Rəsul Quliyevin edə bilmədiyini Saakaşvili etdi

Rəsul Quliyevin edə bilmədiyini Saakaşvili etdi Qabil Hüseynli: “Şəxsiyyət, dünyagörüş etibarı ilə Rəsul Quliyevlə Saakaşvili arasında fərqlər böyükdür”



Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin sentyabrın 10-da Ukrayna ərazisinə daxil olması dünya gündəmini zəbt etdi. Ukraynaya girişi qadağan edilən Saakaşvilinin atdığı bu addım ətrafında çoxsaylı müzakirələr yaranmaqla bərabər, onun qərarı vaxtı ilə baş verən bu tipli hadisələri yenidən yaddaşlara qaytarıb.




Əvvəlcə sabiq prezidentin tərəfdarlarının dəstəyi ilə zorla Ukrayna ərazisinə daxil olmasının ona nələri yaşada biləcəyinə qısa toxunaq. Artıq ona Cinayət Məcəlləsinin 332-ci maddəsi ilə (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) cinayət işi ilə açılıb. Əksər ekspertlər, hüquqşünaslar sabiq qubernatorun həbsi üçün Ukrayna hökumətinin əlində kifayət qədər hüquqi əsasların olduğunu qeyd edərək, rəsmi Kiyevin bu şansı əldən verməyəcəyini düşünür. Bir növ Saakaşvilinin özü-özünü tələyə saldığı vurğulanır.

Rəsul Quliyevin edə bilmədiyini Saakaşvili etdi

Bununla yanaşı ixtisasca hüquqşünas olan Saakaşvilinin bunları bilə-bilə göstərdiyi cəsarət geniş müzakirə olunur, bəzi suallar yaradır. Onun həbsini göz altına alması təqdirəlayiq hesab olunur. İstənilən halda həbs ehtimalları yüksək dəyərləndirilən Gürcüstanın sabiq rəhbərinin öz ölkəsində olduğu kimi Ukraynada da uğur qazanacağı, əslində son dəfə atdığı cəsarətli addımın hakimiyyətə gedən yolunun başlanğıcı olduğu bildirilir...



Bu müzakirələrlə yanaşı 12 il öncə Azərbaycanla bağlı yaşanan belə bir hadisə yenidən gündəmə qayıdıb. Belə ki, 1996-cı ildən Amerikada mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyev 2005-ci ilin oktyabrında Saakaşvili kimi addım atıb, Azərbaycana qayıtmağa cəhd etsə də, Ukrayna ərazisində həbs edildi. Sonradan geriyə-Amerikaya qaytarılmışdı. Halbuki, həmin vaxt Saakaşviliyi qarşılayan tərəfdarlarından qat-qat çox insan kütləsi Bakı aeroportunda R.Quliyevi gözləyirdi. Hətta sabiq spiker Ukraynada həbs edilərkən Azərbaycana veriləcəyi məsələsi gündəmə gələndə, o zaman Müsavat Partiyasının başqanı olan İsa Qəmbər Ukraynaya getmiş, onun azadlığa çıxmasına nail olmuşdu. İ.Qəmbər R.Quliyevə birlikdə Azərbaycana gəlməyi təklif etsə də, sabiq spiker Amerikaya geri qayıtmaq yolunu seçmişdi. R.Quliyevin Saakaşvili kimi cəsarətli addım atmadığı qeyd olunsa da, mövcud situasiya ilə o dövrkü vəziyyətin fərqli olduğunu deyənlər də var. Görünən odur ki, müzakirələr birmənalı deyil.



