“NƏZARƏTSİZ ƏRAZİLƏRDƏN CİDDİ AXIN VAR...” - “Kim istəyir öpüşsün, əgər bizim işimiz keçirsə...”


II Qarabağ Müharibəsinin başa çatmasından təxminən 6 ay vaxt keçsə də, münaqişəylə bağlı həllini gözləyən xeyli sayda problemlər qalmaqdadır. Xankəndindəki separatçıların tör-töküntülərinin “lideri” Araik Arutyunyanın Moskvaya səfəri, rus sülhməramlılarının davranışları, o cümlədən 9 mayda Xankəndində parad keçirmək niyyəti, “İskəndər-M” raketləri ilə bağlı Rusiyanın məlum mövqeyi, daha doğrusu, mövqesizliyi və s. göstərir ki, baş verməkdə olan proseslər heç də birmənalı olaraq, xeyrimizə işləmir.
Bununla yanaşı, rəsmi Bakı da öz qətiyyətli mövqeyini ortaya qoymaqla Zəngəzur dəhlizinin açılmasında israr edir, əgər zərurət yaranarsa, buna güc yolu ilə nail olacağına dair mesajlar verir.
“AzPolitika.info” bu mövzu ətrafında Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovla söhbətləşib.
- Tofiq müəllim, hazırda Rusiya-Azərbaycan münasibətləri hansı mərhələdədir, ümumiyyətlə, bu münasibətləri necə qiymətləndirirsiniz?
- Münasibətlərin birmənalı olaraq yaxşı və ya pis vəziyyətdə olduğunu demək doğru olmazdı. Əvvəla, baxmaq lazımdır ki, hansı əsaslar var. Məsələn, Rusiyadan Ermənistana gedən iki silah dolu yük avtombilinin Gürcüstanda saxlanılmasının əsasında münasibətlərə qiymət vermək tələskənlik olardı. Müharibə zamanı demirəm, ondan əvvəl nə qədər yük avtomobilləri var idi? Mən deməzdim ki, indi olan münasibətlər digər dövrlərdə olan münasibətlərdən kəskin şəkildə pis və ya yaxşı mənada fərqlənir. Eyni münasibətlərdir, sadəcə, problemlər də var. Məsələn, “İskəndər-M” problemi var, hansı ki, biz bununla bağlı cavab gözləyirik. Əlbəttə, problemlər hər zaman olub. Demək istəmirəm ki, hər şey yaxşıdır. Ancaq məsələlərə praqmatik yanaşmaq lazımdır.
- 10 noyabrda imzalanan üçtərəfli razılaşmadan sonrakı dövrdə Rusiyanın fəaliyyətini qənaətbəxş sayırsınızmı?
- Buna cavab var. Ümumi yanaşdıqda görürük ki, bəzi məsələlərdə müsbət, bəzi məsələlərdə isə mənfi tendensiyalar olub. Müsbət tərəf itkisiz şəkildə ərazilərin azad edilməsi, sərhədin bərpasıdır. İndi təzə xəbərlər yayılır ki, Ermənistanın hərbi texnikası Laçın dəhlizindən çıxarılır. Yəni müsbət hallar mövcuddur.
Mənfi məsələlər də yox deyil. Rus sülhməramlıların Xankəndində parad keçirməsi xəbəri var, amma bununla bağlı aydınlıq yoxdur. Daha doğrusu, bu, parad deyil, bayram tədbiridir. Parad bir qədər ayrı şeydir.
- Azərbaycan Prezidenti çıxışlarında daim Zəngəzur dəhlizi məsələsinə vurğu edir, onun açılmasının vacibliyini bildirir, açıq elan edir ki, erməni tərəfi razılaşmaya əməl etməsə, onu buna məcbur edəcəyik. Sizcə, Prezidentin bu çıxışları nəyə işarədir?
- Zəngəzur dəhlizinin açılmasında bizdən başqa Rusiya və İran da maraqlı tərəf kimi çıxış edir. Onlar da istəyirlər ki, Şimal-Cənub dəhlizi daha fəal və işlək olsun. Azərbaycan da bunu istəyir. Əslində, bu da prosesin bir hissəsidir. Azərbaycan tərəfi bunu bəyan edərkən, sözsüz ki, Türkiyə və Rusiya tərəfinin də dəstəyini nəzərdə tutur. Əlbəttə, bu dəhliz bizim üçün olduqca vacibdir. Aydındır ki, Naxçıvanla əlaqələrin bərpası bizə lazımdır.
İkincisi, Türkiyə ilə ikinci yolla əlaqə yaratmaq maraqlarımıza tam uyğundur. Eyni zamanda görürük ki, Rusiya və İran da bunda maraqlıdır.
- Bəs Ermənistan?
