Spikerdən... “yüksək pilotaj”

Sahibə QafarovaSahibə Qafarova

Milli Məclisin sədri Sahibə Qafarovanı tanıyırsınız; Rusiya xarici işlər naziri Sergey Lavrovu görəndə ayağa qalxan xanım. Ölkəsinin üçüncü vəzifəsini Rusiyanın bir nazirindən çox aşağı tutan şəxs. Ki, bu da təəccüblü deyil; Sahibə Qafarova bu posta hardan gəldiyini unutmur. Bəli, bəli! Düz xatırladınız - Slavyan Universitetindən gəlib. Rusiyanın ölü xarici işlər nazirinə sərgi həsr edən adam dirisini görəndə niyə ayağa durmasın ki?!

Deyir: “Deputat özünü heç kəsdən üstün tutmamalıdır”.
Tamamilə düz deyir. Spikeri yad nazirin qarşısında əsas duruşa keçən deputat özünü kimdən üstün sayar ki?! Sözün ciddi mənasında, əlbəttə, deputat özünü seçicisindən üstün saymamalıdır; onun qarşısında hesabatlı olmalıdır. Ancaq deputat onu seçənin qarşısında hesabatlı deyil də, onu siyahıya salıb təyin edənin qarşısında gözükölgəlidirsə...
Sahibə Qafarova deməli idi ki, deputat özünü qanundan üstün saymamalıdır. “Heç kəsdən” nə deməkdir?! Bu ölkədə kimsə kimdənsə üstündür və ya aşağıdır?! Milli Məclisin sədrinin yerində olmadığı elə bu ifadəsindən görünür.
Yaxşı, üstündürsə, niyə hətta icra başçıları deputatların zənglərinə, sorğularına belə cavab vermir (Əvvəlki iclaslarda dəfələrlə deputatlar bundan şikayətləniblər). Deputatın üstün olduğu məqamları da, üstün olmadığı halları da qanun müəyyən edir; kimdən nəyi, necə, hansı qaydada tələb edə bilər? Nə edə bilər? Nə edə bilməz? Bunlar hamısı Konstitusiya ilə, qanunlarla, Milli Məclisin daxili nizamnaməsi ilə tənzimlənir. Deputatın, məsələn, qanunvericilik təşəbbüsü hüququ onun üstünlüyüdür. Bu, energetika mühəndisində yoxdur. Heç Xaçmaz polisinin inspektorunda da. Ancaq bu hüququn da öz çərçivələri var. Qanunvericilik səlahiyyətləri polis nəfərinə və ya başqa şəxslərə fiziki güc tətbiq etməyə aid deyil. Fiziki güc tətbiqi, bəli, güc strukturlarına verilib (adı üstündə). O da yenə də qanunla bəlirlənmiş çərçivədə.
Ancaq, görünür ki, Milli Məclisdə “çərçivə” sözünü başqa mənalarda başa düşüblər. Yoxsa Sahibə Qafarova aşağıda oxuyacağınız sözü dilə gətirməzdi:
“Ötən il yarım ərzində parlamentin fəaliyyətini dövlət başçısının çıxışındakı tövsiyələr əsasında qurmuşuq...”
Bu nə deməkdir? Bu o deməkdir ki, Milli Məclisin özündən, sədrindən heç bir təşəbbüs, ideya gəlməyib. Parlamentin fəaliyyətini yalnız dövlət başçısının tövsiyələri əsasında quracaqsınızsa, özünüz ortaya bir təklif, bir konseptual yanaşma qoya bilməmisinizsə, onda kimə lazımsınız?! Monteskyö indi öz qəbrində salto vurur; qanunverici orqan ali icra orqanından gələn direktivlərdən kənara çıxa bilmirsə, yaxud hansısa bir yenilik gətirmirsə, onda bu “parlament” elə buraxılsa, yaxşıdır. Axır vaxtlar da elə bu haqda söhbətlər gedir. Yaxşı, Prezidentin tövsiyələri əsasında işləyirsiniz. Nəzərə alaq ki, Prezident həm də parlamentdəki çoxluğun mənsub olduğu siyasi partiyanın sədridirsə, Sahibə Qafarovanın bu dediklərini ora yozub anlamağa çalışarıq (partiyanın xətti var, o xətlə gedilib). Ancaq bəs onda hanı bu deputat korpusunun dövlət başçısına real köməyi?! Onların da əvəzindən Prezident işləyəcəksə, onda niyə təyin edilib oturublar orda?!
Və nəhayət, Sahibə Qafarovanın çıxışında kulminasiya: o deyir ki, Prezident İlham Əliyevin idarə etdiyi ölkədə deputat olmaq daha böyük şərəfdir. Siyasi məddahlıqda “yüksək pilotaj” buna deyirlər. Deputat olmaq hər ölkədə, hər zaman böyük şərəfdir. Ancaq o şərtlə ki, deputat özünün də, dövlətinin də şərəfini qorusun. Hamıdan əvvəl də seçicisinin. Sahibə Qafarovanın bu sözlərində, bəli, bir ehtiram ifadəsi var – bu, aydındır. Ancaq burda həm də hər vəziyyətdə ölkənin bütün məsuliyyətini bir nəfərə yönləndirmək, bütün yükü təkcə Ali İcra Hakimiyyətinin üzərinə atmaq cəhdi də var.
Deyir: “Düşünürəm ki...” Düşündüyü budursa, deməli, heç nə düşünməyib.
Bizimyol.info
Tarix: 3-08-2021, 22:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}