Müxalifət üçün 2018-də bir nömrəli məsələ

Müxalifət üçün 2018-də bir nömrəli məsələ
2018-ci ildə Qarabağ məsələsi gündəmin əsasını təşkil edəcək?

2018-ci il Qarabağ münaqişəsinin başlanmasının 30-cu ilidir. Təəssüf ki, 30 il keçməsinə baxmayaraq məsələ həll olunmamış qalır. Azərbaycan özünün haqq davasını belə görünür ki, hələ davam etdirməli olacaq. Qarabağ məsələsi Azərbaycanın dövlət olaraq bir nömrəli məsələsi kimi qalır. Bəs 2018-ci ildə müxalifətin gündəmində Qarabağ məsələsi olacaqmı, bununla bağlı hansısa çağırışlar, tədbirlər nəzərdə tutulurmu?


KXCP sədrinin müavini Xəzər Teyyublu
“Yeni Müsavat”a bildirdi ki, Qarabağ məsələsi daim KXCP-nin gündəliyində duran məsələdir. Nə qədər ki, torpaqlarımız işğaldadır, belə olacaq: “Bu günə qədər hakimiyyətdən və beynəlxalq təşkilatlardan Qarabağ məsələsini həll etmək tələblərimizi və təkliflərimizi müxtəlif tədbirlər keçirərək ortaya qoymuşuq. Bu il də tədbirlərlə, bəyanatlarla mövqeyimizi ortaya qoyacağıq, Qarabağ məsələsi bizim üçün hər şeydən öncə gəlir. Hesab edirik ki, hakimiyyət BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrini rəhbər tutaraq məsələni həll etməlidir. Hərbi hazırlıqlar da mütləq yerində olmalıdır və Azərbaycan əsgərinin iradəsi, şücaəti müharibəni xeyrimizə həll edə bilər.



Xalqımızda ruh yüksəkliyinin qaldırılması üçün də çalışacağıq. Aprel döyüşlərində də bütün xalq, siyasi qurumlar ordumuzun addımını müdafiə etdi. Bu il Qarabağla bağlı keçiriləcək tədbirimiz var. 24 yanvarda saat 12.00-da KXCP qərargahında partiyaların əməkdaşlıq mərkəzi (KXCP, Azadliq Partiyası, BAP, ALDP, Aydınlar Partiyası) və digər siyasi qurumlar, ziyalılar, Qarabağ döyüşçüləri, xalq hərəkatı nümayəndələrinin iştirakı ilə Qarabağ məsələsinə həsr edilən tədbir olacaq. Tədbir açıqdır və iştirak sərbəstdir. Əgər il ərzində Qarabağ məsələsi ilə bağlı mitinq keçirilməsi zərurəti meydana çıxarsa, bunu da edəcəyik”.



AMİP katibi Əli Orucov bildirdi ki, AMİP-in gündəminin, proqram və fəaliyyət istiqamətlərinin ana xəttini Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan azad olunması kimi milli məsələlər tutur: “Üzvlərimiz arasında Qarabağ qazilərinin sayı da digər partiyalarla müqayisədə üstünlük təşkil edir. Bununla bağlı da yüzlərlə tədbir keçirmişik və sənəd qəbul etmişik. Lakin bütün bunlar Qarabağ probleminin həllinə ancaq siyasi və mənəvi dəstək ola bilər. Problemi Azərbaycan dövləti və Azərbaycan iqtidarı həll etməlidir. Bu onun həm də vəzifəsi və borcudur. Təəssüflər olsun ki, illərlə aparılan lüzumsuz danışıqlar problemin həllini daha da çətinləşdirib. Bu azmış kimi, Ermənistan-Azərbaycan münaqişəsi lazımsız quruma çevrilən ATƏT-in Minsk Qrupunun ixtiyarına verilib. Yəni hökumət bütün məsuliyyəti üzərindən sanki atıb”.



AĞ Partiyanın sədri Tural Abbaslı qeyd etdi ki, Qarabağ məsələsi Azərbaycanın ümummilli məsələsidir. Odur ki, bu məsələdə AĞ Partiya müxalifət-iqtidar ayrımını qəbul etmir: “Hər iki siyasi qütb bu məsələdə diqqətli və həssas olmalıdır. Qarabağ tam şəkildə erməni terrorçularından təmizlənmədikcə hər bir siyasi partiyanın gündəminin əsas hissəsini bu məsələ tutmalıdır. Biz də AĞ Partiya olaraq əvvəldən bəyan etmişik ki, Qarabağ bizim üçün siyasətdən və hər növ siyasi rəqabətdən öndə gələn prioritet məsələdir. Düşünürəm ki, Azərbaycanda fəaliyyət göstərən bütün siyasi təşkilatlar üçün bu belə olmalıdır. Təbii ki, 2018-ci ildə də biz bu problemin milli maraqlarımız çərçivəsində həll olunması üçün üzərimizə düşən hər şeyi edəcəyik. Bu işğalın dünya siyasi dairələri tərəfindən işğal faktı olaraq tanınması və Azərbaycanın haqlı mövqeyinin birmənalı dəstəklənməsi üçün də əlimizdən gələni etməyə çalışacağıq. Nəzərə alsaq ki, bu il seçki ilidir, o zaman dünyanın diqqətinin Azərbaycanda olacağını da deyə bilərik. Bunun özü də bu problemin bir daha gündəmə gətirilməsi və lazımi çağırışların edilməsi üçün əlavə imkanlar yaradacaq. Əgər AĞ Partiyanın prezidentliyə namizədi kimi qeydə alınsaq, o zaman həm televiziya, radio və dövlət qəzetlərinə də çıxışımız açıq olacaq. Bu imkandan Qarabağ məsələsində mövqeyimizin ortaya qoyulması üçün istifadə edəcəyik. Bir sözlə, Qarabağ bizim üçün sözün həqiqi mənasında bütün siyasi maraqlarımızdan öndə gəlib, gəlir və gələcəkdə də gələcək”.

Etibar SEYİDAĞA
Tarix: 24-01-2018, 09:42
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}