- Ehtimal edirəm ki, İran və Rusiyanın belə bir bağlantı imkanına malik olması Qərbin narahatçılığına səbəb olub. Ermənistanın belə mövqe göstərməsinin arxasında İrana qarşı siyasət olduğunu da istisna etməzdim. Ermənistan bunu özbaşına demir. Əslində, onların daim şikayət etdiyi problemlərdən biri illərlə blokadada saxlanmaları olub. İndi bunun aradan qaldırılması ərəfəsində Ermənistan razılıq vermir. Bəlkə də burada ermənilərin öz mövqelərindən başqa hansısa qüvvələrin maraqları var. Məncə, burada Rusiya və İran əlaqələrinin qarşısına çıxan qüvvələr var. Biz bunu görməliyik.
- Qərbi nəzərdə tutursunuz?
- Sözsüz. Baxın, ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti ilə telefon danışığı zamanı qeyd edib ki, 3+3 tərəfdaşlıq platforması maraqlı fikirdir. İndiki mərhələdə biz hansısa hadisəni götürdükdə anlamalıyıq ki, müharibədən sonra bir çox faktorlar dəyişib və xarici oyunçular bu faktorları tam dəyərləndirmək baxımından mövqeyini ifadə etməyib. Bu, həm ABŞ-a, həm də Rusiyaya aiddir. Bu baxımdan indiki mərhələdə mənzərəni tam şəkildə görməmək, məsələn, hər şeyi unudub, ayrıca bir məsələni şərh etməklə vəziyyətə aydın qiymət vermək olmaz.
Nəzərə almaq lazımdır ki, qlobal proseslər baş verir. Status-kvo tam şəkildə dəyişib. Əgər belədirsə, deməli mövqelər də fərqlənməlidir. Mən hesab etmirəm ki, biz birmənalı olaraq özümüzə model seçərək ya Qərbin, ya da Rusiyanın tərəfində olmalıyıq. Hər bir məsələdə biz öz xeyrimizi gözləməliyik. Azərbaycanda qərbpərəst, ruspərəst və digər pərəstlər olmamalıdır, Azərbaycanpərəstlər olmalıdır. Mənim mövqeyim belədir. Bizim üçün harada xeyir var, ondan dividend götürməliyik.
- Demək istəyirsiniz ki, Rusiya ilə maraqlarımız üst-üstə düşəndə onunla, Qərblə uyğun gələndə isə Avropa və ABŞ-la bir olmalıyıq...
- Bəli, bu yeganə siyasətdir. Əgər belə olmasaydı, müharibə zamanı Rusiyanın ən azı neytral mövqe saxlamasına nail ola bilməzdik. Ən azından ermənilər müharibə zamanı Rusiyadan istədikləri dəstəyi almayıblar. Əgər belədirsə, bu, bizim siyasətin nəticəsidir, üstəlik, Rusiyada ermənilərin nüfuzunu neytrallaşdırmaq çətin məsələ idi. Biz buna nail olduq və həm də xeyrini gördük. İndi bu siyasəti davam etdirmək lazımdır. Onsuz da maraqlar həm Rusiya səhnəsində toqquşur, həm Qərbdə, həm də digər səhnələrdə. Gördüyünüz kimi, ermənipərəst qüvvələr ABŞ Prezidenti Co Baydenin saxta “erməni soyqrımı”na dair bəyanat verməsinə nail oldu. Hansısa mərhələdə biz elə etməliyik ki, Bayden bizim xeyrimizə bəyanat versin. Bir sözlə, bu, real siyasi prosesdir.
Sevindiricidir ki, bir sıra hallarda hadisələr bizim xeyrimizədir. Bunu da açıq deməliyik. Türkiyənin burada aktiv rol oynaması bizə xeyirdir. Buna qədər Türkiyə-Rusiya qarşıdurması əslində bizə heç bir xeyir gətirməyib. Amma indi onlar həm maraqlarını ortaya qoymaqla, həm də dil tapmaqla bizim üçün faydalı elementlər yaradırlar. Müharibə də bunu göstərdi. Mən bir daha qeyd edirəm ki, parad məsələsi və yaxud “Araik Muradovu öpdü” kimi hallardan tutub prosesi təktərəfli qiymətləndirmək sadəlöhv yanaşmadır. Kim istəyir öpüşsün, əgər bizim işimiz keçirsə, səhərdən-axşama qədər öpüşsünlər.
- Araik Arutyunyan Moskvaya səfər etdi və orada danışıqlar apardı, Xankəndində, sizin də xatırlatdığınız kimi, sülhməramlıların hərbi parad keçirəcəyinə dair xəbərlər yayılır, digər tərəfdən isə Ermənistan ordusunun texnikasının ərazidən çıxarıldığı haqda iddialar səsləndirilir. Bütün bunları nəzərə almaqla, separatçıların nəzarətində olan ərazilərdə hansı proseslərin getdiyini düşünürsünüz?
