Rəsul Quliyev Saakaşvilini və İsa Qəmbəri ittiham etdi

Rəsul Quliyev Saakaşvilini və İsa Qəmbəri ittiham etdi Sabiq spikerdən Saakaşvili olmaması ilə bağlı şok açıqlamalar; “Onun Ukraynada siyasi səhnəni dəyişmək şansı sıfıra bərabərdir”

“İsa Qəmbər və Əli Kərimli həmin gün Bakıdan 250 km aralı Qəbələyə getmişdilər”

“Tərəfdarlarımın sayı istənilən özünü müxalifət adlandıranlardan 10 dəfələrlə çoxdur”

“Azərbaycana dönməkdə israrlıyam və bu istiqamətdə daha qətiyyətli cəhdlər edəcəyəm”

“Saakaşvili Londonda konsulunu mənim qaldığım yerə göndərib, Gürcüstana gəlməməyimi tələb edirdi”

Son günlər Azərbaycan mətbuatının gündəmində olan isimlərdən biri də Amerikada mühacirətdə yaşayan sabiq spiker Rəsul Quliyevdir. Buna səbəb də Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin Ukraynaya dönüşüdür.

2005-ci ilin oktyabrında da R.Quliyevlə bağlı buna bənzər hadisələr baş vermişdi. O zaman Azərbaycana gəlməyə cəhd edən eks-spiker Ukrayna ərazisində saxlanılmış, sonradan geriyə - Amerikaya qayıtmışdı. Saakaşvili olayından sonra R.Quliyevin ünvanına bəzi ittihamlar səsləndirilir, o, sabiq prezidentlə müqayisədə cəsarətsiz siyasətçi kimi qələmə verilir.

Bütün bu ittihamlarla bağlı R.Quliyevlə danışdıq.

- Rəsul bəy, Saakaşvilinin Ukraynaya gəlişi ilə siz də gündəmi zəbt etdiniz. Əvvəla, o, düzmü etdi? Fərqli mövqelər var...

- Saakaşvili prezident olanda gəlib Azərbaycan Milli Məclisində çıxış edib, bizlərə “dərs” keçəndə də onun ambisiyalı, özündən razı narsist bir tip olduğunu söyləmişdim, yenə də eyni fikirdəyəm. Onun Ukraynada nə prezident, nə də aparıcı partiya lideri olmaq şansı yoxdur. Sadəcə, narsist xarakteri dünyada diqqəti cəlb etmək üçün onu özündən asılı olmayaraq bu addımları atmağa vadar edir. İnsanlar bəzi mürəkkəb sualların cavablarını özləri tapa bilərlər, əgər “nə üçün”, “nə səbəbdən” suallarını özlərinə verib cavab axtarsalar. Məsələn, Mişa nə üçün azı 30 faiz (onun partiyası parlamentdə bu qədər yer alıb) dəstəyi olan Gürcüstana yox (bu ölkə də onu vətəndaşlıqdan məhrum edib), maksimum 5 faiz dəstəyi olan Ukraynaya getməyə üstünlük verdi? Hansı səbəbdən işlədiyi camaatın yaxşı tanıdığı (“Yaxşı”’ işinə görə Odessa oblastı və Gürcüstan camaatı onu daha çox müdafiə etməli idi) Odessaya yox, Lvova üz tutdu? Özünü təbliğ etmək üçün düzgün addımdır. Rusiya kimi bir təcavüzkar ölkə ilə ölüm-dirim müharibəsi aparan Ukraynanın başını lazımsız məsələ ilə qarışdırmaq isə qeyri-düzgün hərəkətdir. Ancaq səhv addımı birinci onun vətəndaşlığını alan Poroşenko atmışdı.

- Sizcə, Saakaşvili Ukraynada siyasi səhnəni dəyişə bilərmi? Ən əsası, eşqə düşdüyü prezidentliyə gələ biləcəkmi?

