ABŞ-dan Türkiyəyə zərbə - qardaş ölkəyə silah satışı dayandırıldı


Nəzakət Məmmədova: “Amerika Türkiyəni birdəfəlik kənara atmaq istəyir”

2019-cu ilin  büdcəsindən Pentaqona 716 milyard dollarlıq maliyyə vəsaiti ayrılmasını nəzərdə tutan qanun layihəsi ABŞ Senatında 85 səslə qəbul edilib. Diqqət çəkən məqam isə layihənin Türkiyəyə aid hissəsidir.

Belə ki, rəsmi Ankaranın Rusiyadan “S-400" havadan müdafiə sistemlərini alması ABŞ-ın narahatlığına səbəb olub. Məhz buna görə də  ABŞ rəhbərliyi  ”F-35" döyüş təyyarəsinin, “Patriot” havadan  müdafiə sistemlərinin, “AH-1" tipli Kobra, ”H-60 Black Hawk" tipli vertolyotlarının, həmçinin  “F-16" təyyarələrinin Türkiyəyə satışının blok edilməsinin vacibliyini diqqətə çatdırıb. Bu səbəbdən də mövcud layihədə Türkiyəyə qarşı belə bir bənd öz əksini tapıb. ABŞ-ın Müdafiə və Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Türkiyə ilə münasibətlərə dair hesabat hazırlanaraq Konqresin müvafiq komitələrinə təqdim olunsun. Hesabat başa çatmayana qədər isə sözügedən silahların Türkiyəyə  satışının həyata keçirilməsi məhdudlaşdırılsın.

Ekspertlər bu addımın əslində Rusiyaya qarşı atıldığını bildirirlər. Qəbul edilən qanun layihəsinin Türkiyə-ABŞ münasibətlərini daha da gərginləşdirəcəyi proqnozlaşdırılır. Konqresin razılığı olmadan silah satışının Türkiyəyə qadağan edilməsinin qardaş ölkəyə təsirsiz ötüşməyəcəyi qeyd olunur.

Politoloq NÉzakÉt MÉmmÉdova ile ilgili görsel sonucu

Politoloq Nəzakət Məmmədova hesab edir ki, ABŞ Türkiyəni özünə tabe etmək üçün bu cür yollara əl atır: “Bu suala cavab axtarmağa çalışmalıyıq ki, son illərdə ABŞ-ın Türkiyəyə qarşı artan təzyiqlərdə məqsədi nədir, Amerika nəyə nail olmaq istəyir? Amerika Türkiyəni cəzalandırmaq, birdəfəlik kənara atmaq, yoxsa onu özünə tabe etmək istəyir? Belə bir prinsip var; əgər düşməni özünə tabe edə bilmirsənsə, onu məhv et. Yəqin ki, Amerika da Türkiyəni özünə tabe etmək, bu mümkün olmasa birdəfəlik kənara atmaq istəyir. ABŞ-ın son dövrlərdə bir çox addımları da bunu deməyə əsas verir. Konqresdə silah satışına qadağa barədə müzakirələr, İncirliklə bağlı hesabatın hazırlanması, yevangelist ruhaninin həbsinə görə narazılıq, dolların lirəyə nisbətdə bahalaşması, Ərdoğana müxalif partiyalara dəstək verilməsi və s. ABŞ Türkiyə və Ərdoğanı özünə tabe edə bilmədiyi üçün ona alternativlər hazırlamaqla istədiyinə nail olmaq istəyir. Xarici siyasətdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini Yaxın Şərqdə yeni, dünyəvilik və demokratiyaya can atan ölkələr kimi göstərməklə, daxili siyasətdə isə İncə və Akşenerə dəstək verməklə Ərdoğanı və Türkiyəni zəiflətmək istəyir. Görünən odur ki, yeni dünya nizamı bir çox nəhəng geosiyasi, geostrateji və geoiqtisadi layihələrin əsasında qurulacaqdır. Əvvəllər hesab olunurdu ki, Yeni dünya düzəninin arxitekturası antiterror koalisiyaları əsasında formalaşa bilər. Lakin zaman keçdikcə hərbi ittifaqların deyil, geosiyasi ağırlıqlı iqtisadi-ticarət və nəqliyyat-kommunikasiya layihələrinin yeni ittifaqları və demək ki, dünya düzəninə əsas verəcəyi müşahidə olunur.

