Arakan münaqişəsinin tək həll yolu

Arakan münaqişəsinin tək həll yolu Son iki həftədə təxminən 164 min arakanlı müsəlman Myanmadan qaçaraq Banqladeşə sığınıb. Qaçan müsəlmanların kəndləri radikal buddistlər tərəfindən yandırılır. BMT xüsusi təmsilçisi Arakanda son günlərdə başlayan hadisələr nəticəsində 1000-dən artıq insanın öldüyünü açıqlayıb. Yerli hökumət isə daha az insanın öldüyünü və 6600 evin yandırıldığını açıqlayıb.

Dünyanın diqqəti Arakan müsəlmanları üzərinə cəmləndiyi bir vaxtda Azərbaycan və Türkiyə sosial şəbəkə hesablarında Myanmada müsəlmanlara qarşı soyqırımı çağırışı edən buddist rahib Aşin Viratunun öldürülməsi xəbərləri yayılıb. Xəbərlərdə qeyd olunur ki, radikal buddist lider bir neçə gün əvvəl çeçen silahlıları tərəfindən qaçırılıb, daha sonra gözləri çıxarılıb və qətlə yetirilib. Hətta internetdə yayılan edam səhnəsinin buddist rahibə aid olduğu iddia olunur.


Ancaq hələlik dünyanın nüfuzlu media orqanları bu barədə hər hansı xəbər yaymayıb. Məsələ ondadır ki, Myanmanın buddist lideri dünyada çox “məşhurdur”. Qərb mediasının “buddist bin laden” adlandırdığı Viratu müsəlmanlara qarşı kəskin çıxışları ilə məşhurlaşıb, onun qurduğu “969 hərəkatı” üzvləri müsəlmanları linç edir, evlərini yandırır. Son hadisələr zamanı rahib özü müsəlmanları “zəhərli ilana” bənzədərək öldürməyə çağırıb.


Xəbər təsdiqlənməsə belə, müsəlman aləmində ciddi təsir yaradıb. Kütlə müsəlman arakanlıların qisasının alınmasından xeyli dərəcədə məmnundur. Amma bu “xəbər siyasətinin” görünməyən bir üzü də var. Məhz bu tip saxta xəbərlərlə Arakanda “cihad hərəkatı” yaradıldığı fikrini yayırlar.


Son günlərdə müsəlman könüllülərin müxtəlif ölkələrdən Myanmaya gedərək müsəlmanları müdafiə etmək üçün silahla sarıldığı xəbərləri artıb. Qəribə də olsa bu tip xəbərlər müsəlman aləmində müsbət qarşılanır və kütləvi şəkildə tirajlanır. Və eyni zamanda Myanma hökuməti də bənzər açıqlamalar yayaraq Arakanda öldürülənlərin böyük əksəriyyətinin radikal silahlı islamçılar olduğunu açıqlayıb. Hökumətin rəsmi açıqlamasında öldürülən 475 nəfərdən 400-ə yaxını silahlı radikallar olduğu qeyd edilir. Belə görünür ki, islamçı cihad məlumatları Myanma hökumətinə də uyğundur.


Qeyd edək ki, hazırda həm bəzi müsəlman ölkələrindəki dairələr, həm də Mayanmadakı radikal buddist qruplar bu proseslərin silahlı münaqişəyə çevrilməsində maraqlı görünür. Bu isə əslində çox təhlükəli tendensiyadır, çünki bu şəkildə təbliğat və Arakanda peyda olan silahlı mücahidlər gələcəkdə Myanma hökuməti üçün “terrora qarşı savaş” səbəbinə çevriləcək. Bu münaqişənin həlli silahlı münaqişə deyil.
Nə qədər qəribə də olsa Myanmada Arakan müsəlmanlarının problemlərinin köklü həll yollarından birini illər əvvəl Səudiyyə Ərəbistanı rəsmiləri, bir qədər sərt şəkildə təklif ediblər. Bu plan müsəlman ölkələrinin Arakana sülhyaratma missiyası göndərməsi və ya Myanmaya hərbi müdaxiləni nəzərdə tuturdu. Doğrudur, bu plan riskli olsa da, münaqişənin köklü həlli üçün münasib idi. Ancaq bütün digər məsələlərdə olduğu kimi, ərəblərin bu planı da o zaman sözdən ibarət olaraq qaldı.


Hazırda davam edən Myanma Arakan böhranının həll yolu müsəlman aləminin həqiqi həmrəyliyindən keçir. Arakanda cihad, hərbi müdafiə və sair riskli təkliflər irəli sürən müsəlman ölkələri nəhayət, özlərinə güc taparaq həmrəylik nümayiş etdirməli, dünya birliyi, BMT və beynəlxalq güclər qarşısında Myanmada münaqişə bölgəsinə sülhyaratma missiyası göndərilməsini tələb edə bilər. Bunun üçün müsəlman ölkələri BMT TŞ-nin daimi üzvləri və Myanma hakimiyyətinə ciddi təsir imkanları olan ABŞ, ÇİN kimi dövlətləri də razı sala bilərlər.


BMT qərarı əsasında Arakana sülhyaratma misisyası yerləşdirilə və bölgədə davamlı sülhə nail olmaq olar. Eləcə də müsəlman muxtariyyətinin əldə olunmasına nail olmaq mümkündür.


Ancaq təəssüf ki, müsəlman dövlətləri hələ də hansısa gizli “drijorun” çubuğu ilə işarə edilən oyunu oynayır. Arakanda peyda olan silahlı cihadçılar bölgədə münaqişənin daha da böyüməsi, nəticədə yerli əhalinin tamamən köçürülməsi və terror müharibəsinə səbəb olacaq. Hələlik gedişat budur və müsəlman ölkələri qərarlılıq və düzgün taktika sərgiləyə bilmirlər. Bəlkə də heç bunu istəmirlər.

Kənan RÖVŞƏNOĞLU
Tarix: 9-09-2017, 10:08
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}