Rusiyanın oyuncağı indi kimdir?..


Bəlkə də Gürcüstanda baş verən ən son siyasi olayların fonunda bu məsələ bir o qədər də aktual görünməyəcək. Amma əslində isə məsələ aktual olduğu qədər də gülməlidir.

Bəli, təsəvvür edin ki, Kremlin təhriki ilə B.Əsəd hakimiyyəti Abxaziyanın və Cənubi Osetiyanın “suverenliyi”ni tanıyıbdır. Həqiqətən də gülməlidir, deyilmi?..

Hazırda Suriyanın özündən mübahisəli və yaxud bərbad ölkə Yer üzərində yoxdur, amma bunlar durub belə qondarma rejimləri tanıyırlar! Əlavə edək ki, Suriya bu axmaq rejimləri tanıyan beşinci “dövlət”dir...

Gürcülər məsələyə əhəmiyyət vermirlər, çünki başa düşürlər ki, bütün bunlar rusların fitnəsidir və həm də Əsəd hakimiyyətinin özünü Rusiya və İrandan savayı tanıyan yoxdur, səhv etmiriksə, hətta Ərəb Ölkələri Liqası da hələ bir neçə il bundan əvvəl Əsəd rejiminin “fatihə”sini verib.

İkincisi, düşünürlər ki, Suriyanın Kremlin təhrikilə belə addım atması son vaxtlar arxa plana keçmiş Abxaziya və Cənubi Osetiya məsələlərini yenidən yada salacaqdır.

Elə biz də bu məsələyə önəm verməzdik, sadəcə, Cənubi Qafqaz bir region kimi son vaxtlar maraqlı bir bütövlük nümayiş etdirir. Proseslər sanki ansambl xarakteri daşıyır. Ermənistanda inqilab oldu, Gürcüstanda da onun növbəti kabusunun dolaşdığını iddia edənlər var.

Nəticələrlə hələ tələsməzdik. Amma duyulanı budur ki, Cənubi Qafqazda Qərb -Rusiya balansı yenidən dəyişə bilər. Gürcüstan onsuz da Qərbə istiqamətlidir. Qalır, Ermənistan inqilabının da geosiyasi rənginin aşkar olması...

Hələlik Paşinyan özünü elə göstərir ki, guya onun özü və ölkəsi üçün xarici siyasətdə heç nə dəyişməyib, ölkə Rusiya ilə əməkdaşlıq və ya tərəfdaşlıq öhdəliklərinə sadiq qalır, öz siyasətində ona xüsusi bir önəm verir.

Ruslar da buna inanmaq istəyirlər. Amma duyulanı budur ki, birmənalı şəkildə inana da bilmirlər – bir az tərəddüd edir, bir az da Paşinyanı Qərbin adamı və “satqın rusofob” kimi yamanlayır, xüsusən də yeni baş nazirin ilk təyinatlarından qətiyyən razı qalmaqdıqlarına işarə edirlər.

Elə mücərrəd mənada da Paşinyanın kimin adamı olması heç az maraq kəsb etmir. Aydın məsələdir ki, inqilablar elə-belə, boş – boşuna olmur: bunun daxili faktorları kimi xarici faktorları da olur. Düzdür, bu cür yanaşma bəzən konspirologiyanı sevməyənləri çox qeyzləndirir, amma düşünürük onlar da razılaşar ki, inqilabın təşkilati və maliyyə problemləri, informasiya və beynəlxalq dəstəyi kimi məsələləri də olur və bunlar boş yerdən yaranmır.

Təbii, heç nə əbədi sirr olaraq qalmır, ondan qala ki, real və gündəlik siyasət ola. Bizə elə gəlir ki, Paşinyan Rusiya ilə bağlı S.Sərkisyanın və ondan da əvvəl R.Koçaryanın siyasətini davam etdirməyə çalışacaq, gəl, o, Qərblə münasibətlərdə Sarkisyandan da, Koçaryandan da daha çox iş görməyə, onlardan qat-qat artıq qərbçi olmağa can atacaq.

