Qərb mediasının anti-Azərbaycan yazılarına müxalifətdən reaksiya

Qərb mediasının anti-Azərbaycan yazılarına müxalifətdən reaksiya Son zamanlar Qərb mediasında Azərbaycan hökuməti ilə bağlı tənqidi yazılar artıb. Əvvəllər belə hallar müşahidə ediləndə müxalifət düşərgəsində də bir canlanma müşahidə edilirdi. Bu dəfə bir qədər fərqli-sönük yanaşma tərzi seçilib. Müxalifət düşərgəsinin baş verənlərə münasibətini öyrənmək üçün bir neçə partiya ilə əlaqə saxladıq.

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, ortaya çıxan yazılar bir daha göstərir ki, Azərbaycan hökuməti münasibətlərini dünya birliyinin, üzvü olduğu beynəlxalq təşkilatların, tərəfdaş olduğu dövlətlərin dəyərlərinə yaxınlaşdırmalıdır: “Bu dəyərlər içərisində təbii ki, demokratik cəmiyyət qurulması, insan haqlarının qorunması, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə prinsipləri əsas yer tutur. Azərbaycan hökuməti tarixin müxtəlif dönəmlərində bu tipli məsələlərlə bağlı addımlar atmağa cəhdlər etsə də bu cəhdlər sistemli olmayıb və dəyərləri bütövlükdə özündə ehtiva eləyə bilməyib. Nəticə etibarilə də gəlib bugünkü situasiya alınıb. Bugünkü situasiyada da Qərb dairələrinin təzyiqləri, yanaşmaları Azərbaycan hökumətini qane etmir. Azərbaycan hökuməti içərisindən onlara qarşı müəyyən fikirlər səsləndirilir. Belə olan təqdirdə, Azərbaycan hökuməti ilk növbədə Avropa Birliyinin Şərq tərəfdaşlığı və yaxın qonşuluq siyasəti çərçivəsində üzərinə götürdüyü öhdəlikləri və hansı siyasi coğrafi məkanda olduğunu bir daha təsbitləyərək Avropa dəyərlərinə yaxınlaşmağı özünün ən ciddi kursu hesab etməlidir. Bu istiqamətdə addımlar atılmalıdır. Qərb dairələrinin əsas narazılıq etdiyi problemlər həll edilməlidir.
Həm dünyada baş verən hadisələr, həm Cənubi Qafqaza, postsovet ölkələrinə münasibət bu şəkildə davam edəcəksə, təbii ki, bunun 2018-ci il prezident seçkilərinə də təsiri olacaq. Bilirsiniz ki, postsovet ölkələrinə diqqət bir qədər artıb. Ukraynada, Cənubi Qafqazda baş verən hadisələrdə Qərbin əvvəlki illərdən bir az fərqli maraqları görünməkdədir”.

Qərb mediasının anti-Azərbaycan yazılarına müxalifətdən reaksiya

AXP sədri Pənah Hüseyn isə hesab edir ki, Qərb mediasının yazdıqlarına müxalifət yox, hökumət izahat verməli, aydınlıq gətirməlidir: “Bu məsələ çox ciddi məsələdir və ardı ola bilər. Bu cür məsələlər Azərbaycanın maraqlarına, onun milli təhlükəsizliyinə ciddi zərər vurur. O baxımdan da iqtidar öz siyasəti ilə bu deyilənləri ya təkzib etməlidir, ya da məsələnin mahiyyəti açıqlanmalıdır”.

Qərb mediasının anti-Azərbaycan yazılarına müxalifətdən reaksiya

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, son zamanlar Qərb mediasında dünənə qədər özlərinin sadiq partnyor adlandırdıqları iqtidara qarşı hücumları qətiyyən təsadüfi sayılmamalıdır: “Biz AĞ partiya olaraq o saf fikirdə də deyilik ki, bütün bu “ifşaedici” araşdırmalar və məqalələr Azərbaycanda demokratik cəmiyyətin qurulması üçün yayımlanır. Belə yazılar, araşdırmalar, faktlar adətən xarici qüvvələrin Azərbaycandakı maraqlarının təmin edilməsinə xidmət edən təzyiq vasitələri kimi qiymətləndirilməlidir. Dövlətə belə təzyiqlərin Avropadan, Rusiyadan və ya İrandan edilməsi isə fərq etmir. Əsas odur ki, həm siyasi təşkilatlar, həm də xalq olaraq belə gedişləri ayıq-sayıq qiymətləndirib kimlərinsə oyunlarının tərkib hissəsi olmayaq. Mən əvvəllər də qeyd etmişəm ki, adətən belə araşdırmalar Azərbaycanda hansısa həlledici seçkilər ərəfəsində ortalığa çıxır. Bu da dediklərimizin aşıq-aşkar sübutudur. Azərbaycan hakimiyyəti belə təzyiqlər qarşısında zəif olmaq istəmirsə, ilk növbədə mövcud problemlər həll olunmalıdır. Ölkədə siyasi dialoq mühiti yaradılmalıdır. Unutmaq lazım deyil ki, indi hakimiyyətdə kimin təmsil olunmasından daha çox Qarabağın taleyi və Azərbaycanın müstəqillik məsələsi prioritet olmalıdır”.

AMİP-in beynəlxalq əlaqələr katibi Elşən Mustafayev isə hesab edir ki, müxalifət düşərgəsi belə bir durumun yaranmasından sevinməməlidir. Qərb mediasında Azərbaycan hökuməti ilə bağlı gedən yazılara münasibəti isə hökumətin özü bildirməlidir. Məsələ gedən yazılara “böhtan, şər, erməni işi” deməklə bitmir. Əgər deyilənlər böhtandırsa onların böhtan olduğunu faktlarla sübut etmək lazımdır və yaxud onları öz ölkələrində məhkəməyə verib əksini sübut etmək lazımdır. Bu yazıların bir çoxu ölkədə siyasi məhbuslarla, əsassız həbslərlə bağlıdır. Xaricdə Azərbaycanı istəyənlərlə yanaşı istəməyən qüvvələr də kifayət qədərdir. Ona görə də ilk növbədə hökumət bu yazıların getməməsində maraqlı olmalıdır. Onun üçün də bu yazıları yazanlara əsaslar verməməlidir. Çünki nəticədə belə yazılardan hökumətdən daha çox dövlət maraqları ziyan görür. Bundan müxalifət də nə isə qazanmır”.

Etibar SEYİDAĞA
Tarix: 11-09-2017, 22:19
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}