“Rusların məqsədi bu ayın 15-dək Azərbaycanı diz çökdürməkdir...”







Vahid Əhmədov:”İran və Türkiyənin bizə heç bir xeyri olmayıb, yoxdur və inanmıram ki, bundan sonra da olsun...”

...26 il öncə bu günlərdə Azərbaycan öz taleyinin ən təlatümlü məqamlarını yaşayırdı. Xocalı kimi dəhşətli soyqırımından sonra ölkənin siyasi və hərbi meydanında xaotik proseslər gedirdi.  Ancaq “xaosdan düzənə” pinsipi ilə dünyanı idarə etməyə çalışanlar işğalçı Ermənistan, terrorçu erməni təşkilatlarının və daxildəki hakimiyyət aşiqlərinin əli ilə prosesləri özlərinə sərf edən məcraya yönəldirdilər.

Həmin günlər ölkənin siyasi  idarəçiliyi, demək olar ki, əsasən AXC və onun təsiri altında olan 1991-ci ilin payızında Ali Sovetdə yaradılmış Milli Şura, “demblok” vasitəsilə yönləndirilirdi.  Bu qurumun iclaslarında elə maraqlı, həlledici məqamlar, çıxışlar var ki, onlar bu günkü proseslərdə də öz təsir gücünü hələ də qoruyub saxlayır...

1991-1992-ci illərdə Milli Şuranın parlamentdəki əksər iclaslarında iştirak etmiş  deputat Maksim Musayevin “Milli Şura (10.1991- 05.1992) parlamenti” kitabındakı xronika əsasında 1992-ci il martın 3-dən  mayın 18-dək, yəni Laçının işğal olunduğu və AXC-nin hakimiyyətə tam yiyələndiyi  bir günədək Ali Sovetdə baş verənlərin ən maraqlı məqamlarını diqqətinizə çatdırırıq.

(Ali Sovetin Milli Şurasının 1992-ci il  12 may  tarixli iclasının davamı. Xronikanın əvvəlki hissələri üçün bu linkə baxın: http://www.moderator.az/news/226997.html)

 “Belə gedərsə, bir neçə günə Gəncə, Füzuli, Bərdə əldən gedər...”

Çıxışını davam etdirən Vahid Əhmədov dedi:” MDB-yə daxil olmaq barədə ciddi söhbət gedir. Bu oyunların hamısı onunla əlaqədardır. Mən sizə açığını demək istəyirəm... 

Gəncə danışıqlarında Qraçov və Rəhim bəy arasında müqavilə imzalandı. Bütün hərbi hissələrin Azərbaycana verilməsi haqda protokol, qrafik və cədvəl tutuldu.  Bu cədvəl Ermənistanda böyük həyəcana səbəb olub. Bildiyiniz kimi, Rusiya ilə Ermənistan arasında bir-birinə hərbi kömək etmək barədə müqavilə var. Rəhim Qazıyevin bir neçə dəfə Moskvaya getməsinə, səy göstərməsinə baxmayaraq heç bir şeyə nail ola bilmirik. Qeyri-rəsmi yollarla 5 “BMP”, 5 “BTR” və xırda-xırda şeylər alırıq. Moskvadan göstəriş gəlir ki, Azərbaycan Müdafiə Nazirliyinə filan-filan şeylər verilsin. Lakin sonradan məlum olur ki, verilməli texnikanın əksəriyyəti xarab və yararsızdır, biz ondan istifadə edə bilmərik... 


“Parlament MDB-yə getmək haqda qərar çıxarmalıdır...”

Açığını deyim ki, son 3 gündə gördüyümüzdən belə nəticə çıxarıram ki, Azərbaycanda hərənin öz dəstəsi var, hərə öz dəstəsi ilə vuruşur. Və belə gedərsə, bir neçə günə Gəncə, Füzuli, Bərdə əldən gedər. Biz MDB-yə getmək haqqında fikirləşməliyik və bu barədə parlament qərar çıxarmalıdır. Yaxşı olar ki, sessiya çağırılsın və bu məsələ sessiyada müzakirə olunsun.

