Payızda parlament seçkisi olsa, müxalifət qatılarmı...


“Hakimiyyət daxilində aparılan xəfif təmizləmə əməliyyatı parlamentdə də keçirilməlidir”

Payızda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda yenidən məlumatlar yayılmaqdadır. Hakimiyyətə yaxın mənbələrdən verilən xəbərlərdə deyilir ki, noyabr ayında seçkilərin keçiriləcəyi istisna deyil. Milli Məclisdə hazırda 6 deputat yerinin boş qaldığını da nəzərə alsaq bütövlükdə növbədənkənar seçkilərə gedilməsi mümkün variantlardan biri sayılır.

Bəs müxalifət partiyaları payızda növbədənkənar parlament seçkilərin keçirilməsinin tərəfdarıdırmı? Seçki keçirilsə, iştirak etməyə hazırdırlarmı?

VİP sədri Əli Əliyev bildirdi ki, onun hesablamalarına görə iqtidar növbədənkənar parlament seçkiləri keçirəcək. Bunun geniş əlamətləri ortadadır: “Hakimiyyət daxilində aparılan xəfif təmizləmə əməliyyatı parlamentdə də keçirilməlidir. Belə olmasa, hökumətdə, icra hakimiyyətlərində, biznes menecmentində baş tutan əl dəyişikliyi mənasını itirər. Fikrimcə, seçkilər olacaq. Yəqin ki, seçkidə iştirak edəcəyik. Amma taktikamız fərqli olacaq. Zamanı yetişəndə bu  barədə danışacağıq. Çünki daxili müzakirələrdə bu məqamlar dəyərləndirilib”.

AĞ Partiyanın sədri Tural Abbaslı da hesab edir ki, növbədənkənar seçkilər keçirilə bilər: “Əslində növbədənkənar prezident seçkilərindən həmən sonra bu söhbətlər daha çox gündəmə gəlməyə başladı. Biz siyasi partiya olaraq zatən siyasətdə ola biləcək istənilən fors-majora hazır olmalıyıq. AĞ Partiya olaraq bizim ola biləsi növbədənkənar parlament seçkilərinə hazırlıqlarımız olub, biz bunu bu və ya digər formada davam etdiririk. Necəki növbədənkənar prezident seçkilərinə AĞ Partiya olaraq qatıldıq və lazımi səviyyədə iştirak etdiksə, eləcə də növbədənkənar parlament seçkilərinə qatılıb lazımi səviyyədə iştirak edəcəyik. Hesab edirəm ki, partiya rəhbərliyindəki siyasətçilər belə hallarda təşkilatçılıq edərək lazımi addımları ata biləcək təcrübə və bacarığa sahibdirlər. Onu da qeyd edim ki, heç bir halda AĞ Partiya olaraq seçkiləri boykot etmək fikrimiz yoxdur və boykotu çox zərərli siyasi gediş hesab edirik. Sonda onu da qeyd edim ki, hakimiyyət indiki parlamenti nə qədər tez istefaya göndərsə o qədər yaxşı olar. Ən azından parlamentin indiki tərkibi və bir çox deputatların mətbuatda işıqlanan bərbad fikirlərini göstərmək belə bir addıma tam əsas verir”.

ADP sədrinin birinci müavini Həsrət Rüstəmov isə qeyd etdi ki, yeni parlament formalaşdırılması lazımdır: “Seçkilər olarsa bizim iştirakımız məsələsinə gəlincə, bu məsələdə son qərar partiyanın rəhbər strukturlarındakı müzakirələrdən sonra veriləcək. Biz istənilən halda seçkidə iştirakın tərəfdarıyıq. Keçilən təcrübə göstərir ki, seçkilərdən imtina nə partiyaya, nə də xalqa heç bir fayda vermir. Bundan yalnız iqtidar qazanır. İştirak etdikdə isə xalqla iş aparmaq mümkün olur, seçkilərdəki pozuntular haqqında faktoloji əsaslar əldə edilir və sair. Elə hesab edirəm ki, parlament seçkilərində prezident seçkisindən fərqli olaraq daha çox siyasi təşkilat iştirak edəcək. Yəni boykotçular bu seçkiləri boykot etməyəcəklər. Çünki bu seçkidə nəzəri olaraq mandat əldə etmək imkanı 125 dəfə yüksəkdir. Yəni prezident mandatı birdir, parlament isə 125 yerdir”.

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu isə bildirdi ki, qanunvericiliklə parlament seçkiləri 2020-ci ildə olmalıdır:“Hazırda ölkə siyasi mühitində elə bir siyasi canlanma yoxdur. Belə vəziyyətdə ölkə həyatı üçün vacib olan parlament seçkisinə gedilməsi nə dərəcədə realdır bilmirəm. Əgər iqtidar 2020-ni gözləməyib seçkiyə gedərsə bu vəziyyətdə seçkidə iştirak edib-etməmək qərarını partiyamızın ali orqanlarında müzakirədən sonra verəcəyik”.

AMİP katibi Əli Orucov isə bildirdi ki, iqtidar dünyada, regionda və ölkədə gedən prosesləri düzgün analiz edərək mövcud reallıqları nəzərə alıb erkən parlament seçkilərinə getməlidir. İndiki tərkib zamanla və siyasi proseslərin gedişatı ilə nəinki ayaqlaşa bilmir, hətta sürətli dəyişikliklərə və inkişafa əngəl olur: “Parlament üzvlərinin böyük əksəriyyəti yorulub, iş əmsallarını itirib, müasir dövrün tələblərinə cavab verə bilmir. Hətta hərəkətləri, düşüncələri, fəaliyyətləri ilə cəmiyyətdəki narazılıqları daha da körükləyir, öz bəyanatları ilə qızışdırıcılıqla məşğul olurlar. Bu isə nəticə etibarı ilə qarşı duran düşərgələr arasında, eləcə də cəmiyyətdə gərginliyə rəvac verir.

Prezident seçkilərindən sonra yeni formalaşan kabinet gözləntiləri tam qarşılaya bilməsə də, bəzi kabinet üzvlərinin innovasiyaların tətbiqinə səy göstərdiyini görmək mümkündür. Lakin dövlət hakimiyyət qolları bütöv bir mexanizm kimi bir-birini tamamlaya bilmədiyindən dəyişikliklər və innovasiyaların tətbiqi çox ləng gedir. Eyni zamanda siyasi rəqabəti və mübarizəni küçələrdən, ölkə hüdudlarından kənardan yığışdırmaq üçün parlament seçkilərinə zərurət var. Əgər iqtidar payızda növbədənkənar parlament seçkilərinə getsə və bu seçkilərin demokratik və şəffaf keçirilməsinə nail olsa, həm özlərini, həm də Azərbaycanı gələcək təhlükələrdən və bizi gözləyən risklərdən xilas edə bilər. AMİP olaraq biz bütün seçkilərdə iştirak etmişik, seçkiləri də demokrtik inkişafın, bir çox problemlərin həllində mühüm vasitə hesab etmişik. Ona görə də partiyanın müvafiq qurumları seçki keçiriləcəksə buna olumlu münasibət bildirər".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Tarix: 23-06-2018, 09:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}