Azərbaycan Gürcüstanla quru sərhədini niyə açmır? - AZAL MONOPOLİYASI...


Gürcüstan iyunun 1-dən Azərbaycan və digər ölkələrlə quru sərhədlərini açıb. Baş nazir İrakli Qaribaşvilinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası mayın 25-də bu barədə qərar qəbul edib. Lakin hələlik Azərbaycan öz quru sərhədini Gürcüstanın üzünə açmağa tələsmir. Qonşu ölkəyə gediş-gəliş yalnız hava yolu vasitəsilə həyata keçirilir. Bu isə xüsusən gürcüstanlı Azərbaycan vətəndaşlarının, eləcə də Gürcüstan vətəndaşı olan soydaşlarımızın gediş-gəlişinə ciddi problem yaradır.

Bəs, Azərbaycan öz quru sərhədlərini nə zaman açacaq?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova “Press Klub”a açıqlamasında bildirdi ki, bununla bağlı Nazirlər Kabinetinin qərarı olmalıdır:

“Quru sərhəd-keçid məntəqələrinin açılması ilə bağlı Nazirlər Kabinetinin qərarı olmalıdır. Belə bir qərar olmayana qədər digər ölkələr sərhədlərini açsalar belə, biz avtobuslarımızı xidmətə göndərə bilmirik”.

N.Allahyarova qeyd etdi ki, sərhədlərin açılmasına dair quruma kütləvi vətəndaş müraciətləri daxil olmayıb:

“Yalnız sosial şəbəkələr üzərindən sual ünvanlanır. Lakin kollektiv olaraq bu barədə hər hansı müraciət daxil olmayıb”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov da bu barədə hər hansı rəsmi qərarın olmadığını söylədi.

“Borçalı” İctimai Birliyinin sədri, siyasətçi Zəlimxan Məmmədli “Press Klub”a bildirdi ki, artıq yeddi ildir Gürcüstana gedə bilmir:

“Getməmə səbəblərimdən biri qoyulan qadağalardır. İndi isə pandemiyanın yaratdığı vəziyyət üzündən gedə bilmirik. Hazırda turizm mövsümüdür. Azərbaycan sırf qazdan, neftdən asılı olmamalıdır və turizm gəlirlərini də artırmağa çalışmalıdır. Görünür, Azərbaycanda bu maraq yoxdur. Gürcüstan artıq 50-yə qədər dövlətlə sərhədlərini açıb”.

Z.Məmmədlinin fikrincə, Gürcüstanla gediş-gəlişi tənzimləyən müəyyən qaydalar olmalıdır:

“Təbii ki, mən Gürcüstanla sərhədlərin təcili açılmasını istəyərdim. Çünki həm burada, həm də Gürcüstanda pandemiya ilə əlaqədar ilişib qalan insanlar, bir-birini uzun zamandır görməyən ailələr var. Azərbaycan tərəfi Gürcüstanın addımına qarşılıq verməlidir və quru sərhədlərini açmalıdır”.

Respublikaçı Alternativ (REAL) Partiyasının icra katibi, əslən gürcüstanlı olan Natiq Cəfərli “Press Klub”a şərhində qeyd etdi ki, artıq quru sərhədlərini açmağın zamanı yetişib:

“Gürcüstan tərəfi bununla bağlı Azərbaycanla danışıqlar aparıb. Ölkəmizdə epidemioloji vəziyyət kifayət qədər sabitdir. Peyvənd olunanların sayı 3 milyona çatıb. Sərhədlərin açılması və yumşalmaların həyata keçirilməsi üçün münbit şərait var”.

Ekspertin fikrincə, Gürcüstanla quru sərhədinin açılması AZAL və “Buta”nın maraqlarına uyğun deyil:

“Çünki həmin ölkəyə kifayət qədər böyük tələb var. Yay mövsümündə gürcüstanlı vətəndaşlarımız Gürcüstanda yaşayan qohumlarını ziyarət etməyə və ya gedib oradakı evlərinə baş çəkməyə məcburdurlar. Quru sərhədinin bağlı olması həmin insanları hava yolundan istifadə etməyə məcbur edib. Təyyarə bileti isə çox bahadır. Nəticə etibarilə bu qədər tələbin olmasına baxmayaraq, hələ də Azərbaycan tərəfinin israrla quru sərhədini bağlı saxlaması AZAL və BUTA-nın maraqlarına uyğundur”.
Tarix: 25-06-2021, 09:14
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}