Azərbaycanın vəziyyəti çox ağırdır. Mən sizə açığını deyirəm. Sabah sizinlə müəyyən qərar qəbul edib, Rusiya ilə müqavilə bağlayıb kömək almasaq, biz çox uduzacağıq. Söhbət MDB-dən getmir, hərbi-iqtisadi müqavilələrdən  gedir... Başqa çıxış yolu görmürəm. Çünki İran və Türkiyə hələ bizə bir silah verməyib. Onların bizə heç bir xeyri yoxdur, olmayıb və inanmıram ki, bundan sonra da olsun. Gedişat bunu göstərir. Otururuq burada, 2-3 gün iclas aparırıq, vaxtımız gedir, nəticəsi də olmur. Respublikada nizam-intizamlı ordu yoxdur, heç kim heç kimin komandasını qəbul etmir, komanda yerinə yetirilmir, əks-kəşfiyyat yoxdur. Bu olmayan yerdə hansı müharibədən söhbət gedə bilər? Rusların məqsədi odur ki, bu ayın 15-dək bizi diz üstə çökdürsünlər, artıq çökdürüblər. Gizlətmək lazım deyil, Laçın zonasında vəziyyət gərgindir. Burada bir adam qalmayıb, qaçıblar. Tərtərdə vəziyyət ağırdır və s. İndi necə fikirləşirsiniz, fikirləşin, hakimiyyətə gəlmək istəyən adam onu verib 3 gündən sonra alacaq. Mən belə hiss edirəm, başqa cür görmürəm. İmkanımız, gücümüz yoxdur. Bizim siyasətimiz gətirib buna çıxardı. Nə oldu, Ermənistan Rusiya ilə bir araya gəldi, biz yox?.. Belorusiya, Ukrayna Rusiya ilə dil tapır, biz tapa bilmirik məgər? Bu işdə hamımızın günahı vardır...”

Sonra Milli Şuranın iclasına dəvət olunan Şuşa prokuroru məlumat verdi. Prokuror deputatların çoxsaylı suallarına cavab verməli oldu... 

İsa Qəmbərov: “Azərbaycanda hərbi çevriliş hazırlanır...”

Bu vaxt  deputat İsa Qəmbərov gözlənilməz məlumat verdi:

“Bizdə olan dəqiq məlumata görə, mayın 15-dək – Daşkənddə - MDB dövlətlərinin  növbəti görüşü çağırılanadək Azərbaycanda hərbi çevriliş hazırlanır. Bu çevrilişin müxtəlif variantları var. Sözsüz ki, bu variantları Moskva hazırlayır və onların nəzarəti altındadır. Söhbət Azərbaycanın keçmiş rəhbərlərindən hansınısa hansısa formada hakimiyyətə gətirməkdən  gedir. Yaxud da antikonstitusyon   dövlət qurumu yaratmaq  və Azərbaycanın Moskvadan asılılığını  bir qədər də möhkəmlətmək xətti güdülür...”

Bundan sonra Milli Şurada gedən söhbətlərin məcrası dəyişdi və Prezident seçkilərinin keçirilməsinə istiqamətləndi... Müzakirələr bir xeyli davam etdi. Sona iki əsas təklif qaldı: sessiya çağırılsın və ya çağırılmasın. Bu barədə səsvermə üçün qeydiyyat keçirilərkən məlum oldu ki, yetərsay yoxdur. Beləliklə, yetərsaysız parlamentdə oturan deputatlar sessiyanın çağırılmasının düzgün olub-olmaması haqda yeni müzakirəyə başladılar. Qərara gəlirlər ki, 30-35 nəfər respublikanın müqəddəratını həll edə bilməz. Odur ki, Milli Şura buraxılmalıdır. Getdikcə deputatların ehtirasları qızışdı və təkid etdilər ki, sessiya mütləq  çağırılmalıdır. Təklif edildi ki, sessiya mayın 14-də çağırılsın...

Maksim  Musayev, “Milli  Şura  parlamenti”, Bakı,  2001. səh.155-157)

(Davamı var)

Təqdim  etdi:  Sultan Laçın
Tarix: 5-06-2018, 21:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}