Üçlüyün arasındakı DÖRDÜNCÜ: - İrəvan zamanı uduzur


Avqustun 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı baş tutub. Liderlər arasında aparılan müzakirələrdə təkcə iki ölkə arasında yox, eyni zamanda Azərbaycanla da 3 tərəfli əməkdaşlığın inkişaf etdirilməsində hökumətlərin maraqlı olduğu elan olunub.

Qeyd edək ki, düz iki ay əvvəl də Türkiyə və Gürcüstan liderləri arasında Ankarada görüş baş tutmuşdu.

Tərəflərarası diplomatiya trafikinin artması isə, əməkdaşlığın gələcək perspektivləri ilə bağlı mühüm mesajlar verir.

Ümumilikdə, Türkiyə və Gürcüstan arasında münasibətlər uzun illərdir yüksək səviyyədə davam etməkdədir. Bunun məntiqi isbatı olaraq, rəsmi Ankara Tiflisin əsas ticari tərəfdaşı rolunu oynayır və tərəflər arasında ticarət dövriyyəsinin 3 milyard dollara çatdırılması planlaşdırılır. İki ölkə arasında əlaqələrin genişləndirilməsi prosesində isə Azərbaycanı diqqətdən uzaq qoymaq mümkün deyil. Belə ki, rəsmi Bakı hər iki ölkənin siyasi və iqtisadi cəhətdən əsas tərəfdaşlarından biridir.

Üç ölkə arasındakı bu yaxınlaşmanın isə regional inkişafa mühüm töhfələr verəcəyi aşikardır.

Birincisi, üçtərəfli əməkdaşlıq, tərəflər arasında ticarət dövriyyəsinin inkişafına səbəb olmaqla, iqtisadi inkişafa önəmli töhfələr verəcək. Çünki hər şeydən öncə dünya təcrübəsinə, nəzər salsaq regional əməkdaşlığın iqtisadi inkişafın əsas katalizatoru olduğunu görə bilərik. Xüsusilə də, Avropa Birliyi və ASEAN kimi təşkilatların uğurlu təcrübəsi, sözügedən iddiaya ən yaxşı örnək ola bilər.

İkincisi, bölgənin logistik əhəmiyyəti tərəflərarası iş birliyini labüd etməkdədir. Belə ki, Çin-Avropa ticarət dövriyyəsinin artımı sözügedən istiqamətdə yük daşımalarının önəmli dərəcədə artmasına səbəb olub. Bununla da, Azərbaycan-Gürcüstan-Türkiyə marşrutunun önəmi birə-beş artıb. Eyni zamanda Zəngəzur dəhizinin açılması məsələsinin gündəmdə olduğunu diqqətə alarsaq, Tiflis üçün tranzit gəlirlərini qorumaqda Türkiyə və Azərbaycanla əməkdaşlığı davam etdirməyə olan ehtiyacını nəzərdən qaçırmaq olmaz.

Üçüncüsü, regiona xarici təsirlərin artdığı bir vaxtda 3 ölkənin birgə fəaliyyəti, kənar təzyiqlərə qarşı mübarizədə böyük fayda verəcək. Sözügedən əməkdaşlıq, xüsusilə də, son dönəmlərdə, Qərbin həm Azərbaycana, həm Türkiyəyə, həm də Gürcüstana qarşı yeritdiyi pozuculuq siyasətinə qarşı hər üç aktorun birlik nümayiş etdirməsi nöqteyi-nəzərindən mühüm addım hesab oluna bilər.

Unudulmuş Ermənistan

Xatırladaq ki, iyunun 1-də tərəflər arasında görüş zamanı Türkiyə lideri tərəfindən Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli əməkdaşlıq formatında rəsmi Ankaranın maraqlı olduğu qeyd olunmuşdu. Lakin bu dəfə rəsmi İrəvan diqqətdən kənar saxlanılıb. Bunun əsas günahkarı isə elə Ermənistan hakimiyyətinin özüdür. Belə ki, edilən təkliflərə məhəl qoymuyaraq, əməkdaşlıqadan boyun qaçırmaq üçün hər yola əl atan rəsmi İrəvanın bölgədəki proseslərdən kənarda saxlanılması heç də təəccüblü qarşılanmamalıdır.

Belə görünür ki, Ermənistanın özünütəcrid və diasporanın pulları ilə hazıra nazir siyasəti fonunda üçtərəfli əməkdaşlığın inkişafı qaçılmaz görünür.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında əlaqələrin inkişafı yeni formata başqa aktorların da maraq göstərməsinə səbəb olacaq. Xüsusilə də, hər üç ölkə ilə uğurlu münasibətlərə sahib olan Ukrayna, Moldova, Ruminya və bir sıra Orta Asiya ölkələri də əməkdaşlığa can ata biləcək namizədlər sırasındadır. Nəticədə isə Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı yeni əməkdaşlıq formatı dünyada rəqabətədavamlı yeni iqtisadi birliyin ilkin təməli ola bilər.

Murad Əhmədov, Bizim.Media
Tarix: 2-08-2021, 22:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}