- Biz başa düşməliyik ki, münaqişənin davamlı olması üçün orada konflikt elementləri olmalıdır. Məsələn, əhalinin sayı. Bu, olduqca vacib elementdir. Münaqişənin davamı üçün Rusiya tərəfi deyir ki, 50 min erməni Xankəndi və digər ərazilərə qayıdıb. BMT isə 25 min erməninin qayıtdığını elan edir. Birbaşa görürük ki, Rusiya oraya qayıdan ermənilər faktorunu şişirtmək istəyir. Bilməliyik ki, bu münaqişəni bizə qarşı kimlər və nə üçün istifadə edir. Regiondan uzaqda olan qüvvələr burada qarşıdurmanın olmasında və bundan istifadə edərək regionu idarə etməkdə maraqlıdır. Bu səbəbdən də bəzi addımlar ermənilərin xeyrinə atılır, bəzi addımların isə ermənilər bizim xeyrimizə atıldığını deyirlər. Bu, konflikt menecmentliyidir və əslində, çoxdan bəlli olan məsələdir. Məncə, indi Azərbaycan ictimaiyyətini maraqlandıran məsələlər var. Bəli, biri parad haqda deyilənlərdir. Bunun da həlli yolları var. Mən təklif edirəm ki, əgər orada parad keçiriləcəksə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri də həmin paradda iştirak etsin. Çünki 9 may həm də Azərbaycanda bayram kimi qeyd edilir və s. Amma mənə görə, bu gün əsas məsələlərdən biri Ermənistan ordusunun texnikasının həmin bölgədən çıxarılmasıdır. Azərbaycan ərazisində heç bir işğalçı ordu bölməsi qalmamalıdır. Qənaətimcə, bu proses artıq gedir.
- Yaxın gələcəkdə nəzarətimizdə olmayan ərazilərimizlə bağlı hansısa irəliləyiş əldə etməyimiz üçün şərait olduğunu düşünürsünüzmü?
- Biz, istərdik ki, qısa müddətdə problemlərin çoxu həll edilsin. Ancaq görürük ki, müxtəlif oyunçular var və onların da məqsədləri fərqlidir. Hesab edirəm ki, əsas məsələ həll edilib. Ermənistanın orada iştirakı olmasa, anneksiya siyasəti mümkün deyil. Ermənistan sərhədin o başındadır və bu baxımdan separatçı meylləri idarə etmə mexanizmlərindən addım-addım məhrum olunur. Bu, vacib tendensiyadr. Hesab edirəm ki, bu tendensiya daha da güclənəcək. İkinci hissə ondan ibarətdir ki, problem Azərbaycan daxilində həll edilməlidir. 
- Söhbət hansı problemdən gedir?
- Ermənilərin Azərbaycan dövlətinə reinteqrasiyasını nəzərdə tuturam. Axı, biz bəyan etmişik ki, kim arzulayırsa və cinayəti olmayıbsa, Azərbaycan vətəndaşlığı bərpa oluna bilər. Kim istərmirsə, əraziləri tərk edəcək. Məncə, bu təbii proses artıq baş verib. Bizdə olan məlumata görə, nəzarətsiz ərazilərdən ciddi axın var. İnsanlar oturub düşünürlər ki, tez və ya gec, burada hakimiyyət və qanunlar Azərbaycanın digər ərazilərindəki kimi olacaq. Hansısa erməni düşünür ki, bu ona sərf edir. Başqası isə ehtimal edir ki, bunun gələcəyi yoxdur, odur ki, çıxıb gedim. Yəni bu proseslər təbii şəkildə baş verir, lakin reinteqrasiya prosesi qısa proses deyil. Əgər biz o əraziləri güc vasitəsilə götürsəydik ittiham edib deyəcəkdilər ki, siz də ermənilər kimi etnik təmizləməyə yol verdiniz. Yəni tənqidlərə, təzyiqlərə məruz qalacaqdıq. İndisə bu proses təbii şəkildə gedir. Bu, asan proses deyil, həm vaxt tələb edir, həm də siyasi iradə və bacarıq. Birinci mərhələ bitməkdədir. Ermənistan ordusu darmadağın edilib və o, Azərbaycan ərazilərini tam şəkildə tərk edəcək. 
İkinci mərhələ nədən ibarət olacaq? Orada olan yerli təhlükəsizlik, hüquq-mühafizə orqanları addım-addım bizim Konstitusiyamızda nəzərdə tutulan orqanlarla əvəzlənməlidir. Bu da asan deyil. Belə işləri bir günə həll etmək mümkün deyil. Odur ki, bu proses də addım-addım gedəcək. Təbii ki, bu proseslərdə əsas məsələ orada yaşayan insanların hansı seçimi etməsidir - ya Azərbaycan dövlətində yaşayacaqsan, ya da çıxıb gedəcəksən. Üçüncü yol yoxdur. 
Tarix: 4-05-2021, 11:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}