“Hər şeyi meydan və qüvvələr nisbəti həll edir” - Zərdüşt ƏLİZADƏ

“Hər şeyi meydan və qüvvələr nisbəti həll edir” - Zərdüşt ƏLİZADƏ “Tofiq Zülfüqarov qədər peşəkar, yüksək səviyyəli xarici işlər naziri olmayıb”

“Turan” İnformasiya Agentliyinə açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Sergey Lavrovun Azərbaycan və Ermənistana səfərini şərh edərkən deyib ki, bir çox beynəlxalq oyunçular hesab edirlər ki, Azərbaycanda və Ermənistanda Rusiyanın üstünlüyü o qədər çoxdur ki, başqalarının qoşulması mənasızdır. Amma Rusiyadan daha çox Lavrovun bu üstünlüyünün sonu çatır.


Zülfüqarov Lavrovun birtərəfli ermənipərəst siyasətinin hamıya aydın olduğunu qeyd edib: “Təəssüf ki, Bakıda onun üçün proqram, o cümlədən tələbələr qarşısında çıxış hazırlayıblar. Adətən, bu cür çıxışlar qonağa xüsusi münasibətin göstəricisi olaraq planlaşdırılır. İlin əvvəllərində Lavrovun Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüquqlarını itirdiyini bəyan etməsi ilə bağlı qalmaqalı nəzərə alsaq, onun dəvət olunması artıq idi”.

Zülfüqarov onu da vurğulayıb ki, Qarabağ məsələsində Amerikanın fəallaşması çox realdır: “İkinci komponent regional qüvvələrin fəallaşması, ilk növbədə Türkiyənin rolunun artırılmasıdır. Nizamlanma prosesində Türkiyənin iştirakı güclənəcək”.

“Qarabağ məsələsində hərbi gücün heç bir səmərəsi yoxdur”

Tofiq Zülfüqarovun “Qarabağ məsələsində Rusiyanın üstünlüyü sona çatır” fikrini bölüşməyən Politoloq Zərdüşt Əlizadə Hurriyyet.org-a bildirdi ki, o, bununla razı deyil: “Çünki hər şeyi meydan və qüvvələr nisbəti həll edir. Meydanda qüvvələr nisbəti nədən ibarətdir? Rusiyanın Ermənistanda böyük hərbi birləşməsi var. Rusiya tam Ermənistana nəzarət edir. Dağlıq Qarabağ əməli olaraq Rusiyanın hərbi bazasıdır, oranın rəhbəri Rusiyanın agentidir və onlar Rusiyanın verdiyi əmrə tabedirlər. Belə olan şəraitdə Azərbaycan Dağlıq Qarabağ problemini həll etmək üçün sülh potensialından əsla istifadə etmir. Yalnız lunatik danışıqlara və hərbi gücə ümid edir. Hərbi gücün də heç bir səmərəsi yoxdur. Çünki Gürcüstanın, Ukraynanın timsalında gördük ki, Rusiya ilə hərbi güc mümkün deyil. Rusiyanın Amerikaya gücü çatmasa da, Ukraynaya, Gürcüstana, Moldavaya, Azərbaycana gücü çata bilər. Ona görə, düşünürəm ki, Rusiyanın hegemonluğunun sona çatması barədə fikir bir qədər tərəfsizdir”.

“Lavrov haqlı deyir ki, Dağlıq Qarabağ sizin daxili probleminiz deyil”

“Lavrov ilin əvvələrində demişdi ki, Azərbaycan Dağlıq Qarabağ üzərində suveren hüquqlarını itirib. Belə bir adamın danışıqlar prosesində vasitəçiliyi nə dərəcədə doğrudur” sualına Z. Əlizadə belə cavab verdi: “O, o cür deməmişdi. O, demişdi ki, Dağlıq Qarabağ problemi Azərbaycanın daxili problemi deyi. O da haqlı idi. Çünki vaxtında Azərbaycan hakimiyəti razılaşanda ki, Dağlıq Qarabağ beynəlxalq vasitəçilərin mövzusu olsun, onda o artıq daxili mövzudan çıxıb, beynəlxalq problemə çevrilmişdi. Ona görə də o, haqlı deyir ki, Dağlıq Qarabağ sizin daxili probleminiz deyil. Burada Minsk Qrupunun həmsədrləri, 3 böyük dövlət, ATƏT və başqa təşkiltlar iştirak edirlər. Siz elə həmişə BMT-nin Təhükəsizlik Şurasının üç qətnaməsinə istinad edirsiniz. Üç qətnamənin özü də göstərir ki, Dağlıq Qarabağ probleminin həllində beynəxalq təşkilatların rolu var”.

“Türkiyə ilə Rusiya arasındakı yaxınlaşma Türkiyəyə imkan verir ki, Rusiya vasitəsilə danışıqlar prosesinə müəyyən təsir göstərsin”

Tofiq Zülfüqarovun “Qarabağ məsələsində Amerika və Türkiyənin rolu artır” fikri ilə də razılaşmayan Əlizadə dedi ki, Tofiq Zülfüqarov Qarabağ probleminin dərin bilcisidir və həqiqətən çox peşəkar diplomatdır: “Bəlkə də bizim müstəqillik illərində Tofiq Zülfüqarov qədər peşəkar, yüksək səviyyəli xarici işlər naziri olmayıb. Mən onun mövqeyinə həmişə böyük diqqət və ehtiramla yanaşmışam. Amma özüm də azdan-çoxdan vəziyyəti təhlil edirəm. Düşünürəm ki, Türkiyə ilə Rusiya arasındakı yaxınlaşma Türkiyəyə imkan verir ki, Rusiya vasitəsilə danışıqlar prosesinə müəyyən təsir göstərsin. Amma Dağlıq Qarabağ probleminə Türkiyə bilavasitə qatılmayıb. O Minsk Konfransının üzvüdür, amma Minsk Konfransına bir dəfə də çağırılmayıb. Amerika isə Minsk Qrupunun həmsədridir. Dünyanın böyük və aparıcı dövlətidir. Amma Dağlıq Qarabağ problemində Amerikanın təsiri Rusiya qədər deyil. Mən görmürəm ki, Amerikanın təsiri artır. 90-cı illərdən sonra müəyyən həddə qədər artdı. Elə Putinin dövründə Rusiya bir balaca yan-yörəsini sahmana salmağa başlayanda Amerika dondu qaldı, onun artıq təsiri, nüfuzu artmır”.(Hurriyyet.org)
Tarix: 22-11-2017, 22:42
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}