“Serjik”in “marionetkası” - TƏHLİL

“Serjik”in “marionetkası” - TƏHLİL Serj Sarkisyanın ölkə prezidenti vəzifəsinə Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyanın namizədliyini təklif etməsi erməni cəmiyyətində birmənalı qarşılanmayıb. Serj Sarkisyanın özünə varis təyin etməsi erməni müxalifəti və mediası tərəfindən ciddi narazılıqla qarşılanıb. Parlamentdə təmsil olunmayan "Erməni Milli Konqresi” Partiyasının sədr müavini Levon Zurabyan bildirib ki, dördüncü prezident kimin seçiləcəyindən asılı olmayaraq, "Serjik”in "marionetkası” olacaq. Onun bu qənaətə gəlməsinə səbəb odur ki, Sarkisyan bütün qərarları hakim Respublika Partiyası ilə birlikdə həll edir. Bu şəxs Sarkisyanın idarə etdiyi oyuncaq olacaq. Onun sözlərinə görə, Sarkisyana mərasim prezidenti siyasi məsuliyyətdən yaxasını kənara çəkmək üçün gərəkdir. Müxalif partiyanın funksioneri bildirib ki, yeni Konstitusiyaya görə, prezident heç bir iş görməyəcək. "Hər işi baş nazir həyata keçirəcək. Lakin elə bir bənd var ki, prezident beynəlxalq sazişlərə imza atacaq. Məsələn, əgər bu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sənəd imzalansa, onu prezident imzalayacaq. Başqa sözlə, Sarkisyan üçün bu vəzifə siyasi məsuliyyətdən yaxasını kənara çəkmək üçün gərəkdir”, - deyə o bildirib.

9 deputatdan ibarət "Çıxış” parlament bloku da prezidentliyə namizəd Armen Sarkisyana qarşı səs verəcək. Onlar özlərinin namizədi Artak Zeynalyanın üzərində dayanıblar.

Bir faktı da qeyd edək ki, hakim koalisiyaya namizədinin qələbəsini səsvermənin ilk mərhələsində təmin etmək üçün parlamentin sayca ikinci, liderinin adını daşıyan "Tsarukyan” fraksiyasının dəstəyi gərəkdir.

Hazırkı prezidentlə qohumluğu olmayan Armen Sarkisyan 1996-1997-ci illərdə baş nazir postunda çalışıb, xəstəliyi səbəbindən istefa verib. Müxalifətin qənatəincə, hazırkı prezident Sarkisyan aprelin 9-da prezidentlik müddəti bitincə baş nazir olmağı və ölkəyə siyasi nəzarəti əlində saxlamağı hədəfləyir.

Armen Sarkisyan isə son cavabını vermək üçün parlament, qeyri-parlament, işgüzar və ziyalılarla, siyasi və qeyri-siyasi təşkilatlar, erməni diasporu və separatçı Dağlıq Qarabağ nümayəndələri ilə görüşmək üçün vaxt istəyib. Bəs görəsən niyə Armen Sarkisyanın üzərində dayanılıb? Hələ ötən həftə ziyalılarla görüşü zamanı hakim partiyanın rəhbəri, prezident Serj Sarkisyanın gələcək namizədin keyfiyyətləri barədə fikrini bildirmişdi. Serjin sözlərinə görə, gələcək prezident ölkəni xaricdə layiqincə təmsil etməyə qabil olan, ölkədə və xaricdə tanınmış, Ermənistanda və diaspor soydaşları arasında geniş əlaqələrə və nüfuza malik, xarici dillərini bilən şəxs olmalıdır. Bundan başqa, Sarkisyan istərdi ki, namizəd qərəzsiz, bitərəf, siyasətlə məşğul olmayan insan olsun. Bu mülahizələr Serjin Armen Sarkisyanı nəzərdə tutduğunu ehtimal etməyə əsas vermişdi.

Gələcək prezidentin 65 yaşı var. O, nəzəri fizika və riyaziyyat ixtisası üzrə Yerevan Dövlət Universitetini bitirib. 1976-1984-cü illərdə YDU-da fizika üzrə dərs deyib, universitetdə kompleks nəzəri fizika sistemlərinin kompüter modelləşdirilməsi şöbəsini təsis edib. 1984-1995-ci illərdə gənc alim kimi Kembridc Universitetində dərs deyib. 1992-ci ildən bu günədək, qısamüddətli fasilələrlə, diplomatik sahədə çalışıb. Müxtəlif illərdə Ermənistanın Böyük Britaniya, Avropa İttifaqı, Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri olub. 1996-cı ilin noyabr ayından 1997-ci ilin fevral ayına kimi Ermənistanın baş naziri olub. Armen Sarkisyan 2001-2013-cü illərdə "British Petroleum", "Alcatel", "Telefonica", "Merrill Lynch" və bir sıra başqa transmilli şirkətlərdə baş müşavir vəzifəsində çalışıb. Onun həmçinin bizneslə məşğul olduğu bildirilir. Yerli mətbuatda Sarkisyanın Ermənistanda və xaricdə bir neçə şirkətə sakib olduğu deyilir.

Bəs Serj Sarkisyan necə olacaq? Aprelin 9-da prezidentlik səlahiyyətlərini itirən Serj Sarkisyanın yeni hakimiyyət strukturunda rolu barədə hələlik konkret bir fikir söylənməsə də, onun istər baş nazir, istərsə də hər hansı başqa bir simada faktiki hakimiyyət başçısı rolunu əlindən verməyəcəyindən heç kəs şübhələnmir.

Yeni Konstitusiya üzrə də prezident ölkə başçısı sayılır, lakin onun səlahiyyətləri xeyli məhdudlaşır. Faktiki ölkə başçısı səlahiyyətlərinə isə baş nazir sahiblənir.

Yeni Konstitusiyaya əsasən, ölkə silahlı qüvvələrinin ali baş komandanı da artıq prezident deyil, baş nazir olur. Silahlı qüvvələr isə ölkə hökumətinə tabe olur.

Təhlükəsizlik Şurasına da baş nazir rəhbərlik edir. Prezidentin nə sülh, nə də müharibə elan etmək hüququ olur. Hökumətin təklifi ilə bu səlahiyyətə Milli Məclis malikdir. Hökumət hərbi vəziyyət elan edib, xalqa müraciətlə çıxış edə bilər.

Xarici siyasət də hökumət proqramı əsasında işlənib hazırlanır və hökumət tərəfindən həyata keçirilir. Yeni Konstitusiyaya əsasən, Ermənistan prezidenti son altı il ərzində Ermənistanda yaşayan, səsvermə hüququna malik olan, erməni dilini bilən və 40 yaşına çatmış Ermənistan vətəndaşı ola bilər.

Prezident Milli Məclis tərəfindən 7 il müddətinə seçilir və səlahiyyətlərini yerinə yetirdiyi dövrdə heç bir partiya üzvü ola bilməz. Seçilmək üçün namizəd parlament üzvlərinin ümumi sayının üçdə birinin səsini qazanmalıdır. Yəni namizədin lehinə 105 nəfərdən ibarət parlamentin ən azı 79 üzvü səs verməlidir. Bu isə o deməkdir ki, ümumilikdə 65 səsə malik olan parlamentdə çoxluq təşkil edən hakim ERP və onunla koalisiya təşkil edən Daşnaksutyun fraksiyaları birlikdə belə istədikləri namizədin qələbəsini təmin edə bilməzlər. \\kaspi.az\\
Tarix: 24-01-2018, 10:17
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}