Ölkə 2018-dən intihar dalğasının cəngində - nüvələşən toplum, borclar, stress, məmur qudurğanlığı...

Ölkə 2018-dən intihar dalğasının cəngində - nüvələşən toplum, borclar, stress, məmur qudurğanlığı...
Ölkəni intihar dalğası cənginə alıb. AnaXeber.Az yazır ki, 2018 başlar-başlamaz silsilə intiharlar qeydə alınmaqdadır.
Cəmiyyətin atomlaşması, sosial gərginliyin ən yüksək fazaya keçməsi, iqtisadi şəraitin pisləşməsi, borcların artması, kredit və s. sosial çətinliyi olan ailələrin gündəlik həyatının ağırlaşması ayrı-ayrı fərdlərin timsalında intiharlarla müşahidə olunur.

Təşkilatlanma ümidini itirmiş insanlar fərd-fərd özünü yandırmağa, asmağa, qatarın altına atmağa, bulvarda dənizə tullamağa üstünlük verirlər.
Dövlət rəsmiləri neftin dünya bazarında bahalaşmasından şadyana olublar, ölkədə iqtisadi artımın olacağından bəh-bəhlə danışırlar.
Lakin çılpaq reallıq ondan ibarətdir ki, banklar bağlanır, iş yerləri azalır, təklif olunan maaş bir ailənin dolanışığına yetmir, artırılan əmək haqqı məbləği bir kilo ətin pulu eləmir, əvəzində isə deputatların aylıq məvacibi 800 manat qaldırılır.
Təkcə sosial-iqtisadi şərait deyil, ədalətsizlik, insanların dövlət orqanlarının qapılarında süründürülməsi, qanunsuzluq, əyalətlərdə məmurların vətəndaşları incitməsi, iş adamlarının üzləşdiyi haqsızlıqlar toplumu nüvə halına gətirib çıxarıb.

İnsanlar idarəçilik sisteminin qaba üsullarından, odioz vəzifəlilərin qanunları ayaq altına atmasından cana doyublar.
Hər dəfə bir nazir işdən qovulanda altından külli cinayətlər, milyardlıq mənimsəmələr, ölüm işləri, vətəndaşların əzilməsi faktlar çıxır.
Xalq hazırkı hökumətin tərkibindəki nazirlərə zərrə qədər inanmır və fərd olaraq hər bir vətəndaşın başına gələn müsibət insanlarda qəzəb, hikkə, narazılıq yaradıb.
Nəticədə xalq deyil, ayrı-ayrı adamlar intihara əl atırlar, canlarına qəsd edirlər. İstənilən intihar isə sosial yük daşıyır.
Məsələn, rifah səviyyəsi yüksək olan, stressiz. Gərginlik olmayan ölkələrdə intiharların sayı aşağı və şəxsidir.
Azərbaycanda isə kifayət qədər stress, gərginlik, əsəbi bir mühit var. İnsanlar özlərini sərbəst hiss etmirlər, getdikləri restoranda, gəzdikləri parklarda, müraciət etdikləri dövlət qurumunda hər zaman bir diskomfort, gərginlik yaşanır.
Bu da cəmiyyətdəki məmur qudurğanlığı, onların övladlarının yaxın keçmişdə törətdikləri cinayətlər, vətəndaşlara qarşı hörmətsizlik, köçkünlərə, şəhid ailələrinə bəzi icra başçıları tərəfindən edilən laqeydliyin nəticələridir.
Ümumiyyətlə, bu ölkədə insanlar darıxırlar, ümidsizdirlər, stimul yoxdur, heç bir novatorluq müşahidə edilmir. Belə məzarlıq sükutu olan cəmiyyətlərdə gərginlik intiharlara gətirib çıxarır.

AnaXeber.Az yazır ki, yeni ilin ilk günləri dəhşətli intiharlarla müşahidə olunur; Psixoloqların fikrincə, yanvar həmişə depressiv və sıxıntılı ay olur...
Ona görə də nisbətən iradəsi zəif, daxili dünyasında sıxıntıları olan insanlar hisslərinə qapılırlar.
Bu da nəticədə intiharlara gətirib çıxarır. Ötən il də intiharlar ilk aylarda kütləvi xarakter almışdı.
Cəmiyyət çoxdan atomlaşıb - hər kəs öz hücrəsinə çəkilib darıxır. Bu lənətlənmiş hiss, bu həyat zəhəri fərdi hər yerdə tapır və heç yerdə buraxmır. İnsanlar işdə, evdə, toyda, yasda, təbiətdə, TV qarşısında bu hisslə yaşayırlar və yataqlarında bu hisslə ölürlər.
Məsələn, darıxma və tənhalıq hissinin zühuru heç də yoxsulluq və istismarın gücü ilə düz mütənasib deyil. Yəni bu, kobud desək, mədənin vəziyyəti deyil, ruhun vəziyyətidir.

Harada ki ruh bayağı təbliğat, total yalan, ürəkbulandırıcı şoularla öldürülmək təhlükəsi qarşısındadır, orada darıxma və Sartr sayağı “ürəkbulanma” başlayır.
Tipik sübut - tarixi analizlər təsdiqləyir ki, istər 1789-cu il Fransa inqilabı, istər 1917-ci ilin rus inqilabı ərəfəsində bu ölkələrdə iqtisadi vəziyyət heç də əvvəlki illərdəkindən aşağı deyildi.
Ancaq darıxan adamlar sistemi dəyişdilər. Əgər insan darıxırsa, deməli, özü özündən bezib. İnsanın öz mövcudluğunu mənasız və qeyri-məhsuldar sayması darıxma hissinin əsas mənbəyidir.
Müstəqil adam yalnız əgər yaradıcı işlə, ya da çörək uğrunda gündəlik mübarizə ilə məşğuldursa, darıxmır. Bu hallarda onun bütün mövcudluğu məşğuldur. Narazılığın inkara, etirazın müqavimətə keçməsi üçün mütləq sayılan şərtlər var.
Belə “qaranlıq dövrlər”də cəmiyyəti darıxan və həyəcan hissi keçirən çoxsaylı fərdlərin qaraqışqırığı götürür.
Küydən qulaq tutulur, kimisi mühacirətə yollanır, kimisi depressiyaya düşür, kimisi müvəqqəti yerdəyişmələrlə və əyləncələrlə ovunmağa çalışır - təki darıxma hissi sublimasiya olunsun.

Qeyd edək ki, Ağdam rayonunda intihar edən Cəbiyev Hikmət Araz oğlu Ağdam rayon Əliağa kənd Mədəniyyət Evinin direktorudur.
Özünü dənizə ataraq intihar edən 23 yaşlı tələbə Məlik Cahangirov şairdir və təhsil haqqını ödəyə bilməyib.
Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Mustafazadə Rəşad Əlixan oğlu qatar “Ulduz” stansiyasına daxil olarkən gənc oğlan özünü qatarın altına atıb. O isə müğənni imiş.
Sonuncu isə Bakı metrosunun "Qara Qarayev" stansiyasında 47 yaşlı kişinin özünü qatarın altına ataraq intihar etməsidir.
1971-ci il təvəllüdlü Cəmilov Cəmil Qulam oğlu Qarabağ müharibəsi iştirakçısı olub və müharibədə ağır yaralanıb. Bu cəhətdən azərilər elə yaşayırlar ki, sanki ölürlər. Yəni tənhalıqda, darıxaraq, ancaq hərəkətə keçməyərək...
AnaXeber.Az
Turan
Tarix: 15-01-2018, 10:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}