Müsavatla Milli Şura arasında mitinq “atışması”

Müsavatla Milli Şura arasında mitinq “atışması” Birgə mitinq keçirmək təklifi anında “vuruldu”

Müsavat Partiyası ilə Milli Şura arasında mitinq keçirmək məsələsi ilə bağlı yeni gərginlik yaranıb. Belə ki, Müsavatın mitinq keçirmək məsələsini müzakirə etdiyi barədə xəbərlər yayılıb. Sonra isə Müsavat Məclisinin üzvü Valeh Hümmətoğlu facebook səhifəsində ümumxalq mitinqinin vacibliyini yazıb və Müsavatla AXCP-nin bu mitinqdə birgə iştirakı üçün təklif irəli sürüb:


“Etiraz aksiyası çağırmaq üçün kifayət qədər əsas var. Həmişə olub. İndi daha çoxdur. Hansısa təşkilatın mitinqini yox, ümumrespublika mitinqini çağırmaq üçün müraciət etmək lazımdır. Aydın məsələdir ki, Müsavatın çağırdığı mitinqə AXCP rəhbərliyi qoşulmur. AXCP isə çağırdığı mitinqdə başqa müxalifət təşkilatlara, xüsusən Müsavata çıxışa yer vermir ki, bu Milli Şuranın mitinqidir. Belə bir vəziyyət isə cəmiyyətdə ”müxalifət birləşmir" assosiasiyası yaradır. Mən təklif edirəm ki, üçüncü bir təşkilat, tutaq ki, NİDA vətəndaş hərəkatı ümumrespublika mitinqi çağırsın, bütün müxalif təşkilatlar, cəmiyyətlər, şəxslər iştirakla əlaqədar öhdəlik götürüb NİDA-ya müraciətlər etsinlər. Təşkilati məsələlərdən tutmuş mitinqin aparılmasına qədər bütün məsələlər NİDA-ya tapşırılsın. Qalan bütün müxalifət təşkilatlar isə rəhbərliyi və sıravi üzvləri ilə birgə meydanda olsunlar. Hansı təşkilat iştirakdan imtina etsə, müxalifətin birliyinə zərbə vuran onlar olacaq".
Müsavatın mitinq mövzusunu müzakirəyə çıxarması və Məclis üzvünün müraciətdən dərhal sonra sosial şəbəkədə Milli Şuranın rəhbərliyinin “Dostlar, Milli Şura ümumxalq mitinqini ayın neçəsinə təyin etsin?” deyə çağırış yayılıb.

Valeh Hümmətoğlu isə buna cavab olaraq “Buyurun, dostlar, biz müsavatçılar müxalifətin birgə mitinqlərinin yolunu axtarırıq, birgə mitinq təklifi veririk. Bu da münasibət. İndi kimdir birliyin tərəfdarı? Pozacaqlar” yazıb.

Bundan sonra tərəflər arasında söz atışması başlayıb. Müsavat üzvlərindən Şöhrət Qulu Milli Şuranın bütün narazı təbəqəni əhatə etmədiyini, birliyə mane olduğunu yazıb. Müsavat Məclisinin üzvlərindən bəziləri isə yazıblar ki, bütün bunlar qəsdən edilir. Parçalamaq məqsədilə hakimiyyətin oyunudur. Keçən ilin sentyabrında da yenə Milli Şura ilə AXCP bu oyuna belə başlayıb inamı, ümidi söndürdülər. Bu il də belə edirlər. Ümumirespublika mitinqi bütün qüvvələrin birliyi ilə olmalıdır.

Müsavatçılardan birinin isə “Elə deyirlər ki Milli Şura... Milli Şura AXCP-dən ibarətdir ancaq” deyə söz atması cəbhəçi Ramid Nağıyevin “Get, işinlə məşğul ol” cavabı ilə qarşılanıb. Başqa bir Müsavat üzvü isə ona “İşi olmayan sənsən!” deyə, qəzəbli cavab verib.

Beləliklə, birgə mitinq keçirmək təklifi iki düşərgə arasında bir müddətdir müşahidə atəşkəsin pozulmasına gətirib çıxarıb. Günahkar isə təbii ki, təklif müəllifi deyil.

Etibar SEYİDAĞA
Tarix: 13-09-2017, 08:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}