2005-ci ildə R.Quliyevin vətənə qayıdış cəhdi zamanı Müsavatın rəhbərlərindən biri olan, sabiq dövlət müşaviri Qabil Hüseynli Saakaşvilinin həbs olunacağını ehtimal edir: “Doğrudur, Saakaşvili cəsarətli addım atdı. Amma bu cəsarəti Timaşenko ilə birlikdə etdi. Ukrayna milli qvardiyasının və Sərhəd Qoşununun güc tətbiq etməməsi doğru addım idi. Çünki güc tətbiq edilərdirsə, bu silahlı qarşıdurma ilə nəticələnərdi. Nəticədə ölkədə sabitliyi pozan lokal xarakterli olsa da, ciddi hadisələr baş verərdi. Zənnimcə, Saakaşvili tələyə düşdü. Ona sərhədi maneəsiz keçmək şəraiti yaratmaqla, onun hüquqi cinayət törətməsinə şərait yaratdılar. Belə görüntü yaradıldı ki, o müqavimətlə ölkəyə daxil oldu, yəni qarşısında yaradılmış sipəri yarıb keçdi. Güc tətbiq etməklə bağlı cinayət maddəsinin işləməsinə Saakaşvilinin özü şərait yaratdı. Digər tərəfdən sərhəd məntəqəsini keçərsən ora viza sistemi, yaxud Şengen zonasıdırsa, pasport təqdim edirlər. Bunların heç biri onda yox idi. Artıq onun tərəfdarlarından 100-ü çoxu həbs edilib, özü də olacaq 101-ci. Hamısı barəsində də cinayət işi qaldırılıb. Ola bilər ki, Saakaşvilini bir neçə maddə ilə ittiham etsinlər. Sərhəddə müqavimət göstərmə, sərhədi qanunsuz keçmə və ölkədə dövlət çevrilişinə cəhd etmək kimi qondarma maddələrlə ittiham oluna bilər. Bunu cəsarətdən daha çox siyasətçinin ölçü-biçisiz addımı kimi qiymətləndirmək daha doğru olar. Saakaşvilinin bu addımını alqışlamıram. Ukraynada proseslərin pozitiv istiqamətə getməsini istəyən Amerika başda olmaqla Qərb dövlətləri bu ölkədə lokal da olsa, hər hansı bir qarşıdurmanın baş verməsini istəmirlər. Rusiya saytlarına baxıram, böyük sevinclə Saakaşvilinin qəhrəmanlığından yazırlar. Halbuki dünən onun asmağı təklif edirdilər. Baş verənlər ilk növbədə, Ukraynada sabitliyi pozmağa cəhd kimi dəyərləndirilə bilər. Saakaşvilinin böyük xidmətləri olsa da, demokratik düşüncəli şəxs olsa da, onun indiki hərəkətləri qanunçuluq anlayışından çox uzaqdır”.



Sabiq dövlət müşaviri Rəsul Quliyevin də eyni metodu vaxtı ilə seçdiyini dilə gətirdi: “Rəsul Quliyev aeroportda onu daha çox insan kütləsinin qarşılamasını istəyirdi. Bildiyim qədəri ilə onun təyyarəsi Bakı aeroportuna da gələ bilərdi. Amma yanacaq bəhanəsi ilə o təyyarə Ukraynada yerə endi. Onu Azərbaycan tərəfin tələbi ilə həbs etdilər. Həmin dövrdə orada demokratik bir rejim mövcud idi. Belə rejimlər bu cür hadisələrə görə insanları həbsdə saxlamır. İsa Qəmbər o zaman ora getdi, bu prosesin hüquqi cəhətdən düzgün aparılmasına şərait yaratdı və nəticədə Rəsul Quliyev həbsdən azad olundu. Bəli, Rəsul Quliyev İsa Qəmbərin təklifinə baxmayaraq, ölkəyə gəlməyə cəsarət etmədi. Səhv, yaxud düz elədi, bunu deməkdə çətinlik çəkirəm. Hər bir insan sərbəst seçimini etməkdə azaddır. Rəsul Quliyevin geriyə dönməklə bağlı qərarına hörmətlə yanaşmaq lazımdır. Çünki bu onun öz addımı idi. Onu cəsarətsizlikdə də, tərəfdarlarına verdiyi vədi yerinə yetirməməkdə də günahlandırmaq olar, amma hər halda görünür, o öz şəxsiyyəti ətrafında yaranmış vəziyyəti başqalarına nisbətən daha dəqiq analiz edir. Etdiyi seçim öz vəziyyətinə, şəxsiyyətinə uyğun idi. O həbs ediləcəyini, aeroportda onu çoxsaylı insan kütləsinin qarşılamayacağını yaxşı bilirdi. O yaranmış vəziyyətin ölkədəki sabitliyi pozacağını düzgün dəyərləndirib, geriyə qayıtdı. İstər 2005, istərsə də indi olsun, Ukrayna və Azərbaycandakı müasir vəziyyət demək olar oxşardır. Saakaşvili və Rəsul Quliyevin də etdiyi hərəkətlər oxşardır. Hər ikisi sərhədi pozub, ölkəyə qeyri-qanuni şəkildə daxil olmaq istəyir. Biri sadəcə bunu vaxtında başa düşüb, yolun yarısından qayıdıb, digəri isə sona qədər gedib. Burada qanunların necə işləyəcəyinə qiymət verə bilərəm. Zənnimcə, bu qanunlar Azərbaycan və Ukraynada eyni cürdür. Rəsul Quliyevin həmin dövrdə siyasi iflasa uğradığından danışa bilərik. Ona vəd verib yerinə yetirməyənlərin də siyasi iflasından söz açmaq olar. Amma Rəsul Quliyev çulunu sudan çıxara bildi, Saakaşvilinin bunu edə bilib-bilməyəcəyi ciddi sual altındadır. Baxmayaraq, şəxsiyyət, dünyagörüş etibarı ilə Rəsul Quliyevlə Saakaşvili arasında fərqlər böyükdür”./Musavat/


Tarix: 12-09-2017, 07:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}