Əbülfəz Elçibəyin 1 illik hakimiyyətində AZƏRBAYCAN: 1,5 ton qızıl, 156 milyon dollar, 30 partiya, 500 KİV və daha nələr...


7 iyun - Əbülfəz Elçibəyin prezident seçildiyi gündür

Bu gün Azərbaycan Xalq Hərəkatının lideri Əbülfəz Elçibəyin prezident seçilməsindən 26 il ötür.

Cebhe.info xəbər verir ki, Əbülfəz Elçibəy 1992-ci il iyunun 7-də Azərbaycanda keçirilən prezident seçkilərində iştirak edən 7 namizəd arasından 59.4 faiz səslə prezident seçilib.

Əbülfəz Elçibəyin 1 illik hakimiyyəti dönəmində bir çox uğurlara imza atılıb. Belə ki, Əbülfəz Elçibəyin prezidentliyi dövründə, yəni bir ildə Dövlət Ləl-Cəvahirat Fonduna 1.5 ton qızıl və digər qiymətli metallar toplanıb. 1993-cü il iyun ayının 1-nə qədər Milli Bankda valyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon dollara çatıb. Ə.Elçibəyin prezidentliyi dövründə dövlət büdcəsinin kəsiri 5 faizdən artıq olmayıb.

Həmin bir ildə Azərbaycanın milli valyutası dövriyyəyə buraxılıb. Siyasi partiyalar və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edildi. Həmin qanunlar əsasında 30-a qədər siyasi partiya, 200-dən artıq ictimai birlik, 500-dən artıq mətbuat orqanı və informasiya vasitəsi qeydiyyata alınıb.

Elçibəyin bir illik hakimiyyəti dövründə (15 may 1992-ci il – 17 iyun 1993-cü il) Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edilib. Əbülfəz Elçibəy 1993-cü ilin iyununda Surət Hüseynovun rəhbərlik etdiyi qiyamda qan tökülməsini önləmək üçün paytaxtdan uzaqlaşaraq doğma Kələki kəndinə gedib və burada 4 il 4 ay yaşayaraq siyasi mübarizəsini davam etdirib. Prezidentlik səlahiyyəti bitdikdən bir qədər sonra – 1997-ci ilin 30 oktyabrında Bakıya dönən Əbülfəz Elçibəy bütün bu müddət ərzində Azərbaycan müxalifətinin lideri olub.

Demokratik Konqresə sədr seçilən (1997) AXCP sədri Əbülfəz Elçibəy həmin ilin noyabrında Bütöv Azərbaycan Birliyini yaradıb və ona başçılığı öz üzərinə götürüb. Marqaret Tetçerin "Qafqazda ən böyük demokrat" adlandırdığı Əbülfəz Elçibəy həm də Türk Xalqları Assambleyasının fəxri sədri seçilib (1997).

Vilayət Muxtar
Cebhe.info  

Tarix: 7-06-2018, 15:26
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}