- Saakaşvilinin Ukraynada siyasi səhnəni dəyişmək şansı sıfıra bərabərdir. Əvvəla, Ukrayna Avropa Birliyinə və NATO-ya daxil olmaq siyasətini artıq azı 2 ildir aparır. Bu yaxınlarda referendum keçiriləcək və ən azı 70% ukraynalının Avropaya “hə” deyəcəyi gözlənilir. Həmçinin Ukrayna iqtisadi reformalar aparır və korrupsiyaya qarşı mübarizəni gücləndirir, Beynəlxalq Valyuta Fondu bunu bir neçə dəfə təsdiqləyib və milyardlıq tranşlar verib, proses davam edir. Ukrayna hüquqi dövlət yaratmaq istiqamətində də çox böyük addımlar atıb. Keçmiş məhkəmə sədrlərinin 70 faizini dəyişib. Məhz Saakaşvilinin qeyri-qanuni şəkildə ölkəyə daxil olması və həbs edilməməsi hüquqi dövlət statusunun təntənəsidir. Düzdür, Saakaşvili istənilən variantda qanunu pozubsa, cəzalandırılacaq, ancaq məhkəmə tərəfindən. Bu məsələlərdə (bütün hüquqi dövlətlərdə olduğu kimi) prezidentin fərmanı işləmir. Saakaşvili başqa bir korrupsioner və ambisioz siyasətçi Timoşenko ilə birləşib xaos yaratmağa cəhd edə bilər, ancaq uğurları parlamentdə qazanılacaq 20 faiz deputat yerindən o tərəfə keçməz. Hər halda, Ukraynada Qroysman və onun hökuməti, keçmiş baş nazir Yaçenyuk və onun komandası, Kiyevin meri Kliçko kimi dəyərli siyasətçilər var. Onların arasında bağıra-bağıra başqalarına böhtan atmaqdan başqa əlindən az şey gələn Timoşenko və Saakaşvilinin qələbə çalmaq şansları yoxdur. Saakaşvilinin Gürcüstanda demokratiyanın yaranması və nəticə olaraq korrupsiyanın bir neçə dəfə azaldılmasında olan rolunu danmaq ədalətsizlik olar. Ancaq Gürcüstanda işləyən çığır-bağır metodlarını eynən Ukraynaya tətbiq etmək ağılsızlıqdır.

- Atdığı addıma görə Saakaşvilini cəsarətli, sizi isə cəsarətsiz bir siyasətçi kimi qələmə verənlər var. Sizcə, doğrudan da sabiq qubernator cəsarətli hərəkət etmədimi? Onun dönüşündən sonra "Kaş o vaxtı mən də belə edərdim" kimi düşüncəniz varmı?

- Saakaşviliyə qorxaq demək olmaz, o, kifayət qədər cəsarətli adamdır. Ancaq mən özümü də heç vaxt qorxaq hesab etməmişəm və məni tanıyanların hər biri dediyimi təsdiqləyə bilər. Hətta bugünkü hökumətdə olanlar 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələrini xatırlayıb, daha çox dediklərimi təsdiqləyərlər. Mən Azərbaycana gəlməkdə qat-qat qətiyyətli idim, nəinki Saakaşvili Ukraynaya getməkdə. Saakaşvili hüquqi dövlətə, mən isə fərqli bir ölkəyə gedirdim. Mənim gedəcəyim ölkənin qonşuluğunda və hətta 1000 kilometrliyində Polşaya oxşar bir sivil dövlət yox idi. Yeganə o vaxt demokratiyaya cəhd edən bir qonşumuz var idi, o da Gürcüstan idi. O zaman bu gün yüksək dəyərlərdən pafosla danışan Saakaşvili Londonda konsulunu mənim qaldığım yerə göndərib, Gürcüstana gəlməməyimi tələb edirdi. Mişa “Bizim Azərbaycanla yaxşı münasibətlərimiz var” deyib (qazı demək olar ki, müftə alırdı. Bu gün rüşvətin əleyhinə çıxış edən Mişa o vaxt, faktiki, Azərbaycandan rüşvət alıb, məni Gürcüstana buraxmadı), məni Gürcüstana buraxmayacaqlarını bildirmişdi. Mən təyyarə ilə uça bilərdim və təyyarənin ölkəyə buraxılmaması ən asan məsələdir. Əlbəttə, Gürcüstana gələ bilsəydim, oradan Azərbaycana keçməyim asan olardı. Hər halda, o zaman sərhəddə məni Mişa kimi 1000-2000 min yox, on minlər qarşılayacaqdı. Bakıya gəlib çatdıqda bu rəqəm bir milyon olardı. Bu gün də Azərbaycana dönməkdə israrlıyam və bu istiqamətdə daha qətiyyətli cəhdlər edəcəyəm.

- Bildiyiniz kimi, Saakaşvilini Qərb dəstəkləyir. Amma sizi o zaman Qərb meydanda tək qoydu. Əgər Saakaşvili kimi dəstək alsaydınız, ölkəyə gələrdiniz?

