Ermənilər Putinə qarşı – İrəvanda bütün bəlaların səbəbkarı qismində Rusiyanı görürlər


Martın 18-də Rusiyada prezident seçkisi keçirildi və gözlənildiyi kimi, Vladimir Putin seçkidə qalib gəldi. Maraqlıdır ki, son illər anti-Rusiya ovqatı xeyli güclənən satellit Ermənistanda bu seçkinin nəticəsi özünəməxsus şəkildə qəbul edilib və “sırf formal xarakterli seçki” adlandırılmaqla yanaşı, Putinin növbəti – 6 illik prezidentlik dönəmi ilə bağlı bir əndişə yaşanmaqdadır.

Bu xüsusda İrəvandakı “İnformasiyalı vətəndaşların ittifaqı” qeyri-hökumət təşkilatının Lragir.am nəşrində getmiş təhlili bəyanatı diqqət çəkir. “Yeni Müsavat”ın məlumatına görə, bəyanatda öncə deyilir ki, Rusiya əgər 90-cı illərdə əsasən xarici problemlərin həlli ilə məşğul idisə, Putin hakimiyyətə gələndən sonra yenidən imperializm yolunu tutub.

“Vladimir Putinin imperialist xarici siyasət nöqteyi-nəzərincə, bir sıra postsovet ölkələri Rusiyanın təsir zonasına daxildir və bu ölkələrin Moskvanın iradəsinə müqavimət göstərməsi o deməkdir ki, onlar Qərb qüvvələri tərəfindən yönləndirilir, nəinki özləri müstəqil şəkildə öz maraqları uğrunda mübarizə aparır. Putinin hakimiyyəti dövründə Ermənistanda baş verən bütün iri hərəkatlarla bağlı Moskvanın hakimiyyətyönlü mövqeyi olub. Rusiya KİV-ləri bunu Qərb casuslarının əməlləri Və s. kimi təqdim edib. Nəticədə Ermənistan əhalisinin mühüm bir hissəsi Rusiyaya etimadı itirib”, - deyə məqalədə qeyd olunur.
Müəlliflər anti-Rusiya tonunda daha sonra bildirirlər: “Rusiya yəqin yeganə ölkədir ki, onun səfiri özünə rəva görərək deyir ki, erməni-Rusiya əlaqələrini pozmağa çalışan təşkilatları “başqa üsullarla” neytralllaşdırmaq lazımdır. Rusiyanın müxtəlif məmurları isə mütəmadi şəkildə Ermənistana təklif edirlər ki, mülki cəmiyyətin təşkili üçün Rusiyada artıq qüvvədə olan “Xarici casuslar haqda” qanun hazırlansın – hansı qanun ki, hakimiyyətə ölkədə vətəndaş təsisatlarına tam nəzarət etmək imkanı verir”.

Təhlili yazıda daha sonra Putinin hakimiyyəti illərində Qarabağ məsələsində öncə mövcud olmuş balansın ciddi şəkildə pozulduğu iddia olunur. Müəlliflər Moskvanın Bakıya verdiyi dəstək, o sırada silah tədarükündən dolayı olduqca narahat olduqlarını qeyd edirlər və bununla bağlı rəqəmlər gətirirlər. 2016-cı ilin 4 günlük aprel müharibəsi də məhz bu “pozulmuş balansın” nəticəsi, Kremlin İrıvana sədaqətsizliyi kimi vurğulanır. “Əgər 2016-cı ilin aprelinə kimi Ermənistanın geniş ictimaiyyətinə Rusiyanın bu dəyişən siyasəti haqda heç nə məlum deyildisə, apreldən sonra bu informasiya ictimaiyyətin malına çevrildi və ölkədə Moskvaya qarşı ümumi etimadsızlıq yaratdı” – yazıda iddia olunur.

Sonda müəlliflər belə bir qəmli nəticəyə gəlirlər: “Hərçənd, Ermənistan və Rusiya hökumətləri müntəzəm şəkildə bəyan edirlər ki, iki ölkə strateji müttəfiqlərdir, ancaq adi gözlə görünür ki, belə deyil və bu münasibətlər şaquli (asılı – red.) xarakter daşıyır. Putinin hakimiyyəti dönəmində Rusiya Federasiyasının Ermənistana münasibətdə siyasəti faktiki olaraq, rəislə tabeçiliyindəki işçi münasibətinə çevrilib və Moskva Ermənistana sırf öz təsir zonasındakı zərrəcik kimi baxır. Özü də Putinin dövründə Rusiya Ermənistanın bir sıra sferalarını, məsələn, qaz tədarükünü öz inhisarına alıb – həm də çox vaxt siyasi təzyiq metodları ilə”.

Siyasət şöbəsi,
Musavat.com

Tarix: 20-03-2018, 15:06
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}