5 rayon nağılı və Basarkeçər-Ağdərə dəhlizi

5 rayon nağılı və Basarkeçər-Ağdərə dəhlizi Moskvadan gələn “5 rayon söhbəti” lap bezdirib. Bu dəfə də hakimiyyət ideoloqlarından biri Aleksandr Duqin danışıb. Əslində Duqin bu ilin mayında Bakiya səfəri zamanı da 5 rayonun qaytarılması zərurətindən danışmışdı. Odur ki, bizim deputatlara Moskvada dedikləri yenilik deyil.

Aydın olan budur ki, Rusiyanın “danışan dil”ləri Kremlin maraqları uğrunda səfərbər olunub. Duqin Ermənistanı 5 rayonla qorxudur, həmkarı Proxonov da deyir Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxsa, Azərbaycanın öz torpaqlarını azad etməyə heç nə mane olmayacaq. Məqsəd birdir-Moskva İrəvandakı anti-Rusiya çıxışlarına bu sayaq cavab verir.

Diqqət edin, son vaxtlar Ermənistanda qısa fasilələrlə Avrasiya Birliyi - əslində Rusiya ilə - əlaqələrə yenidən baxılması barədə təşəbbüslər qaldırılır. Kremldəkilər də İrəvandakı “satqınları” sakitcə izləməkdədir. Ruslar anlayır ki, Soçidə qulağı çəkiləndən sonra Serj Sərkisyan açıq şəkildə Avrasiya Birliyindən çıxmaq haqda danışa bilməz. Necə ki, Ermənistan NATO-nun iki təlimində iştirak edəndən sonra, məhz Putinin xəbərdarlığını aldığı üçün Gürcüstandakı üçüncü təlimdə iştirakdan imtina etdi. Odur ki, Avrasiya Birliyi ilə bağlı bəyanatı Sərkisyan aprel ayındakı seçkilərdə bir-bir “təyin etdiyi” deputatların dili ilə ictimailəşdirir. Rusiya ilə danışmağın yolunu tapıblar-şantaj yolu daha “rentabellidir”.

Yenə nə isə qoparmaq istəyirlər. Necə ki, keçən il Rusiya səfirliyinin yumurta atəşinə tutulmasına qədər abırsızlıq elədilər, nəticədə Rusiyadan 200 milyonluq kredit, pulsuz silah, İsgəndər raketləri aldılar, Moskva ilə birgə hərbi birləşmə yaratdılar, KTMT-nin baş katibliyinə erməni generalı oturtdular...

Bax, indi Rusiya da Ermənistanın şantajına şantajla cavab verir. “5 rayon nağılı” da burdan qaynaqlanır. Yaxud “Rusiya əlini üstünüzdən götürsə, Azərbaycan sizi məhv edər” tipli mesajlar da antirus meyllərinin susdurulmasına yönəlib.

Təkcə bu da deyil. Kremlin Azərbaycandan da istəkləri var. Necə ki, Rusiya kommunistlərindən biri Kalaşnikov Azərbaycanı Avrasiya İqtisadi Birliyində görmək istədiklərini deyir. 2016-cı ildə bu arzunu Rusiya XİN başçısı Lavrov Bakıda dilə gətirmişdi. Müsbət cavab almadığı üçün Moskvada Bako Saakyanla qədəh toqquşdurdu.

Əvvəlki illər Rusiyanın mövqeyi belə idi ki, ilkin mərhələdə 5, daha sonra Kəlbəcər, ardınca Laçın rayonları azad olunmalı, Ermənistanla Qarabağ erməniləri arasında dəhliz saxlanılmalı, Dağlıq Qarabağın statusu növbəti mərhələdə razılaşdırılmalıdır. Hətta o vaxt da biz bu planı Azərbaycanın tələyə salınması kimi qiymətləndirmişdik. “Kələntaryan”ın mövqeyi bəllidirsə, ondan Azərbaycana xeyir ummaq sadəlövhlükdür. İstəyirlər ki, bir neçə rayonun azad olunmasının ardınca Qarabağa rus hərbçiləri yerləşdirilsin və məsələ bitsin. Bu hərbçilərin gətirdiyi “sülh”ü Dnestryanıda, Abxaziya, Cənubi Osetiyada, Krımda görmüşük, hələ Əfqanıstan və Suriyanı bir kənara qoyaq.

Bəs, niyə indi daha çox 5 rayon söhbəti gedir? Niyə əvvəlki kimi 5+1, yaxud 5+2 formulundan danışılmır? Son hadisələrə diqqət yetirsək, “Rusiyanın Qarabağ nağılı”nın formatının nə səbəbə dəyişdirildiyi bəlli olur.

Ermənistan hakimiyyəti bəyan etdi ki, 30 milyon dollar xərc çəkərək Vardenisdən Ağdərəyə yeni yol çəkib. (Vardenisin adı 1969-cu ildə dəyişdirilib, qədim torpağımızın adı Basarkeçərdir-E.P.) İndi Ermənistan Rusiyanın xeyir-duası ilə Basarkeçərdən basıb keçib, Kəlbəcərin dağlarını yararaq 116 km-lik asfalt çəkib Ağdərəyə. Ermənistandan Dağlıq Qarabağa çəkilən ikinci yoldur, Laçın dəhlizinin alternativi!
Ermənistan ac-yalavac vəziyyətində Qarabağa ona görə yol çəkmir ki, günün birində onu Azərbaycana bağışlasın! Bunu Duqin də bilir, Lavrov da. Bu kəsə yol savaş başlayacağı halda, Ermənistandan Qarabağa gətiriləcək tanklar üçündür. Deməli, bu səbəbdən Kəlbəcər rayonu da azad olunmalı olan rayonların siyahısından çıxarılıb. Sabah Ermənistan danışıqlar masasında bu dəhlizin “statusu” haqda da iddialar səsləndirə bilər.

Göründüyü kimi, Moskva nə deməsindən asılı olmayaraq, Ermənistanı özündən uzaqlaşdıracaq addım atmır, mövqe qoymur. Yeri gələndə deyir “gedin, məsələni özünüz həll edin”. Özümüzə həll etmək imkanı da vermir. Necə ki, 2016-cı ilin aprelində cəmi üç gün susdu... Gərək bizim deputatlar soruşardı ki, cənab Duqin, 5 rayondan sonra Basarkeçər-Ağdərə dəhlizinin taleyi necə olacaq?



Elşad PAŞASOY
Tarix: 16-09-2017, 09:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}