyətə gəldiyi 17 ildə daim dünya gündəmində olub. Özünü dünyanın ağası kimi aparan, bunu əməllərində verdiyi açıqlamalarda gizlətməyən Kreml rəhbərinin adı baş verən elə bir münaqişə ocağı yoxdur ki, orada hallanmasın. Bir sözlə, bu şəxs ölkələri özünə düşmən edir, Qərblə, Avropa ilkə hesablaşmır, rəhbəri olduğu Rusiya ciddi sanksiyalara məruz qalır, amma Putin ayaqda durmaqda davam edir. Məqsədlərini həyata keçirməkdən ötrü bir addım da geri çəkilmir...


Onun iqtidarda olduğu dönəmdə bir sıra hadisələr baş verib ki, burada bir tərəfdə Rusiya, digər tərəfdə isə ABŞ başda olmaqla, Qərb dünyası dayanıb. Bu hadisələrin sonu yaxşı görünməsə də, Kremlin hələ də “güldüyü” sezilir. Məsələn, bunu Gürcüstan və Ukrayna olaylarında görə bilərik. Putin Gürcüstanın Abxaziya və Cənubi Osetiya, eləcə də Ukraynanın Krım və Donbasın bir hissəsini işğal etdi. Gürcü torpaqlarının işğalında verdiyi bəyanatlarla kifayətlənən Qərb dövlətləri Ukrayna hadisələrində bir qədər irəli gedərək, Kremlə sərt sanksiyalar tətbiq etdilər. Lakin sanksiyalar 3 ildən artıqdır tətbiq edilir, Rusiya isə nəinki çökür, əksinə, dünyada baş verən hadisələrin hər birinə burnunu soxur, sözünü keçirməyə çalışır. Suriyadakı hadisələrini buna misal çəkə bilərik. Artıq bu ölkədə də illərdir davam edən Rusiya-Qərb qarşıdurmasında şimal qonşumuz bir addım öndə görünür. Son olaraq, Putinin dəstəklədiyi Bəşər Əsəd qüvvələrinin neftlə zəngin Suriyanın Deyr-əz-Zor şəhərini İŞİD-dən geri alması Qərbin məğlubiyyəti kimi təqdim olunur.

Putinlə bağlı bir reallığı da qeyd edək ki, bu şəxs ruspərəst ölkələri son ana qədər qorumağa çalışır. Hətta bunu bəzən açıq formada da edir. Məsələn, son aylarda gərginləşən Amerika-Şimalı Koreya münasibətləri ilə bağlı Vladivostokda səfərdə olan Kreml sahibi dialoq qurulmadan böhranı həll etməyin, bu istiqamətdə irəli addım atmağın mümkünsüzlüyü vurğulamaqla Şimalı Koreya hökumətinə açıq dəstək verib.
Bəs Putini bu qədər güclü edən nədir?

Ekspertlər bu suala cavab verərkən daha çox Putinin şəxsi keyfiyyətlərini önə çəkərək, peşəkar siyasətçi olduğunu, güclü bir Rusiyaya rəhbərlik etdiyini bildirirlər. Amerikanın Rusiya ilə müqayisədə apardığı dişsiz siyasətin də burada mühüm rol oynadığı vurğulanır. Xüsusilə ABŞ-da Donald Trampın gəlişindən sonra xarici siyasətdə Birləşmiş Ştatların Rusiya ilə müqayisədə zəif təsir bağışladığı bildirilir.




