ABŞ-ın rəngli inqilablarda taym-aut götürməsinin - Pərdəarxası...

ABŞ-ın rəngli inqilablarda taym-aut götürməsinin - Pərdəarxası...
ABŞ-ın pullu inqilab projeləri, çevriliş prodakşnları, “ərəb bahar”ı, “narıncı”, “məxməri”, “qızılgül” devrimləri solub-saralmaq dövrünü yaşamaqdadır.
“Ağ ev” divarları içərisində viski və romi içərək Yaxın Şərq, Orta Asiya, postsovet və Şimali Afrika üçün planlar cızan, dünyanın siyasi coğrafiyalarını dəyişənlər taym-aut götürüblər.


Anaxeber.Az-ın Analitik Qrupu təhlil edir ki, Vaşinqtonun Buş, Obama iqtidarları dönəmindən sonra Tramp erası fərqli rəng almağa başladı.
Okeanın o tayından Rokfellerin pulkəsən dəzgahları inqilablar, siyasi çevrilişlər üçün maliyyəni dayandırmağa qərar verdilər.
Tramp əvvəldən bəyan eləmişdi ki, heç bir dövlətin daxili işinə müdaxilə etməyəcəklər. Doğrudur, konqres onun əleyhinə olaraq “demokratiyanın ixracı” üçün ayrılan vəsaitin həcmini artırdı. Lakin siyasi çevrilişlərin reallaşdırılması ertələnib.
ABŞ-ın neoimperiya siyasəti Suriya və Ukrayna böhranı ilə dalana dirəndi. Vaşinqtonda anladılar ki, Rusiyanın xarici siyasətinin güclənməsi və dünyada anti-Amerika ritorikasının genişlənməsi müvəqqəti planları təxirə salmağı zəruri edir.

Dünyada XXI əsrin ən aktual məsələlərindən biri bəzi ölkələrdə baş verən “rəngli inqilablar”dır. İri güclərin bir sıra dövlətlərdə həyata keçirdikləri belə inqilablar kabusu Azərbaycanda da dolaşıb. Bəzi vaxtlara bu tipli hakimiyyət dəyişiklikləri cəhdləri olub.
“Rəngli inqilablar”ın birbaşa Amerikadan təşkil olunması isə danılmaz bir faktdır. Təsadüfi deyil ki, “rəngli inqilab”ların ideoloqu amerikalı Cin Şarp (Gene Sharp, 1928-ci ildə anadan olub, hazırda ABŞ-da yaşayır) hesab olunur.
O, avtoritar rejimlərlə qeyri-zorakı üsullarla mübarizə metodları barədə yazdığı kitablarla məşhurdur.
Həmçinin Cin Şarp ABŞ-ın Demokratiyanı Milli Himayə Fondu (NED), Ford Fondu və Beynəlxalq Respublikaçılar İnstitutu tərəfindən maliyyələşən Albert Eynşteyn adına İnstitutun təsisçisi və rəhbəridir.

Anaxeber.Az-ın Analitik Qrupu təhlil edir ki, indi rəngli inqilabların ssenariləri rəflərdə saxlanaraq bu mərhələdə istifadəsinə lüzum görülmür.
ABŞ Suriya böhranını həll edə bilsəydi, növbə İrana çata bilərdi. Şərqin qapısı sayılan Dəməşq isə Rusiya, Çin və İranın ciddi dəstəyi sayəsində bu planı alt-üst elədi.
Ona görə də Qərbin və Amerikanın başı Ukrayna və Suriya böhranını həll etməyə qarışıb. Tramp isə yeni dövlətlərə daxil olmağa və pul xərcləməyə əsas görmür.
Aralıq dənizi hövzəsində ”Ərəb baharı" adı altında gerçəkləşdirilən və bölgəni cəhənnəmə çevirən silahlı inqilabların nəticəsi də bunu sübuta yetirir.
Bəşəriyyət bu tarixdən, xüsusilə də ən yaxın dövrdə yaşanan və yaşanmaqda olan qanlı hadisələrdən dərs alıb və milli dövlətlərdə cinayətkar transmilli maliyyə fırıldaqçılarının, onların idarə etdiyi institutların və siyasətçilərin, ayrı-ayrı ölkələrin geosiyasi, geoiqtisadi maraqlarına xidmət edən proseslərə qarşı ciddi immun sistemi formalaşıb.
Yadınıza salın, jurnalist A.Qriqoryevsdən soruşdu ki, MDİ-nin bank hesabları olmaya-olmaya siz azərbaycanlı tərəfdaşlarınıza pulu hansı hesabdan ödəyirsiniz. Qriqoryevs söz altda qalmadı və dərhal cavab verdi: «Mənim şəxsi bank hesabımdan».
Yəni rezident pulu öz hesabından çıxararaq onu ««Facebook» inqilabı işi»nə nağd şəkildə ödəyirmiş.
Amerikalıların heç vaxt üst-üstə düşməyən sözləri ilə əməllərində narahatlıq doğuran məqam budur ki, onlar bütün olub-bitənləri çox lovğa şəkildə və yekəxanalıqla izah etməyə çalışırlar.