Bunların başında isə sözsüz ki, Böyük İpək Yolu dayanır. Türkiyə Böyük İpək Yolu üzərindəki ən mühüm ölkələrdən biridir. ABŞ Çindən İngiltərəyədək uzanan bu nəhəng, qlobal layihəni əngəlləyə bilmədiyini görərək onu ələ keçirmək, burada əsas söz sahibi olmaq planları üzərində işləməyə başladı. Üstəlik, onun Yaxın və Orta Şərqin müttəfiq ərəb ölkələrindən, eləcə də Afrikanın şimalından keçməklə Aralıq dənizinə qədər uzanmasını təmin etmək istəyir. Türkiyə burada aparıcı ölkə olduğundan onun mövqeyi ABŞ üçün çox əhəmiyyətlidir. Lakin Türkiyə daha çox İran, Rusiya, Çinlə əməkdaşlığa önəm verir. Üstəlik, dollardan imtina və onun digər alternativlərlə əvəzlənməsi üçün çalışır. Rusiya və İran da onun bu çağırışlarına dəstək verir. Yevangelist ruhaninin 2016-cı ildən bəri həbsdə saxlanması, Suriyanın şimalında kürd dövlətinin yaranmasına imkan verilməməsi, Rusiyadan S-400 alınması, Qüdsün İsrailin paytaxtı kimi tanınmaması üçün Türkiyənin səyləri və s. aysberqin görünən tərəfidir. Türkiyə Rusiyanın güdazına getmir. Hər ölkənin öz siyasəti var, o cümlədən Türkiyənin. Bu, ABŞ-ın maraqlarına zidd olarsa, Amerika da ona təzyiq göstərməklə Türkiyəni zəiflətmək, yenidən özünə tabe etməklə istədiyi kimi yönləndirmək istəyir. Türkiyə kimi strateji əhəmiyyətli bir müttəfiqin Rusiya və Çinin yanında yer alması onların gücünə güc qatar. ABŞ görür ki, heç bir ölkə Yaxın Şərqdə Türkiyəni əvəz etməyə qadir deyil. Nə Səudiyyə Ərəbistanı, nə də Birləşmiş Ərəb Əmirlikləri. Ona görə də Türkiyəyə qarşı yeni təzyiq planları işə salmaqla onu istədiyi kimi yönləndirməyə çalışır. Silah satışı məsələsinə qadağa barədə müzakirələr bu təzyiqin növbəti bir təzahürüdür”.

Politoloq onu da bildirdi ki, Amerika Türkiyəyə qarşı bütün sahələrdə total təzyiq vasitələrindən istifadə edir: “Dövlət çevrilişi cəhdindən tutmuş, silah satışına qadağayadək, dolları bahalaşdırmayadək siyasi, geosiyasi, hərbi, iqtisadi bütün sahələrdə bu təzyiq var. Bunun nəticələrini biz cəmi bir neçə gün sonra məhz 24 iyun günü seçkilərdə görəcəyik. Türkiyə öz tarixində dönüş yaradacaq seçim etməli olacaqdır. Əgər Ərdoğan qalib gələrsə, demək, ABŞ-ın təzyiq və təhdidləri səmərəsiz oldu. Bu, həm də Türkiyənin Yeni Dünya düzənində aparıcı ölkə kimi statusunu və seçimini müəyyən edərək, dünya siyasətinin həlledici dönüş nöqtəsi olacaq”.(“Yeni Müsavat”)


Tarix: 21-06-2018, 08:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}