Saray daxilindəki “ağ inqilab” böyük başların vurulması ilə nəticələnəcək - Naxçıvan klanı supernazirə qarşı...

Saray daxilindəki “ağ inqilab” böyük başların vurulması ilə nəticələnəcək - Naxçıvan klanı supernazirə qarşı... Nə qaldı? - Azərbaycan Avtomobil Yolları Agentliyi, Azərbaycan Dəmir Yolları QSC, AZAL və Xəzər Dəniz Gəmiçilik...
Onlardan savayı bütün nəqliyyat sahələri - suda və quruda “supernazir” Ramin Quluzadənin tabeliyinə verildi.
Bundan sonra Cahangir Əsgərov, Cavid Qurbanov, Saleh Məmmədov və Rauf Vəliyev səksəkə içində olacaqlar.
Belə desək, kimsə zəmanət verə bilməz ki, ölkənin bütün nəqliyyat sektoru bütövlükdə bir çətir altında toplanmayacaq.


Anaxeber.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı xəbərə görə, Dövlət Dəniz Administrasiyasının və Dövlət Mülki Aviasiya Administrasiyasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tabeçiliyinə verilməsi təkcə struktur dəyişiklik kimi qiymətləndirilə bilməz.
Prezidentin fərmanıyla hər iki Administrasiyanın Agentliyə çevrilməsi siyasi bir akt idi. Referendumdan sonra sürətlənən struktur dəyişiklikləri əslində, siyasi motiv daşıyan hadisələrdir.

Və axarının gələcəyi istisna edilmir. Deputatlar da tez-tez çıxışlarında qeyd edirlər ki, struktur islahatları davam edəcək.
Bununla sətiraltı deməyə çalışırlar ki, Naxçıvan qruplaşmasının nəzarətindəki mövqelər tək-tək əllərindən alınır.
Elə sözügedən hər iki Administrasiyanın nazirliyin tərkibinə daxil edilməsi siyasi fərman mahiyyəti daşıyırdı.
Fərman isə Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov və Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Fuad Quliyevin vəzifələri ilə vidalaşmasına səbəb oldu. Ramin Quluzadə bu gedişlə ölkənin böyük nazirliyinə rəhbərlik edir.
Vaxtilə dövlətin və hakimiyyətin sabitliyində xidməti olmuş nazirlərin indi bu qədər səlahiyyətləri yoxdur.
R.Quluzadə isə bütün köhnə nazirlərin diqqətini üzərinə yönəldərək ağır bir siyasi prosesin içinə daxil olub.
Çünki onun tabeliyinə verilən sahələr illərlə Naxçıvan klanının və bu düşərgənin qoca üzvlərinin kurasiyasında olub. Bu cavab nazir isə onlardan 5 addım qabağa çəkilib.
Eləcə də vergilər naziri postunun da Naxçıvan qruplaşmasından alınması Mikayıl Cabbarov təyinatı fonunda çılpaqlığı ilə gördük. Beləcə, qısa müddətdə çox mühüm, gəlirli sektorlar köhnə qvardiyanın nəzarətindən çıxarıldı.
Proses isə sürətlə davam edəcək və saray daxilindəki “ağ inqilab” böyük başların vurulması ilə nəticələnəcək.


AnaXeber.Az yazır ki, C.Qurbanovun rəhbərlik etdiyi “Azərbaycan Dəmir Yolları” QSC kifayət qədər yeni klana yaxınlaşıb.
Bu baxımdan dəmiryol idarəsinin hələ xeyli işini ayrıca davam etdirməsi gözləniləndir. Ta ki C.Qurbanov da iqtidara lazım olmayanadək...
AZAL şefi isə çoxdan Bakı qruplaşmasının gözündən düşmüş məmurdur. Hökumət daxilində ondan çox ciddi narazılıqlar var və vida gününü səbirsizliklə gözləyirlər. Sərəncam isə gecikir...

İkinci bir məsələ, yaradılacaq Dövlət Dəniz Agentliyinə rəhbərliyin yenidən Qüdrət Qurbanova tapşırılacağı ehtimalı azdır.
Düzdür, Dövlət Dəniz Agentliyinin rəhbərini prezident təyin edəcək. Ancaq yəqin ki, bu zaman nazir kimi Ramin Quluzadənin mövqeyi nəzərə alınacaq.
İstənilən halda - hətta Q.Qurbanov yenidən bu vəzifəyə təyin olunsa da, Prezidentin son fərmanı ilə nəqliyyat sektoru bütövlükdə “Bakı klanı” adlanan yeni komandanın nəzarətinə keçdi.
Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun vəzifəsini itirməsi fövqəladə hallar naziri Kəmaləddin Heydərova da növbəti zərbə oldu. Çünki Qurbanov Heydərovun adamı kimi adı keçirdi.
“Gilan” holdinqi itirməkdə olan, yeznəsi Vergilər Nazirliyindən çıxarılan, itən alpinistlərin axtarışında uğursuzluqla qınaqlara tuş gələn K.Heydərov üçün zəif bənd dövrüdür.

Onun biznesinin əzəli rəqibi Fərhad Əliyevə verilməsi haqda məlumatlar da fövqəlnazirə etimadsızlığın başlanması mesajıdır.
Bununla da “köhnə qvardiya” daha bir sektordan tam olaraq uzaqlaşdırıldı və deməli fəaliyyət dairəsi bir qədər də məhdudlaşdırıldı.
Nazir isə bu günlərdə Dövlət Dəniz Agentliyində olub və həyata keçirilmiş tədbirlərlə tanış olub, göstərişlər verib.
İki iri nazir - Ziya Məmmədovla Əli Abbasovun süqutu fonunda ulduzu parlayan Ramin Quluzadənin adı dünənə qədər ictimaiyyətə heç nə demirdi.
Elə Mikayıl Cabbarov da cəmiyyət üçün sürpriz persona idi. Amma sürətlə böyük səlahiyyətlərə malik olan hər iki nazir indi İlham Əliyev komandasının gənc kadrlarıdır. Bundan sonra da tanınmayan adlar hökumətdə yer alacaqlar.

Bir tərəfdən də dövlət xərclərinə qənaət baxımdan bir neçə korrupsioner nazir yerinə bir nazirlik saxlanması iqtisadi baxımdan məqsədyönlüdür.
Belə demək olarsa, struktur dəyişiklikləri iqtisadi cəhətdən faydalı olursa, kadr dəyişiklikləri də siyasi nəzərdən önəmlidir.
Bütün hallarda isə R.Quluzadə amilində qalib gələn tərəf Naxçıvan qruplaşmasına müxalif mövqedə dayanan iqtidar qüvvələri oldu. Qarşıda isə daha ciddi sürprizlər gözləyir...

Anaxeber.Az
Turan
Tarix: 22-01-2018, 08:32
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}