bu iki rayon “padşah”ları da gedir
İcra başçılarının “yarpaq tökümü” davam edəcək. Əldə etdiyimiz xəbərə görə, növbə Ağcabədi və Biləsuvar icra başçılarınındır

FİA.Az-ın məlumatına görə, 
Gədəbəy, Tovuz, Binəqədi icra hakimlərinin ardınca dəyişikliklərə stop verilməyəcəyi gözlənilir.

Sosial şəbəkələrdə də məlumatlar tirajlayırlar ki, Ağcabədi şefi Şahin Məmmədov və Biləsuvar rəhbəri Mahir Quliyev işindən azad ediləcək.

Ümumilikdə 10-dan çox icra hakimiyyəti başçısı vəzifəsindən kənarlaşdırılacaq. Bu şəkildə idarəçilik prezidentin daxili siyasətinə ziddiyyət təşkil edir.

Ona görə də Ş.Məmmədovla M.Quliyevin növbəti dalğada postundan uzaqlaşdırılacağı xəbər verilir. Bu müddət ərzində Ağcabədi və Biləsuvar rayonları inkişafdan qalıblar.

Digər bölgələrlə müqayisədə sözügedən əyalətlərdə heç bir yenidənqurma işləri görülmür, iş yerləri açılmır, aqrar sektorda, sosial müdafiə sahəsində problemlər həll edilmir.

M.Quliyevin rayonu çapıb talaması haqda dəfələrlə məlumat verilib. Nazim İbrahimovla qohumluğu olan icra başçısı onun komitə sədrliyindən gedişindən sonra mövqeyi zəiflədi.

Ş.Məmmədovdan isə şikayətlər və faktlar çoxdur, Ağcabədidə inkişaf getməyib. Şahin Məmmədov əlini ağdan qaraya vurmayıb. Onun rəhbərliyi dövründə Ağcabədi rayonu inkişafdan geri qalıb ki, bu yuxarıları da narazı salıb.

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən ilin yekunları ilə bağlı yazdığı məqalədə təkrar müraciətlər olan rayonlar arasında Ağcabədinin də adını çəkib.

Ağcabədi rayonunda məmur özbaşınalıqları və qanunsuzluqlar haqda dəfələrlə yazmışıq. Həmin məlumatlarda da gün kimi aydın görünür ki, bəli, adı çəkilən rayonda vəzifəyə irəli çəkilmək elə də müşkil məsələ deyil.

Bu rayonun idarəçilik sistemində yalnız bir amil rol oynayır, o da puldur. Necə ki, icra başçısı Şahin Məmmədov başçılıq etdiyi Ağcabədi rayonunda «ver gülüm, al gülüm» prinsipi ilə özünə xüsusi idarəçilik sistemi qurub.

FİA.Az-ın məlumatına görə, Mahir Quliyevin yerinə gənc kadr təyin oluna bilər. Hazırda bu barədə müəyyən hərəkətlənmələr var.

Mahir Quliyevə gəlincə isə onun təkrarən yeni posta təyin edilməsi gözlənilən deyil. Əksinə, onun barəsində hüquqi araşdırma da başlaya bilər.

Söhbət rayonda yol çəkilişi zamanı büdcə pullarının mənimsənilməsindən gedir. Bu məlumat bir neçə vaxt əvvəl mətbuatda yayıldı, ölkədə böyük rezonans yaratdı.

İcra başçısının rəhbərlik etdiyi rayonun idarəçiliyində yol verdiyi ciddi nöqsanlar Biləsuvarın təhsil, səhiyyə, mədəniyyət və sosial müdafiə kimi strateji əhəmiyyət kəsb edən sahələrini acınacaqlı bir duruma gətirib.

Rayonda azacıq da olsa inkişaf perspektivlərinə malik olan hər hansı biznes növü, dərhal icra başçısı və ya onun yaxınları tərəfindən nəzarətə götürülür.

Təbii ki, iş adamlarına qarşı belə münasibətin sərgilənməsi əslində Azərbaycanda yürüdülən və sahibkarlığın inkişafını nəzərdə tutan dövlət siyasətinə tamamilə ziddir.

Hakimiyyətdəki reforma tərəfdarları anlayırdılar ki, təhsildən səhiyyəyə, icra hakimiyyətlərindən gömrüyə, aqrar sektordan sosial müdafiə təminatı sahələrinə qədər ayaq açmış korrupsiya xərçəng kimi yayılmaqla idarəçilikdə dərin çatlar yaratmaqdadır, xoşagəlməz proseslərə aparır, büdcə talanı sosial gərginliyi yaradır, məmur oliqarxiyası yaranır, aşağılar isə yuxarılara qəzəb püskürür.

FİA.Az xəbər verir ki, əslində, manatın devalvasiyasından sonra 33 rayon icra hakimiyyətinin dotasiyadan məhrum edilməsi bugünkü proseslərin başlanğıcı idi.

İ.Əliyev özü müşavirələrin birində qeyd etmişdi ki, artıq dotasiyalar kəsilməlidir və bölgələr öz daxili resursları hesabına ayaq üstə dayanmalıdır.

Çünki regionların sosial-iqtisadi inkişafı proqramı ilə əlaqədar büdcədən 2004-ci ildən bəri ayrılan milyonlar yerlərdə icra başçılarını padşahlara, burjuylara çevirdi.

Onlar büdcəni talayır, rayonlarda kosmetik abadlıq işlərini iş adalarının boynuna biçir, vətəndaşları incidir, aztəminatlı ailələri, şəhid ailələrini, köçkünlərin İH-lərinin qəbul qapısından qovur, süründürür, sosial gərginliyi artırırdılar.

Son bir neçə gün ərzində icra başçılarını vəzifəsindən azad olunması, adı müxtəlif maxinasiyalarda, məhkəmə işlərində keçən İH rəhbərlərinin sərəncama götürülməsi bu siyasətin tərkib hissəsidir.