Hər şeyi öz adı ilə çağırası olsaq, bu, müttəfiqlik öhdəliklərinə xəbis və mənfur münasibətdən başqa bir şey deyil.
Onlar ümumbəşəri dəyərləri, insan haqları fəlsəfəsini və demokratiya ideallarını əldə bayraq edirlər. Məsələni elə təqdim edirlər ki, bu dəyərlər ABŞ xarici siyasətinin guya ayrılmaz tərkib hissəsi imiş.
Bu fəlsəfə nəyə görəsə məhz xüsusi seçilmiş ölkələrə tətbiq olunur. Azərbaycan da ya anlaşılmazlıqdan, ya da Vaşinqton isteblişmentinin bir hissəsinin məsələyə qeyri-şüuri yanaşması üzündən bu siyahıya düşüb.

Anaxeber.Az xatırladır ki, Trampa qədər Vaşinqtonun buna özünəməxsus izahı vardı: Azərbaycanda güclü vətəndaş cəmiyyəti olmasa, bu ölkənin hökuməti ABŞ-la müttəfiqlik münasibətlərinin gələcəyi barədə guya dərindən və hərtərəfli düşünə bilməz.
Məsələyə ABŞ tərəfindən bu cür çox qəribə, deyərdim hətta saxtakar, satqıncasına bir yanaşma var.
Bunun belə olduğunu ABŞ-ın Fars körfəzi ölkələrində az qala yarım əsrdir yeritdiyi siyasət də sübut edir.
Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və s. ölkələrdə bəyəm «vətəndaş cəmiyyəti» anlayışı var?
Digər tərəfdən, əgər həmin bu demokratik təsisatların dəstəklənməsi və müdafiəsi Vaşinqtonun xarici siyasətinin doğrudan da məhək daşıdırsa, onda niyə nə Ağ Ev, nə Dövlət Departamenti, nə USAİD, nə də İREX bu ərəb ölkələrindəki müxalifətçi QHT-ləri dəstəkləmək üçün əllərini ağdan qaraya vurmayıblar?
2018-ci ildə ABŞ-ın Azərbaycana maliyyə yardımı 90 faiz azaldılaraq 1 milyon dollar təşkil etməlidir. Ermənistana da maliyyə yardımı 67 faiz azalıb.
ABŞ-ın bu ölkəyə maliyyə yardımı 20,4 milyon deyil, 6,7 milyon dollar təşkil edəcək. Sənəd təsdiqlənəcəyi təqdirdə, 100-dək ölkədə fəaliyyət göstərən USAİD regional bürolarının sayını 65% azaldacaq.

Bir neçə milyon nəhəng ABŞ üçün “qəpik-quruş” sayılsa da, diqqət çəkən bu qərarın siyasi tərəfləridir. İllərdi ki, Amerika marağı olan ölkələrdə öz varlığını bu kimi təşkilatlar vasitəsilə göstərib.
Təsadüfi deyil ki, bir sıra postsovet ölkələri USAİD də daxil olmaqla, ABŞ təşkilatlarını “rəngli inqilabları hazırlamaqda və maliyyələşdirməkdə” ittiham edib, hətta fəaliyyətlərini dayandırıb.
İndi ən narahatedici məsələ ABŞ təşkilatlarının Azərbaycanda boş qalan yerlərini müxtəlif zərərli təmayüllü qurumların tuta bilməsidir.
ABŞ-ın indi öz istəyi ilə boşaltdığı yerləri tutmaq üçün fürsət gözləyən kifayət qədər güclər var. Həm İran, həm Rusiya kimi qonşularımızın Azərbaycanla bağlı hansı planlarının olduğunu yada salmaq kifayətdir.
Son aylar Rusiya isteblişmentinə yaxın politoloqların və siyasi institut rəhbərlərinin Bakıya səfərlərinin intensivləşməsi bu baxımdan diqqət çəkir.
Anaxeber.Az
Turan
Tarix: 21-12-2017, 10:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}