Politoloq Elxan Şahinoğlu hesab edir ki, Putini bəyənib-bəyənməməyimizdən asılı olaraq o, ölkəsinin həqiqi lideridir: “Savadlıdır, hazırcavabdır, xarizması da yerindədir. Bu xüsusiyyətlərinə görə də özündən əvvəlki dövlət başçısı Boris Yeltsini xeyli üstələyir. Yeltsin içki aludəçisi idi, onun prezidentliyi dövründə Rusiya xaosa yuvarlanmışdı, ölkəni oliqarxlar idarə edirdi. Putin hakimiyyətə gəldiyi ilk gündən Kremli kənar təsirlərdən qurtardı, oliqarxları ya neytrallaşdırdı, ya da özünə tabe etdirdi. Putin həm də qəddar siyasətçidir, qətliamlar və ağır bombardmanlar hesabına Çeçenistanı yenidən Rusiyaya ram etdirdi, Gürcüstan və Ukraynanı parçaladı. Krımı işğal etdi. Sonuncu Qərb üçün qırmızı çizgi oldu və Rusiyaya qarşı sərt sanksiyalar tətbiq olundu. Rusiya neçə ildir ki, bu sərt sanksiyalar altında yaşayır. Buna baxmayaraq Rusiya cəmiyyəti Putindən imtina etməyib, onun reytinqi əvvəlki tək yüksəkdir. Halbuki, Rusiya əhalisinin əksər hissəsi ağır sosial və iqtisadi şərtlər altında yaşayır. Ancaq dözürlər və Putinə səs verirlər. Belə çıxır ki, rus cəmiyyəti Putinin bütün şıltaqlıqlarına dözməyə hazırdır, təki ölkə güclü əllə idarə olunsun. Putin Qərbin sanksiyalarını görməzlikdən gəlir, əksinə Kreml sahibi Rusiya ətrafında müttəfiqlər formalaşdırmağa çalışır. Putin Suriyaya hərbi müdaxilə qərarı verəndə riskə getmişdi. Çünki Suriyada Bəşər Əsəd rejimi laxlayırdı, ona müxalif olan silahlılar və terrorçu qruplar bir az daha irəliləsəydilər Dəməşqi ələ keçirəcəkdilər. Putin riskə getdi və qazandı. Bu gün Əsəd ordusu Rusiyanın hərbi dəstəyi hesabına ölkənin yenə əksər hissəsinə nəzarəti əlinə keçirib. Rusiya ordusu Suriyada ikinci hərbi bazasını formalaşdırıb və bu ölkədən çıxmayacaq. Qərb, ərəb dövlətləri və Türkiyə Bəşər Əsədin sonuna ümid edirdi. Bu baş vermədi. Putin bu planları pozdu. Belə görünür ki, Bəşər Əsəd hələ uzun müddət hakimiyyətdə qalacaq. Bunu da Putinin qələbəsi saymaq olar. Putin Şimalı Koreya məsələsində də fərqli siyasət yürüdür. ABŞ prezidenti Donald Tramp bilmir Şimali Koreya ilə nə etsin, gah hədələyir, gah da geri çəkilir. Trampın hədələri Şimali Koreyanın avtoritar liderinə vız gəlir. O, əvvəlki tək raket sınaqları həyata keçirir. Putin isə deyir ki, qarşıdurma ilə bu məsələ həll edilməyəcək, Şimali Koreya ilə ümumi dil tapmaq lazımdır. Putin hətta Rusiya - Cənubi Koreya - Şimali Koreya formatında konkret üçtərəfli iqtisadi layihələri reallaşdırmağı təklif edir ki, bu yolla bölgədə gərginlik azalsın. Putin haradasa haqlıdır. Müharibə bölgə üçün böyük risk vəd edir. Amerika Şimali Koreyaya hücum edəcəyi halda ikinci nüvə başlıqlı raketlərdən istifadə edəcək və bölgədə böyük insan tələfatı qeydə alınacaq. Şimali Koreya liderini danışıqlar yolu ilə ələ almaq lazımdır. Putin də bunu təklif edir. Ya da ona ümid etmək lazımdır ki, Şimali Koreyada çevriliş baş versin ki, problem özü-özlüyündə həll olunsun. Ancaq buna ümid azdır”.


Politoloq Putini Trampdan üstün sayır: “Etiraf etmək lazımdır ki, Vladimir Putin amerikalı həmkarı Donald Trampdan daha təcrübəli və hiyləgər prezidentdir. Putinin coğrafi bilikləri də Trampın biliklərindən üstündür. Putin hətta amerikalı rəsmiləri lağa qoyur ki, Avstriya ilə Avstraliyanı qarışıq salırlar. Trampın Putinlə ilk görüşündə Ağ Evdə çalışan müşavirlər prezidentlərinə xeyli konspekt hazırlamışdılar. Konspektlərdə Putinlə hansı mövzuda danışıqları necə aparmağa dair bəndlər var idi. Başqa sözlə, Ağ Ev işçiləri də görürlər ki, Putin danışıqlarda Trampdan üstün ola bilər və bu baş verməsin deyə prezidentlərinə kömək edirlər ki, Ağ Ev sahibi danışıqlarda zəif bəndə çevrilməsin. Putin kəşfiyyatdan siyasətə gəlib və insanları ələ almağın yollarını yaxşı bilir. Avropa İttifaqı da Putindən ehtiyat edir. Məsələn, Krımın işğalına görə Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar həyata keçirir. Ancaq Putin elə edib ki, Avropa İttifaqının mövqeyi haçalanıb. Avropa İttifaqının bəzi ölkələri və siyasətçiləri Rusiyaya qarşı sanksiyaların xeyr gətirmədiyini və Rusiya ilə əvvəlki münasibətlərin bərpasına çağırırlar. Fransanın keçmiş prezidenti Nikola Sarkozi isə ümumiyyətlə, deyir ki, Krımda referendum keçirilib, insanlar azad şəkildə səs veriblər və yarımadanı Rusiyanın tərkib hissəsi kimi tanımaq lazımdır. Putin sanksiyalara rəğmən Avropa İttifaqının bəzi ölkələrinə səfərlər edib, əməkdaşlığın artırılması haqqında müzakirələr aparır. Əlbəttə, bütün bu deyilənlər o demək deyil ki, Putinin adı Rusiya və dünya tarixinə qızıl hərflərlə yazılacaq. Putin qardaş Ukraynanın bölünməsinin memarıdır. Bu, heç zaman unudulmayacaq və ukraynalılar bunu Kremlə bağışlamayacaqlar. Üstəgəl, indi ağır vəziyyətdə yaşayan ruslar hazırda Putinə dəstək versələr də, bir gün keçmişdə ağır həyatlarına görə hesab istəyəcəklər. Rusiya xalqı tarixən güclü ələ üstünlük verir, onu göylərə qaldırır, ancaq beləsi üçün yaxşı sonluq da vəd etmir”.

Cavanşir ABBASLI
Tarix: 8-09-2017, 09:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}