Amma iki zidd tendensiyanı balanslaşdıra biləcəkdirmi? Bax, məsələ də elə bundadır.

Artıq hiss olunur ki, Qərbin də ondan müəyyən gözlənti və umacaqları var, əks təqdirdə, məsələn, D.Tramp Dağlıq Qarabağ problemilə bağlı bu qədər optimist notlarda danışmazdı.

Bəs bunun Azərbaycan üçün hansı nəticələri ola bilər? Hələlik N.Paşinyan Qarabağ problemində də əvvəlki hakimiyyətlərin ritorikasını saxlamağa, bu konteksdə sərt bəyanatlar verməyə çalışır, oğlunu xidmət etmək üçün Dağlıq Qarabağa göndərir və s. və i.

Amma misal var, deyir ki, qaradan tünd rəng olmur. Paşinyan nə qədər çalışsa da, Rusiyaya Sarkisyandan və Koçaryandan yaxın ola bilməyəcək və bunu bütövlükdə Ermənistanın özü ilə də bağlı demək olar. Üstəlik də Qərb “siyasi landşaftı” bizim üçün bütün hallarda Rusiya müstəvisindən daha məqbul görünür.

Sözsüz, Qərbin də Dağlıq Qarabağla bağlı mövqeyi bizi axıradək qane etmir. Amma bütün hallarda bu, Rusiyanın mövqeyi deyil. Ən azı problemi konservasiya edərək onu özü üçün təzyiq rıçaqına çevirən və onu iki vuruşan tərəf arasında şirnikləndirici kökəyə döndərən Kremldən fərqli olaraq, düşünürük ki, Qərb problemin həllində maraqlıdır. Həm də ABŞ və Fransa hələki Rusiyadan fərqli olaraq Ermənistanı özünün bölgə üzrə “forpost”una çevirmək niyyətində deyil.

Təbii ki, bu bölgədə də, əgər belə demək mümkünsə, daha bir İsrailin olması ABŞ-a mane olmazdı. Amma o da var ki, bura Ərəbistan deyil və Ermənistanın belə iddiaya düşməsi onun üçün çox qəliz sonluqla bitərdi.

İndi hamı bir növ gözləmə vəziyyətindədir. Aydındır ki, çox da uzaq olmayan gələcəkdə Ermənistan və Azərbaycan rəhbərlərinin görüşü də olacaq. Elə bu günlərdə Ermənistanın xarici işlər naziri bildirdi ki, onlar vəziyyəti öyrənməklə məşğuldurlar və tərəflər arasında görüş məsələsi hətta ayların deyil, həftələrin söhbətidir.

Nə demək olar? Azərbaycanın soyuq savaş resursları çox böyükdür, amma bunu Ermənistan haqqında demək mümkünmü? Əlbəttə ki, yox.

Bu baxımdan yanaşanda, ya Paşinyan artıq son aqibətini gözünün qarşısına almalı, ya da ölkəsinin regional siyasətini kardinal bir şəkildə dəyişməlidir.

Başqa bir yol yoxdur. Bunu Ermənistan əhli nə qədər tez anlasa, bir o qədər böhrandan qurtulmaq şansları artacaq. Əks təqdirdə isə, ya bütün inqilablar kimi “Paşinyan erası” da restavrasiya ilə bitəcək, ya da Ermənistanda növbəti inqilab olacaq; özü də bu dəfə rəngsiz – filansız, necə deyər, əməlli-başlı inqilab...

Elə bu səbəbdən bir daha deyirik ki, regiondakı Rusiya və Qərb meyllərinin ənənəvi nisbəti pozulmaq üzrədir, hazırda çox dayanaqsız tarazlıq hökm sürür. Amma onun dəyişməsinin ehtimalı çox böyükdür və bunun üçün bir sualın cavabı verilməlidir: Paşinyana “yoldaş” deyək, yoxsa “mister”?..

Hüseynbala Səlimov
Tarix: 2-06-2018, 15:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}