- Qərb Saakaşvilinin nə 2008-ci il Cənubi Osetiya avantürasını, nə də bugünkü Ukrayna addımlarını dəstəkləmir. Siz səhv fikirdəsiniz. Düşünürəm ki, məhkəmənin qərarı ilə Mişa yenidən Ukraynanı tərk etməli olacaq. Məni xaricin dəstəkləyib-dəstəkləməməsinə gəldikdə isə burada da səhv mövqedəsiniz. O hadisələr baş verəndən bir neçə il sonra Norveçdə səfirlə görüşdüm. Onun dediklərini olduğu kimi təkrarlayıram: “Biz ABŞ-ın səfiri başda olmaqla, hamımız aeroporta getdik. Yol boyu çoxsaylı hərbi texnika, tanklar, BTR-lər, əsgərlərlə rastlaşdıq. Həmçinin minlərlə insan şəhərin hər yerindən aeroporta tərəf axışırdı”. Səfirlər, nəhayət, Azərbaycanda müxalifətin kim olduğunu anladılar. Məni dəstəkləməyən Qərb səfirlərini aeroporta göndərməz. Çox təəssüf ki, verilən rüşvətə görə məni Simferopolda saxladılar, Azərbaycana getməyə icazə vermədilər. Azərbaycandan gəlmiş prokurorluq işçilərinə vəkilim “Rəsulu Azərbaycana aparmaq istəyirsiniz, razıdır, gəlin gedək” deyəndə aradan çıxdılar, dedilər ki, “bizə deyiblər burada saxlanılmasına nail olaq, aparmağa yox”.

- Gəlsəydiniz, nələri dəyişə bilərdiniz?

- Gələ bilsəydim, çox şey dəyişəcəkdi. Tərəfdarım isə kifayət qədər idi. Hətta illər belə tərəfdarlarımın sayını çox da azalda bilməyib. Bu gün də tərəfdarlarımın sayı istənilən özünü müxalifət adlandıranlardan 10 dəfələrlə çoxdur. Azərbaycanın qonşuluğunda az da olsa, Polşaya bənzər bir ölkə olarsa, Azərbaycana dönüşümü gözləmərəm, maksimum 2-3 aya bu işi görərəm. Təəssüf ki, Naxçıvanla qonşu olan Türkiyədən də (onda da Türkiyə mənə icazə vermədi) icazə almaq mümkün deyil.

- Bilirsiniz ki, Saakaşvilinin yanında Timoşenko kimi güclü bir siyasətçi var. Sizin hazırda Azərbaycanda Timoşenkonuz varmı, yaxud 12 il öncə var idimi?

- Yanımda Timoşenko tipli adamların olmasını şərəfsizlik hesab edərdim. Azərbaycan həmin o timoşenkolarla doludur, ondan ağılsız olsalar da. Onlar heç vaxt mənim yanımda ola bilməzlər. Yanımda normal insanlar olacaq, buna şübhə etmirəm.

- 12 il öncə sizə vəd verənlərin sözlərini tutmadıqları barədə fikirlər var. Son olaraq, sabiq dövlət müşaviri Qabil Hüseynli bu barədə qəzetimizə açıqlamasında fikirlər səsləndirib. Doğrudan da o zaman belə idi? Konkret adlar çəkə bilərsiniz?

- Biz o dövrdə koalisiya yaratmışdıq. Koalisiyanın rəhbərləri ilə mən yox, nümayəndəm danışıqlar aparırdı. Onların hamısının məni qarşılamaqda iştirak etməsi vacib idi. Ancaq təəssüf ki, iki şəxs - İsa Qəmbər və Əli Kərimli həmin gün Bakıdan 250 km aralı Qəbələyə getmişdilər. Mən Ukraynada ABŞ səfirliyinin təzyiqi ilə buraxıldıqdan sonra Kiyevdə İsa Qəmbərlə görüşdüm. Birdən o, gülməli bir fikir söylədi. Guya mənim buraxılmağımı o, Yuşşenkodan xahiş edib. Mən ona o, Kiyevdə görüşlərə başlayana qədər azad edildiyimi və Yuşşenkonun tapşırığı ilə 5 nəfərdən ibarət qoruyucu verildiyini izah etdim. Bizim çörək yediyimiz restoranın ətrafı da Ukraynanın silahlı qüvvələri tərəfindən qorunurdu. Və onların gözlərinin qarşısında mən gedəndə onlar da maşınlarına minib arxamca sürdülər. Ondan başqa, mənim siyasi sığınacaq statusumun olduğunu və BMT-nın 1951-ci ildən bu statuslu insanların toxunulmazlığı barədə qərarı olduğunu da dedim. Nə üçün bunları sadalayıram; çünki bir neçə il bundan öncə yenidən bu insanın “mən Quliyevi xilas etdim” kimi cəfəngiyyatına rast gəldim.

Cavanşir ABBASLI
Musavat.com
Tarix: 14-09-2017, 08:49
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}